Bütün türk ellərinin söz səngəri...

 

 

Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar var ki, onların qələmə aldığı əsərlər təkcə öz xalqının deyil, digər xalqların da mənəvi yüksəlişinə təsir göstərərək müəllifinin adını şərəflə yaşadıb. Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai də belə söz sənətkarlarındandır. Böyük Azərbaycan şairi Nizami Gəncəvi ədəbi məktəbinin tanınmış davamçılarından olan Nəvai şeir mədəniyyətini elə yüksək səviyyəyə qaldırıb ki, XV əsrədək, ondan sonra da özbək şeiri bu zirvəni fəth edə bilməyib.

 

Nizaməddin Mir Əlişir Nəvai 1441-ci il fevralın 9-da Heratda (indiki Əfqanıstan ərazisi) Teymurilər sarayına yaxın zadəgan ailəsində anadan olub. Təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində alıb. Kiçik yaşlarından özbək və fars dillərində şeirlər yazıb, 15 yaşında şair kimi tanınıb.

 

Qeyd edək ki, Əlişir Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur Hüseyn Baykaranın atası Əmir Qiyasəddin Mənsurla süd qardaşı olub. Bu səbəbdən də onların uşaqları bir yerdə böyüyüb və məktəbdə birgə oxuyublar. 1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara hakimiyyətə gəldikdən sonra Nəvai möhürdar təyin olunub. 1472-ci ildə vəzir rütbəsinə yüksələrək əmir titulu alıb.

 

Nəvai dövlət adamı kimi dövrünün alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə edib, öz hesabına mədrəsə və xəstəxanalar açıb, yollar, körpülər saldırıb, karvansaralar tikdirib, sarayda sadə xalqın müdafiəçisi kimi tanınıb. Lakin onun bu nəcib işləri irticaçı dairələrdə narazılıq doğurub, onlar şair haqqında böhtaniftiralar yayıblar. Buna görə də 1476-cı ildə Nəvai vəzirlikdən imtina edib. 1487-ci ildə Astrabad vilayətinə rəhbər göndərilib. Lakin bir il sonra Herata qayıdaraq ömrünün sonunadək yaradıcılıqla məşğul olub. Nəvai 1501-ci il yanvarın 3-də Heratda vəfat edib.

 

***

 

Zəngin ədəbi miras yaradan Əlişir Nəvai 6 divan bağlayıb. İlk şeirlərini “Bədaye ülbidayə” (1470) adlı divanında toplayıb, ikinci divanını “Nəvadir ül-nəhayə” (1476-1483) adlandırıb. 1498-1499-cu illərdə özbək dilində yazdığı lirik şeirlərinin “Çahar divan” adlanan 4 cilddə - “Qəraib üs-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadir ül-səvab” (“Gənclik nadirlikləri”), “Bədaiy ül-vəsət” (“Orta yaşın gözəllikləri”), “Fəvaid ül-kibar” (“Böyüklüyün faydaları”) toplanıb. Farsca qəzəlləri “Divani-Fani” adı ilə məşhurdur. Nəvai ədəbiyyat nəzəriyyəsinə, fəlsəfəyə, tarixə, dilə, musiqiyə aid elmi əsərlərin də müəllifidir.

 

Şair lirik şeirlərində insanın ictimai və mənəvi azadlığını tərənnüm edib, zülm və ədalətsizliyə, mövhumata qarşı çıxıb. Onun yaradıcılığının zirvəsi, sözsüz ki, “Xəmsə”dir. Bu əsərlərdə Nəvai dövrünün ictimai məsələlərindən bəhs edib. “Xəmsə”yə daxil olan “Möminlərin heyrəti”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi səyyarə”, “Səddi-İsgəndər” poemalarında şair insanpərvərlik ideyalarını daha dolğun şəkildə əks etdirib.

 

Şairin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqların ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi qiymətlidir. O, Nizami ədəbi məktəbinin davamçılarından biri kimi şöhrətlənib, Xaqani, Nizami və Nəsiminin əsərlərini dərindən öyrənib. Şair türkcə şeirlərini “Nəvai”, farsca əsərlərini isə “Fani” təxəllüsü ilə qələmə alıb. Qəzəl janrına xüsusi əhəmiyyət verən şairin 25 min beytə yaxın olan bu zəngin lirika xəzinəsi “Çar divan” (“Dörd divan”) adlanır.

