Nizami Gəncəvinin həyat və yaradıcılığının səhnə inikası

III yazı

 

Dahi Nizami Gəncəvinin yaradıcılığı ilə yanaşı həyat məqamları, dövrü, cəmiyyətə münasibəti də zaman-zaman ədəbi material kimi teatr səhnəsindən keçib. Nizami Gəncəvinin həyat və yaradıcılığının səhnə inikası silsiləsindən sonuncu yazıda bu barədə bəhs edəcəyik.

 

Ötən əsrin ortalarından başlayaraq ədiblərimiz Nizami dühasından ruhlanaraq onun keçdiyi zəngin həyat yolunu işıqlandıran və Xəmsə süjetlərini əks etdirən maraqlı bədii əsərlər qələmə alıblar. İlk olaraq qeyd edək ki, 1941-1945-ci illər müharibəsi zamanı arxa cəbhə ilə ön cəbhə arasında sıx əlaqə yaratmaq, ideoloji məramlarda geniş xalq kütləsinin dəstəyini qazanmaq dövrün ən aktual problemi kimi teatr və yaradıcı qüvvələrin qarşısında qoyulmuşdu.

 

Məhz bu vaxtlar tarixi şəxsiyyətlərə, ələlxüsus da Nizami Gəncəvi və onun müasirlərinə həsr olunmuş nümunələr meydana gəldi. Bu baxımdan 1942-ci ildə Mehdi Hüseyn tərəfindən yazılmış Nizami dramını xüsusi qeyd etməliyik. Yazıldığı ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə qoyulan bu tamaşa həmin dövrdə geniş müzakirəyə səbəb olmuşdu. Quruluşçu rejissoru Adil İsgəndərov, bədii tərtibatçısı Nüsrət Fətullayev, bəstəkarı Səid Rüstəmov, rəqslərinin quruluşçusu Leyla Bədirbəyli olan bu tamaşa uzun müddət sənət ocağının repertuarında qalıb.

 

Müəllifin tarixi-qəhrəmanlıq janrı kimi düşündüyü əsərdə Nizaminin gənc çağlarını görürük. Ədib əsərdə yadelli işğalçılara qarşı mübarizə və vətənpərvərlik hisslərini ön planda vermişdi. Əsər başqa teatrlarda da səhnəyə qoyulub. Bu sırada M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrındakı (indiki S.Rəhman adına Səki Dövlət Dram Teatrı) tamaşanı qeyd edə bilərik. 1942-ci ildə premyerası reallaşan səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Ağayev, rəssamı Sadıq Şərifzadə idi.

 

Əsərə Naxçıvan Dövlət Dram Teatrı da müraciət edib. 1943-cü ildə səhnəyə çıxan nümunəyə Səməd Mövləvi quruluş verib. Səhnə işinin rəssamı Şamil Qazıyev, musiqi tərtibatçısı Tapdıq Hüseynov olub.

 

Gəncə Dövlət Dram Teatrının repertuarında 1943-cü ilin 18 noyabrından görünməyə başlayan Nizamiyə quruluşu görkəmli rejissorumuz Mehdi Məmmədov verib. Tamaşanın rəssamı Süleyman Hacıyev, bəstəkarı Niyazi idi.

 

Tiflis Azərbaycan Teatrı isə 1944-cü ilin əvvəlində bu əsərə səhnəsində yer verdi. Tamaşanın quruluşçu rejissoru İbrahim İsfahanlı, rəssamı Ədhəm Sultanov olub.

 

***

 

Nizami irsi ilə yanaşı şairin həyatının fərqli məqamlarını fundamental musiqi vasitəsilə tamaşaçı ilə görüşdürən növbəti nümunə Nizami operası idi. Görkəmli bəstəkar və gözəl səhnə xadimi Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu (librettosu M.S.Ordubadinin) bu əsər bizi çoxçalarlı musiqi qanadlarında asanlıqla Nizami dövrünə apara bilir. 5 pərdəli, 6 şəkilli bu operanın səhnə taleyi də maraqlıdır. Əsərin I pərdəsi 1939-cu il dekabrın 13-də Bakı Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət OperaBalet Teatrının artistləri tərəfindən göstərilir. Operadan fraqmentlər 1939-1940-cı illərin konsert mövsümündə də səsləndirilir. Lakin müharibə onun premyerasını uzun müddətə təxirə salır.

