Yer adlarımızın tanınmış tədqiqatçısı

 

Rəmzi Yüzbaşovun araşdırmaları əksər təbiət hadisələrinin adlarını da əhatə edib

 

Azərbaycan toponimikasının, xüsusilə coğrafi obyekt adlarının mənşəyinin tədqiqində tanınmış alim, coğrafiya elmləri namizədi Rəmzi Yüzbaşovun xüsusi xidmətləri olub. Bu sahədə diqqətəlayiq elmi əsərlər yazan alimi anadan olmasının 115 illiyi münasibətilə yada saldıq.

 

Rəmzi Möhsün oğlu Yüzbaşov 5 may 1906-cı ildə Şamaxı şəhərində dünyaya göz açır. Hələ kiçik ikən valideynləri dünyadan vaxtsız köçür. Rəmzi dayılarının himayəsində qalır. O, 1913-cü ildə rus-tatar məktəbinə gedir. İbtidai təhsilini 1917-ci ildə başa vurur və həmin il Şamaxı realnı məktəbinə qəbul olunur. 1919-cu ildə Bakı şəhərində Birinci realnı məktəbdə yaradılan milli sinfə daxil olur. 1924-cü ildə ikinci dərəcəli məktəbi bitirir. 1927-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinə verir. Təhsilini başa vurduqdan sonra təyinatla Gədəbəy rayonunda 6 ay məktəb direktoru vəzifəsini icra edir. Bakıya qayıdan Rəmzi Yüzbaşov Xalq Maarif Komissarlığında 3 il təlimatçı işləyir. Eyni zamanda 1933-1938-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olur.

 

R.Yüzbaşov SSRİ Elmlər Akademiyası Azərbaycan filialının fiziki-coğrafiya ixtisası üzrə aspiranturasına qəbul edilir. Aspiranturanı bitirdiyi ildə 1941-1945-ci il müharibəsi başlayır. O da müharibəyə gedir. 1945-ci ildə Vətənə dönür. Azərbaycan EA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində işə başlayır. 1951-1953-cü illərdə akademiyanın nəşriyyatında redaktor işləyir. 1953-cü ildən akademiyanın Nizami adına Ədəbiyyat və Dil İnstitutunda, 1958-ci ildən Coğrafiya İnstitutuna çalışır. “Azərbaycan coğrafiya terminləri” mövzusunda tədqiqat aparır. 1962-ci ildə dissertasiya müdafiə edib alimlik dərəcəsi alır.

 

Alim “Azərbaycan coğrafiya terminləri” əsərində relyef formalarını müsbət və mənfi relyef formalarına bölür. Müsbət relyef formalarına baş, təpə, uc, zirvə, til, tətil, yal, döş, yamac, sırt, tirə, aşırım, gəzdək, yaxa, qaşs., mənfi relyef formalarına dərə, çökək, yarğan, qobu, çala, çılğa, təngi və başqa terminləri aid edir. Düzənliklə əlaqədar coğrafi terminlərə isə düzənlik, yayla, ova, küdrüs. adları daxil edir. Tədqiqatçı əsərin birinci hissəsində xalq coğrafi terminlərindən söz açıb. Məsələn, iqlimə aid terminlərdə yelqara yeldən danışıb. Azərbaycanın şərq regionlarında qara yellər, qərb regionlarında isə yelləri təbiətin dağıdıcı hadisələrinə aid edib. Ümumiyyətlə, bu əsər toponimika ilə məşğul olacaq tədqiqatçılara elmi istiqamət verən zəngin mənbə hesab edilir. AliminCoğrafiyaşünas Qafur Rəşad Mirzəzadə”, “Azərbaycanın coğrafi adları”, “Coğrafiya terminləri lüğəti” və s. kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

 

Rəmzi Yüzbaşov 1973-cü ildə institutun Coğrafi adlar (toponimika) şöbəsinə  müdir təyin edilir. O, şöbənin fəaliyyətində canlanma yaradır, gənc araşdırıcıların bu sahədə tədqiqatlara qoşulmasına diqqət göstərir. Rəhbərlik etdiyi şöbənin əməkdaşları Azərbaycanın ayrı-ayrı regionlarının coğrafi adları ilə bərabər, mikrotoponimlərin toplanması ilə də məşğul olurlar. Nəticədə Azərbaycanda 60 mindən çox mikrotoponim haqqında baza yaradılır.

 

Azərbaycan coğrafi adlarını tədqiq edən alimlər Böyük Qafqazın cənub yamacının, Dağlıq Qarabağın, habelə Avar toponimləri və başqalarını öyrənirlər.

 

Görkəmli coğrafiyaşünas alim, mərhum akademik Budaq Budaqov tanınmış tədqiqatçı ilə bağlı araşdırmasında yazır ki, R.Yüzbaşov külək, yel, Afaq, Bakı küləyi, boğanaq, Şam yeli, qara yel, gilavar, Rəhmanı, gərmic, xəzri, çabanis. bu kimi  külək adlarının lüğəti mənasını açıqlayıb. Xüsusilə yerli külək adlarından vədə küləyi, qiblə küləyi, yarpaqtökən, yelqovan, keçiqıran, Gəncə küləyi, oğlanqıran, Purcacıncan, Salyan küləklərindən ətraflı bəhs edib. Onların Azərbaycanın hansı inzibati rayonlarında əsdiyini də müəyyən edib. R.Yüzbaşov Azərbaycanda mövcud olan ümumilikdə 31 külək adını müəyyən edərək hər birinin elmi izahını verib.

 

Alim yağış adlarından da bəhs edib, leysan, çiskin, sısqa yağış adlarının elmi izahını təqdim edib. Bu yağış növlərinin hər birinin daxili diferensasiyası da tədqiq olunub. Məsələn, leysan, adi leysan, gürsad, yağış, barani-rəhmət, çaqqal yağışı, bobli, şiləvar, dəli yağış və s. bəhs edib. Onun araşdırmalarında düyükcək, dımircıq, düyü qar, kəpək qar, tozanki qar, qanadlı qar, heyvagülü qar, quşbaşı qar, əlçim qar, papaqlama qar, Novruz qarı, pişikbaşı, lopaqar kimi qar adlarına da rast gəlirik.

 

Tədqiqatçı atmosfer hadisələri ilə əlaqədar qamaq, sırsıra, şəmsəddin şamı, marxal, tar, kürdik, duman, qara duman, boz duman, toz duman, sis duman, çən, eləcə də ayaz bürkü, iqlim gəzəngi, göy qurşağı kimi coğrafi terminlərdən də bəhs edib. Həmçinin tədqiqatlarında hidroqrafiyaya aid terminlərə yer verib.

 

Rəmzi Yüzbaşov 31 oktyabr 1990-cı ildə, 84 yaşında vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 5 may.- S.6.