 

Nəvai təkcə dahi söz ustası deyil, həm də böyük filosof olub. Əgər poeziya şairin canı və ürəyi idisə, fəlsəfə onun üçün sehrli bir meydan idi. Ona görə də şair yaradıcılığa başladıqda fikrini fəlsəfi cəhətdən əsaslandırmağı özünə müqəddəs borc hesab edirdi. Yunanıstan, Hindistan, Misir, Çin, İranOrta Asiyanın tarixi-mədəni zənginlərindən faydalanaraq yaradıcılığında geniş istifadə edib. Şair bunu təvazökarlıqla “Məcalisün-nəfais” əsərində də belə etiraf edirdi: “Biz dahi söz ustalarının zəmisindəki yerə tökülmüş sünbülləri yığırıq. Bəlkə heç ona da layiq deyilik...”.

 

***

 

Nəvai sonsuz bir məhəbbətlə sevdiyi ana dilini himayə edib, onun üstünlüklərini “Mühakimətül-lüğəteyn” adlı kitabında elmi dəlillərlə sübut edib, bu dildə gözəl əsərlər qələmə alıb. Onun “Xəzanül-məani” adlandırdığı və özbək dilində yaratdığı dörd divan bütün türk xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərib. Şair öz sənətkarlıq qüdrəti barədə belə yazıb:

 

İstərsə ola bir, istərsə min bir,

Bütün türk elləri ancaq mənimdir.

Xətadən başlayıb Xorasanadək,

Ellər fərmanımla ömür sürəcək.

Şiraz da, Təbriz də mənim yerimdir,

Orda şöhrətlənən söz səngərimdir...

 

Sözün doğrusunu deməyin hünər olduğunu bilən Nəvai sözün sehrinə böyük əhəmiyyət verib. Biz şairin əsərlərində buna dəfələrlə şahid ola bilərik, ancaq bunun bariz nümunəsi “Yeddi səyyarə” poemasında yer alıb. Əsərin girişində “Sözün tərifi” adlı ayrıca hissə var.

 

Özbək ədəbi dilinin banisi olan Nəvai təkcə mənsub olduğu xalqına deyil, eyni zamanda Orta əsrlər Şərq ədəbi düşüncəsinin humanist ideyalarla zənginləşməsinə mühüm töhfələr verib. Coşqun istedadlı şair iki il ərzində (1483-1485) “Xəmsə” yaratmaqla özünün poetik qüdrətini nümayiş etdirib.

 

Nəvainin ilk poeması “Heyrətül-əbrar” (“Möminlərin heyrəti”) adlanır və fəlsəfi-didaktik mahiyyət daşıyır. İyirmi fəsildən ibarət olan əsərin hər fəslində ibrətamiz bir hekayət nəql olunur. Poemada o dövrün mühüm ictimai problemlərinə toxunulur və cəmiyyətin müxtəlif təbəqələrinə mənsub adamların xarakterləri realistcəsinə təsvir edilir.

 

Şair ikinci poemasının mövzusunu Xosrov şahla gözəl Şirin arasındakı məhəbbətə dair Şərqdə geniş yayılmış əfsanədən alıb. Məlum olduğu kimi,  Nəvaiyə qədər bu əfsanəyə Firdovsi, Nizami və Dəhləvi də müraciət edib. Lakin Nəvai mövzunu tamam başqa səpkidə işləyib. Folklor materiallarına əsaslanan müəllif əsərinə Fərhadın əjdaha, şər rəmzi Əhrimən və Xosrov qoşunu ilə vuruşduğunu təsvir edən səhnələr daxil edib. Bu səhnələr Fərhadın nə qədər cəsur, igid və tədbirli olması barədə oxucuda canlı təsəvvür yaradır. Poemada Şirin sədaqətin, vəfanın, Şapur isə dostluğun, xeyirxahlığın rəmzi kimi təqdim olunur. Müəllifin müxtəlif ölkələri və xalqları təmsil edən qəhrəmanlar arasındakı dostluğu və bağlılığı xüsusilə nəzərə çarpdırmağa çalışması diqqəti çəkir. Gözəl keyfiyyətlərə malik olan bu nəcib insanlar haqq və ədalət uğrunda mübarizə aparır, zülmü, haqsızlığı ifşa edirlər.

 

Leyli və Məcnun arasında kədərli məhəbbətə dair Ərəbistanda yaranmış rəvayətə Şərqin bir çox böyük şairlərindən sonra Nəvai də müraciət edibbu ənənəvi mövzuda orijinal əsər yazıb. Bütün poema boyu şair belə bir ideyanı təlqin etməyə çalışır ki, insan ləyaqətinin mənəvi-əxlaqi keyfiyyətlər və istedadla yox, əmlakı, var-dövləti ilə müəyyən olunduğu bir cəmiyyətdə şəxsiyyət və məhəbbət azadlığından söhbət gedə bilməz. Saf, həqiqi məhəbbəti vəsf edən şair “Leyli və Məcnun” poemasında şəxsiyyət azadlığının, insan hüquqlarının gerçək müdafiəçisi kimi çıxış edir.

