Nizamidən Yunusa. Birlik ilə baxmaq tamaşası təqdim ediləcək

Ölkəmizdə Nizami Gəncəvi İli elan edilən 2021-ci il qardaş Türkiyədə də böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə Bizim Yunus İli elan olunub.

 

Xəbər verdiyimiz kimi, Bakıdakı Yunus Əmrə İnstitutu bu əlamətdar hadisələrlə bağlı iki mütəfəkkir şairə həsr olunan layihə hazırlayıb. Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində layihənin təqdimatı reallaşacaq.

 

Nizamidən Yunusa. Birlik ilə baxmaq adlı tamaşa Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyası və Beynəlxalq Muğam Mərkəzinin birgə dəstəyi ilə hazırlanıb. Tamaşanın informasiya dəstəkçisi İctimai Televiziyadır.

 

İki hissədən ibarət tamaşanın birinci pərdəsi Yunus Əmrəyə, ikinci pərdə isə Nizamiyə həsr olunub. Layihənin rəhbəri və geyim üzrə rəssamı Günay Zebiç (Mehdizadə), quruluşçu rejissoru Hicran Sadıqzadə, musiqi və səs rejissoru Ülviyyə Vəlizadə, səhnə tərtibatçısı Elman Əliyevdir.

 

Tamaşada Şərqi və Qərbi əsrlər boyu məftun edən Nizami Gəncəvinin humanizm ideyaları tərənnüm edilir. Milli Konservatoriya nəzdində İncəsənət gimnaziyasının şagirdləri Nizami hikmətlərindən seçmələr və şairin əsərlərindən fraqmentlər təqdim edəcəklər.

 

İkinci səhnədə isə Şərq aləminin daha bir mütəfəkkirinin işıqlı dünyasına səyahət olacaq. Tanrıya üz tutan dərvişlər dərvişi Yunus Əmrə bütün həyatı boyu Yaradanı sevməkdən, onun qüdrətini tərənnüm etməkdən usanmayıb. Bu sevgidən yaranan sözün qüdrəti aktyorların dilindən sədalanacaq.

 

Mədəniyyət.- 2021.- 7 may.- S.1.