 

Tamaşaçı bu zəngin səhnə işi ilə bütünlükdə yalnız 1948-ci ilin 12 dekabrında tanış olur. OperaBalet Teatrında gerçəkləşən premyera ilə Nizami obrazı ilk dəfə opera səhnəsində görünür. Nümunənin rejissoru İsmayıl Hidayətzadə, rəssamı Fyodor Qusak, dirijoru Əfrasiyab Bədəlbəyli idi.

 

Nizamiyə ithaf olunan, onu irihəcmli musiqi əsərlərinin baş qəhrəmanına çevirən əsərlərdən danışarkən böyük Fikrət Əmirovun Nizami baletiniqeyd etməliyik. 1984-cü ildə, bəstəkarın vəfatından sonra təqdim olunan üçpərdəli baletin librettosunu Nailə Nəzirova və Altay Məmmədov yazıb. Baletin quruluşçu xoreoqrafı Vadim Budarin, dirijoru Kazım Əliverdibəyov, rəssamları Toğrul Nərimanbəyov (dekorasiya), Tahir Tahirovdur (geyim eskizləri). Bəstəkar Musa Mirzəyev müəllif musiqisinin xüsusi yazılışı direksionu əsasında əsərin klavirini, sonra isə partiturasını tərtib edib. Balet Nizami Gəncəvinin ndn lmsının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində 1991-ci ilin noyabr ayında, sonra isə Moskvada nümayiş etdirilib. Əsərdə Nizamininonun qəhrəmanlarının çoxcəhətli ümumiləşdirilmiş obrazları əks olunub.

 

Şairin obrazının yer aldığı Nizaminin xatirəsinə (1992) adlı ikihissəli baletvar. Aqşin Əlizadənin Kənd süitası və Musa Mirzəyevin fortepiano pyesləri əsasında baletmeyster Rəşid Əhmədov-Karaçev tərəfindən Bakı Kamera Teatrında tamaşaya qoyulan nümunəi repertuarda olmasa da, şairin həyatına musiqili baxış kimi maraqlıdır.

 

***

 

Ədəbiyyatşünaslar, xüsusən də teatr nəzəriyyəçiləri Nizami Gəncəvi personajı barədə danışarkən daha çox M.S.Ordubadinin məşhur Qılınc və qələm romanı üzərində dayanırlar. Tarixi-macəra janrında işlənmiş və yalnız Nizaminin həyat və yaradıcılığı deyil, eyni zamanda Atabəylər (Eldəgizlər) dövləti, onun siyasi-tarixi simalarını əks etdirən əsər teatr səhnəmizdə bir neçə quruluşda təqdim olunub.

 

Nümunəyə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində ilk müraciəti görkəmli teatr xadimi, rejissor Tofiq Kazımov edib. Eyniadlı üçpərdəli dram 1976-cı ilin 19 martında tamaşaçı ilə görüşüb. Tamaşanın rəssamı Fuad Qafarov, bəstəkarı Oqtay Kazımov (Kazımi) idi. Əsas vurğunu Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik, sönməz azadlıq istəyi üzərinə gətirən rejissor maraqlı süjetə malik tarixi tamaşa yarada bilmişdi.

 

Tanınmış şair-dramaturq Nəriman Həsənzadənin Atabəylər dramı da bu mənada diqqətəlayiq nümunələrdəndir. Əslində, əsər Atabəylər adlandırılsa da, M.S.Ordubadinin romanından və T.Kazımovun əsər əsasında hazırladığı tamaşadan fərqli olaraq, heç də sülalənin bütün üzvləri haqqında deyildi. Burada başlıca olaraq Cahan Pəhləvandan sonrakı hakimiyyət uğrunda Qızıl Arslanonun tərəfdaşları ilə Qətibə və Toğrul arasında gedən, doğrudan da, Eldəgizlər sülaləsinin gələcək ölüm-olum sualını həll edəcək ən gərgin tarixi dövrü açıqlanır.