 

Nəvainin dördüncü – “Yeddi səyyarə” (“Yeddi ulduz”) poemasında İran şahı Bəhram və onun sevgilisi Dilaramdan söhbət açılır. Əsərdə həqiqi dostluq, sədaqət, qəhrəmanlıq, yaradıcılıq əzmi və haqq-ədalət kimi yüksək mənəvi-ictimai keyfiyyətlər ön planda tərənnüm edilir.

 

“Xəmsə”yə daxil olan sonuncu poema “Səddi-İsgəndər” adlanır. Bəllidir ki, Makedoniyalı İsgəndər haqqında istər Şərq, istərsə də Qərb ədəbiyyatında silsilə əsərlər yazılıb. Bu sırada dahi şair Nizami Gəncəvinin iki hissədən ibarət “İsgəndərnamə” poeması çox məşhurdur. “Səddi-İsgəndər” poemasında Nəvainin ictimai idealları insanpərvərlik prinsipləri əsasında cəmiyyətin yenidən qurula biləcəyinə inamı, qənaətləri daha dolğun əks olunub. Bu əsər feodal cəmiyyətində zülmün, haqsızlığın amansız ifşası, ittihamnaməsi, insan hüququnun və ləyaqətinin himni kimi səslənir. Nəvai təkcə humanist şair yox, həm də dövrünün görkəmli dövlət xadimi olduğundan bu mövzuya xüsusi diqqət yetirib və hadisələri adil hökmdar haqqında öz təsəvvürləri, mülahizələri baxımından işıqlandırıb. Əgər Nizami müdrik filosoflar əhatəsində olan İsgəndəri əsasən bir fateh kimi canlandırıbsa, Cami bu ideal hökmdar rəmzinin simasında ümumiyyətlə, fatehlik keyfiyyətlərini təsvir etmək istəməyibsə, Nəvai qəhrəmanın şəxsində hökmranlıq fəaliyyəti ilə müdrikliyi cəmləşdirib.

 

Qələmdir yel kimi sürətlə gedən,

Əzəldən yüksəkdir yeri fələkdən,

Vəhmin ədhəmindən daha tez çapar,

Onun Şəbdiz kimi bir surəti var.

 

Minmişdir üstünə şahanə barmaq,

Buğum belbağıdır, üzüdür dırnaq,

Quyruğunu edər çapanda ələm,

Ayağından etmiş başını qələm.

 

***

 

Nəvainin əsərləri müxtəlif xalqların dillərinə tərcümə edilib, haqqında elmi əsərlər yazılıb. Onun əsərlərinin əlyazmaları dünyanın məşhur kitabxanalarında mühafizə olunur. “Azərnəşr” 1948-ci ildə şairin “Fərhad Şirin” poemasının minacat nət hissələrini (ixtisarla), “Uşaqgəncnəşr” “Yeddi səyyarə” əsərindən parçaları Azərbaycan dilində oxuculara çatdırıb. Azərbaycan dilində yazılan ilk dərsliklərdə Nəvainin şeirləri çap olunub, tərcümeyi-halına yer verilib.

 

Şairin əsərlərinin süjetləri əsasında çoxlu musiqili (opera, balet s.), həyat yaradıcılığından bəhs edən bədii əsərlər (Aybəkin “Nəvai” romanı s.) yazılıb, haqqında bədii film (“Əlişir Nəvai”, 1948) çəkilib. Özbəkistanda Nəvai şəhəri şairin şərəfinə adlandırılıb. Orada şairin adına maarif mədəniyyət müəssisələri, ali məktəb küçə var. Görkəmli şairin yaradıcılığına ölkəmizdə böyük maraq var. Bakıda Nəvainin abidəsi ucaldılıb. 1968-ci ildə Nəvai irsinin tədqiqatçısı, görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslıya Özbəkistanın “Əməkdar elm xadimi” fəxri adı verilib.

 

Bəşəriyyətin yetişdirdiyi böyük dühalar milli sədlə, coğrafi ərazi ilə, zamanla məhdudlaşırlar. Onlar əsrdən-əsrə daha böyük qüdrət əzəmətlə yüksələrək bütün xalqlar arasında sevilirlər. Şərq şairlərindən birinin dediyi kimi, “Bütün canlılar ölür, bütün cansızlar – yəni elm, bədii söz, sənət isə əbədi yaşayır”. Nəvai irsi də belə əbədiyaşar xəzinədir.

 

Aynur TURAN

 

Mədəniyyət.- 2021.- 5 may.- S.6.