İndi oğlumla daha çox fəxr edirəm...”

 

Vətən müharibəsində qanı ilə tarix yazan igidlərimizdən biri də şəhid kapitan Şirbala Hüseynovdur.

 

Şirbala Hüseynbala oğlu Hüseynov 1990-cı il mayın 6-da Sumqayıt şəhərində anadan olub. 1997-ci ildə H.Z.Tağıyev qəsəbəsindəki 6 saylı tam orta məktəbdə təhsil alıb. Uşaq yaşlarından hərb sənətinə maraq göstərib, təhsilini başa vurandan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq xidməti vəzifəsini ön cəbhədə yerinə yetirib. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Şirbala Hüseynov xidmət müddətində mükafatlara, medallara layiq görülüb. 2019-cu ildə kapitan rütbəsinə yüksəlib.

 

Şəhidin qardaşı Samir Hüseynov qeyd edir ki, general-mayor Polad Həşimovun şəhid olması xəbərini eşidəndə Şirbala böyük sarsıntı keçirib: “O gündən sonra qisas hissi ilə yanıb-yaxılırdı. Vətən müharibəsinin başlanması xəbərini eşidəndə çox sevindi. Söylədi ki, gözlədiyimiz gün yetişib. Arxayın olun, Qələbə bizimlə olacaq. Qardaşımın dediyi kimi, biz qalib gəldik”.

 

Vətən müharibəsinin ilk günündən cəbhəyə yollanan Ş.Hüseynov düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv edib. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.  Yaxın dostu Həmidağa Hüseynzadə də Vətən müharibəsində şəhid olub. Hər ikisi 2018-ci ilin noyabrında ailə həyatı qurmuşdular. 2020-ci il oktyabrın 2-də Sumqayıtın Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

 

Şirbalanın atası Hüseynbala Hüseynovun sözlərinə görə, oğlunun tək arzusu torpaqlarımızı işğaldan azad etmək olub: “Oğlumun gözündə heç vaxt qorxu olmayıb. O, döyüşlərə gülə-gülə gedib, qəhrəmancasına vuruşub və şəhidlik zirvəsinə ucalıb. Şirbala kimi vətənpərvər, qorxmaz oğulun atası olduğum üçün qürur duyuram”.

 

Anası Həcər Hüseynova deyir ki, Şirbala uşaq yaşlarında məğrurluğu ilə seçilib. Evlərinin hərbi hissəyə yaxın yerləşməsi də onun hərbçi olmasında rol oynayıb: “Şirbala uşaq olarkən deyirdi ki, böyüyəndə mən də hərbçi olacağam. O, Vətənə bağlı övlad idi. Mən bir ana kimi oğlumla hər zaman fəxr edirdim. İndi daha çox fəxr edirəm ki, mənim Vətənini, torpağını bu cür sevən oğlum olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Şirbala Hüseynov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ruhu şad olsun.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 7 may.- S.6.