 

Tamaşanı Mərahim Fərzəlibəyov səhnələşdirmiş, bədii tərtibatını Fuad Qafarov vermiş, musiqisini Arif Məlikov yazmışdı. 1983-cü ilin 24 dekabrında premyera ilə tamaşaçıların görüşünə gələn Atabəylər ölkənin digər teatrlarında da özünəməxsus səhnə yozumunu tapa bilib.

 

1985-ci ilin 7 iyununda əsər C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında təqdim olunub. Bu tamaşanın quruluşçu rejissoru Hilal Həsənov, rəssamı Nabat Qurbanova (Səmədova), bəstəkarı Aydın Əzimov olub. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı isə Atabəylərə 1999-cu ildə müraciət edib. Səhnə işinin quruluşçu rejissoru Mərahim Fərzəlibəyov (dəvət əsasında), rejissoru Kamran Quliyev, rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçıları Ədalət YunusovCahangir Əliyevdir.

 

Nizami Gəncəvinin həyat məqamlarının əks olunduğu əsərlərdən birişair Zeynal Xəlilin Şairin yuxusu (Gəncə qartalı) adlı dramatik poemasıdır. İlk tamaşası 1977-ci ilin 6 fevralında Gəncə Dövlət Dram Teatrında baş tutan tamaşanın quruluşçu rejissoru Həsən Ağayev, rəssamı Mübariz Əliyev, bəstəkarı Ramiz Mirişli olub.

 

Nizami yurdu Gəncədə şairin həyat məqamlarının səhnə mövzusu olduğu növbəti tamaşa Şeyx Nizamidir. Oqtay Altunbayın müəllifi olduğu əsər şairin 870 illik yubileyi ilə əlaqədar hazırlanıb. Premyerası 2010-cu ilin 15 sentyabrında Gəncə Dövlət Dram Teatrında gerçəkləşən tamaşanın quruluşçu rejissoru Vaqif Şərifov, rəssamı Rafiq Qasımov, musiqi tərtibatçısı Tünzalə Mustafayeva olub.

 

Nizami Gəncəvinin hələlik sonuncu səhnə obrazlarına gəlincə, bunlar Akademik Milli Dram və Naxçıvan Dövlət Musiqili Dram teatrlarının cari repertuarlarında qalmaqda olan Qətibə İnanc və Qılınc və qələm adlı ikihissəli tamaşalardır. Qılınc və qələm romanının motivləri əsasında hazırlanan tamaşalarda hadisələr Gəncə hakimi Əmir İnancın qızı Qətibə və onun məhəbbətini rədd edən Şeyx Nizami ilə əlaqədar cərəyan edir.

 

Milli Dram Teatrında 2017-ci ilin 14 dekabrında premyerası reallaşan tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Naxçıvan teatrının səhnəsində 2018-ci ilin 3 iyulundan oynanılan tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.

 

Qeydlərdən də göründüyü kimi, səhnə nümunələrinin əksəriyyəti Qılınc və qələm romanının motivləri əsasında, ondan bəhrələnməklə, əslində, bütünlükdə ona əsaslanmaqla qurulan yeni səhnələşdirmələrdə tamaşaçı ilə görüşüb. Məhz bu faktın özü çağdaş dramaturgiyamızın, bədii düşüncəmizin Nizamiyə nə qədər uzaqlaqeyd olduğunu deməyə əsas verir.

 

Şairin hər yubiley ilinin fərqli yaradıcı ideyaların realizəsi üçün əsl nümayiş meydanı olduğunu nəzərə alaraq 880-ci ildönümündən, Nizami ilindən gözləntilərimiz də çoxdur. Zamanımız az qalsa da...

 

Həmidə NİZAMİQIZI

 

Qeyd: Yazıda musiqişünas Səadət Abdullayevanın Nizamidə musiqi, musiqidə Nizamiteatr tənqidçisi Mahmud Allahverdiyevin Azərbaycan teatrı bu gün kitablarına istinad olunub.

 

Mədəniyyət.- 2021.- 5 may.- S.5.