İgid oğul dayısına çəkər...

 

Deyirlər, həyat nə istədiyimiz yerdən başlar, nə də istədiyimiz yerdə bitər. Həyat sınanmadığımız yerdən başlar, hesab verəcəyimiz yerdə bitər. Onların hesab verəcəyi yer isə şəhidlik zirvəsi oldu.

 

Bu zirvəyə yüksəlmək hər kəsə qismət olmur. 44 günlük Vətən müharibəsində şəhadət şərbətini içənlərdən biriMuraz Məhərlidir.

 

Muraz Baxşalı oğlu Məhərli 21 dekabr 1993-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub. Kənd tam orta məktəbində təhsil aldıqdan sonra hərbi xidmətə yollanır. N saylı hərbi hissədə xidmət edir. O, hərbçi kimi xidmətini davam etdirmək istəyirdi. Bu istəklə 2016-cı ildə Daxili Qoşunların Zaqatalada yerləşən hərbi hissəsində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayır. Xidmətində məsuliyyəti, nizam-intizamı ilə seçilir.

 

Ulularımız igid oğul dayısına çəkər, deyiblər. Muraz da uşaqlıqdan Birinci Qarabağ müharibəsi iştirakçısı, Qubadlı, Füzuli, Kəlbəcər, Goranboy və Tərtər rayonlarında qaynar döyüşlərdə iştirak etmiş dayısı – Azərbaycanın Milli Qəhrəmanı Fariz Mədətov kimi erməni vandallarından torpaqlarımızı azad etmək istəyirdi.

 

2020-ci ilin 27 sentyabrında Qarabağ müharibəsi başlayanda Muraz da döyüşlərə qatılır. Döyüşçü yoldaşları ilə Tərtərin Çaylı kəndi istiqamətində iki strateji əhəmiyyətli postu düşməndən təmizləyirlər. Vətən uğrunda savaşın elə ilk günündə düşmənin snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalır.

 

Anası Nahidə Həsənova: “Muraz uşaqlıqdan sakit təbiətli olsa da, vətənpərvər idi. Orta məktəbdə yaxşı oxuyub. Uşaqlıqdan hərbçi olmaq istədiyinə görə biz onu başqa sənətə yönəldə bilmədik. Ermənilərin torpaqlarımızı işğal etməsiylə heç cür barışmırdı. Həmişə mənə və rəhmətlik atasına deyirdi ki, müharibə başlasa, mən də gedəcəm. Dayımın davamçısı olacam. Torpaqlarımızı geri qaytaranacan döyüşəcəm. Müharibənin ilk günündən döyüşə qatıldı. Oğlum dediyini etdi, torpaqlarımız uğrunda döyüşüb şəhidlik zirvəsinə ucaldı. Bütün şəhid analarına səbir diləyirəm, başlarını uca tutsunlar. Onlar bizim yolumuzda, Vətən uğrunda şəhid oldular. Təki Vətən sağ olsun”.

 

Qardaşı Elçin Məhərli deyir ki, Muraz sentyabrın 22-si gecə saatlarında hərbçi dostu ilə birgə birgünlük evlərinə gəlib: “Sanki o zaman ürəyinə dammışdı ki, bizimlə axırıncı görüşüdür. Gedəndə isə bizə dedi ki, özünüzdən muğayat olun. Qardaşım son dəfə sosial şəbəkədə də çavuş yoldaşlarıyla birgə yemək masasındakı fotosunu paylaşaraq “Bəlkə də qardaşlarımla son masamızdır. Bəlkə də bu gün bir daha mənə qismət olmayacaq”, - deyə qeyd etmişdi. Elə də oldu... Mən qardaşımla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Dayısı, Milli Qəhrəman Fariz Mədətov: “Muraz Vətəni canından artıq sevirdi. Mənimlə danışanda hər dəfə söhbəti müharibəyə, döyüşə gətirib çıxarardı. Ümumiyyətlə, uşaqlıqdan müharibədən düşən söhbətlərə maraqla qulaq asardı. Həmişə deyərdi ki, dayı, mən də sənin kimi olacağam, Vətənimiz uğrunda vuruşacağam. Torpaqlarımızı geri qaytaracağam. O, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə qovuşdu. O, mənim, doğmalarının, döyüş yoldaşlarının, xalqımızın yaddaşında cəsur, mübariz kimi əbədi yaşayacaq. Allah rəhmət eləsin”.

 

Muraz Salahlı kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

Səbinə ƏLİBALAQIZI

 

Mədəniyyət.- 2021.- 5 may.- S.6.