Rəssamların qrafik hekayələri

Təsviri sənətin bir növü olan qrafikanın qədim tarixi var. Azərbaycanda bu sənətin ilk nümunələrinə Qobustan qaya rəsmlərində rast gəlmək olar. Əsrlər ötdükcə bu sənət növü daha da təkmilləşib. Vaxtilə daha çox ağ-qara xətlərdən çəkilən qrafik əsərlərdə indi müxtəlif rənglərdən istifadə olunur.

 

Gazelli Art House qalereyası Qrafik hekayələr adlı sərgi ilə sənətsevərləri bir araya gətirib. Burada nümayiş olunan əsərlərdə sənətkarlar həm mücərrəd, həm də fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzulara toxunublar.

 

Xalq rəssamı Arif Hüseynov, fırça ustaları Tərlan Qorçu, Zöhrab Salamzadə və Fidan Hümbətli dünyaya öz prizmalarından baxaraq düşüncə və hisslərini yaratdıqları qrafik əsərlərə köçürüblər.

 

Sərgidə gənc rəssamlarla bir yerdə iştirak etməyin çox maraqlı olduğunu söyləyən Arif Hüseynov deyib: Gənclərin fikirlərini eşitmək mənə xoş təsir bağışlayır. Burada sənətdə çəkdiyim ilk iki əsərim sərgilənir. Bunları 40 il öncə Rəsul Rzanın Vaxt varkən şeirlər kitabından bəhrələnib yaratmışdım. Sevindirici hal odur ki, gənc yaşımda çəkdiyim bu əsərlər öz təravətini hələ də saxlayıb.

 

Gənc rəssam Fidan Hümbətli uşaqlıqdan qədim yunan mifologiyasına maraq göstərib. Ona ilham verən qədim sənətkarlar, keramika ilə məşğul olan rəssamların əsərləridir: Qara və qırmızı rənglərdən istifadə edərək Troya atını yaratmışam. Onillik nəticəsiz müharibədən sonra yunanlar Troya şəhərinə taxtadan düzəldilmiş at hədiyyə göndəriblər. Bəxşişin içərisi isə şəhəri zəbt etmək üçün göndərilmiş əsgərlərlə dolu olub. Mənim hazırladığım bu hekayə də onu göstərir ki, həyatda heç nə xaricdən göründüyü kimi deyil.

 

Yaradıcılığında dərvişlərə və yuxulara geniş yer ayıran Zöhrab Salamzadənin sərgidə dörd əl işi yer alıb. Gənc rəssam söyləyir ki, çəkdiyi rəsmlərin mövzularını tarixdən və dindən götürür: Özüm rəngkar olsam da, qrafika ilə rəngkarlığı birləşdirmişəm. Burada sərgilənən tablolarda dərvişlər və onlar haqda təsəvvürləri kağıza köçürmüşəm. Məsələn, bir tabloda yaqut daşlarından söhbət gedir. Bildiyiniz kimi, nar cənnət meyvəsidir. Dərviş yaquta bənzər narları dənələyir və kəşkülün içərisinə yığır. Sanki dəyərli bir yaqut kimi....

 

Vaxtını səmərəli keçirmək və ruhunu rəngarəng gözəlliklərlə qidalandırmaq istəyənlər iyunun 1-dək Qrafik hekayələr sərgisini ziyarət edə bilər.

 

 

Mədəniyyət.- 2021.- 5 may.- S.1;5.