Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə konsert təşkil olunub

 

Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə onlayn canlı bağlantı və konsert keçirilib.

 

BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova iştirakçıları salamlayaraq konserti açıq elan edib. O, akademiyanın 100 illiyi münasibətilə silsilə tədbirlərin keçiriləcəyini qeyd edib, konsertin isə bu tədbirlərin ilki olduğunu vurğulayıb.

 

Sankt-Peterburq Dövlət Konservatoriyasının şöbə müdiri Regina Qlazunova tədbirə qatılanlara xoş arzularını bildirib.

 

Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru, Rusiyanın Əməkdar artisti, professor Aleksey Vasilyev və Azərbaycanın və SSRİ-nin Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli iki qonşu ölkələrin bir-birinin mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını vurğulayıblar.

 

Aleksey Vasilyev Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təbrik sözlərini  çatdıraraq, bir əsr boyu bu təhsil ocağının dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini qeyd edərək, kollektivə uğurlar arzulayıb.

 

F.Bədəlbəyli də xoş sözlərə və təbriklərə görə Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoruna və kollektivinə dərin təşəkkürlərini bildirib. O, görkəmli bəstəkar, musiqişünas alim, ictimai xadim Üzeyir Hacıbəylinin Sankt-Peterburq Konservatoriyasında təhsil aldığını, dahi bəstəkar Qara Qarayevin baletlərinin Sankt-Peterburq Teatrında səhnəyə qoyulmasını qeyd edib.

 

Sonra söz musiqiyə verilib. Konsertin l hissəsində Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri, ll hissəsində isə BMA-nın tələbələri çıxış ediblər. Azərbaycan, Rusiyabaşqa  ölkələrin bəstəkarlarının əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2021.- 5 may.- S.5.