Bakı ədəbi mühitinin romantik şairi

 

 

Ötən əsrin birinci yarısında Bakı ədəbi mühitinin yetirmələri arasında diqqətçəkən ədiblərdən biri Mirzə Ağadadaş Müniri olub. Şair uzun müddət “mürtəce romantizm”in nümayəndəsi kimi təqdim edildiyindən diqqətdən kənarda qalıb.

 

Mirzə Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olub. Yeddi yaşında atası vəfat edir. Çətinliklərə rəğmən anası onun təhsil almasına çalışır. Ağadadaş ilk olaraq mədrəsədə təhsil alır. Erkən çağlardan poeziyaya maraq göstərir. “Müniri” (işıqlı) təxəllüsü ilə şeirlər yazır. Onun 15 yaşında qələmə aldığı “Tərcümeyi-hali-Ağadadaş Müniri” şeiri daha çox maraq doğurur. Şeirdən Ağadadaşın atasının zəhmətkeş bir insan, anasının məhəllə dərzisi olduğu məlum olur. Eyni zamanda onun rəssamlıqla da məşğul olmasına da şeirdə işarə vurulur:

 

Əslimiz olmuş əhli-Hövsandan,

Gəmi zəhmətkeşi olubdur atam.

Alıb illik maaş üç onluq,

Güzaran etmişik oniylə müdam.

Qərqi-bəhri Xəzər olub atamız,

İxtisarən, məni oxutdu anam.

Yeddillik yetim on beşə tək,

Eylədim sevdigim ülumi tamam.

Anam oldu məhəlləyə dərzi,

Özüm oldum çocuqlara rəssam...

 

Ağadadaş Müniri qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində şeirlər yazıb. Görkəmli şair Seyid Əzim Şirvani “Bakı şairlərinin tərifi” şeirində Münirinin adını çəkməsi qiymətləndirməsi onun şöhrətinin artıq daha geniş mühitdə tanınmasından xəbər verirdi:

 

Təbi Müniri şəmsü qəmərdən münirdir,

Baxdıqca şeirinə gözə nuri-bəsər gəlir.

 

Müniri müasirləri arasında istedadlı şair kimi dəyərləndirilib. Tədqiqatçı Sona Xəyal şairin fəaliyyət göstərdiyi mühit haqqında yazır: “Həmin dövrdə Azərbaycanın bir çox bölgələrində ədəbi məclislər fəaliyyət göstərirdi. Ağadadaş Müniri “Məcməüş-şüəra”nın o taylı-bu taylı Azərbaycanda tanınan sevilən ən fəal üzvləri olan Mirzə Əbdülxalıq Yusif, Mirzə Əbdülxalıq Cənnəti, Mikayıl Seydi, Seyyid Zərgər, Mirmahmud Nuri başqaları ilə səmimi dostluq əlaqələri saxlamışdır ki, onun mənzum məktubları, xoş günlərində şair dostlarına yazdığı təbriknamələr, habelə dost ölümünə yazdığı mərsiyələr bunu sübut edir”.

 

Araşdırmalardan bəlli olur ki, şairin əsərləri mətbuatda çox az hallarda dərc edilib. Şeirləri əsasən “Dirilik” jurnalında, 1917-ci ildə isə “Türkcə qəzəllər” kitabında işıq üzü görüb. Sovet dövründə bir neçə qəzəli “Ədəbi parçalar” kitabında verilib. Şair, ədəbiyyatşünas tərcüməçi Cəfər Rəmzinin tərtib etdiyi “Deyilən söz yadigardır” (1987) kitabında şairin “Əlində”, “Olmayan yerdə”, “Özgədir”, “Xali”, “Sevər” rədifli “Gəh salıb rüsxari-zülfün, gəh açıb zülfün tamam”, “Elm etdi rövşən, ey dil, Avropanı”, “Könül quşin edüb, ol şüxi-canşikar şikar” mətləli qəzəlləri, eləcə “Tərcümeyi-hali-Ağadadaş Müniri” adlı şeiri verilib.

 

A.Müniri müraciət etdiyi mövzularda klassik dil, ifadə vasitələrindən sənətkarlıqla istifadə edib:

 

Bilindi səltənəti-mur, dövləti-zənbur,

Büsati-mülki-Süleyman bilinmədi, qaldı.

Oxundu Xosrovü Şirin hekayəti kəmü biş,

Vəleyk məxəzi-ünvan bilinmədi, qaldı.

 

 Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev yazır ki, A.Münirinin ən məşhur əsərlərindən biri “Ənar” qəsidəsidir. Şair əsəri klassik şeir şəklində və əruzun rəməl bəhrində qələmə alıb. Qəsidənin səciyyəvi xüsusiyyəti hər bir misranın cümlə şəklində olması və beytin ümumi məzmun çərçivəsi daxilində fikir bitkinliyinin ifadə edilməsidir. Əsərdə İmam Əlinin və Həzrət Fatimənin ailəsində baş vermiş bir hadisə bədii tərənnümünü tapıb...

 

A.Münirinin yaradıcılığında romantik poeziya ilə səsləşən əsərləri də var. Bu şeirlərində xalqın tərəqqisi üçün məktəb və təhsilin vacibliyini göstərib. Avropa ölkələrinin inkişafında bu amillərin həlledici olduğunu diqqətə çatdırıb:

 

Mövhumə allanıb dil, cəhl oldu əqlə qalib,

Əfkarımız pozuldu, məqsədlər oldu fani.

Varü yoxu itirdik təhsili-kimiyadə,

Elm ilə hasil etdi Avropa kimiyani...

 

Şairin “Türk” rədifli şeiri milli poeziyada türk adını, onun qəhrəmanlığını tərənnüm edən ilk şeirlərdəndir:

 

Gəldi livayi-səltənətilə cahanə türk.

Verdi nişan hilalı qaşın asimanə türk.

Etdi rəvaqi-noh fələki səltənətnişin,

Əsgərligə nücumi çəkib mahiranə türk.

 

Qeyd edək ki, 1926-cı ildə şairin “Bahar ağlayışı” kitabı çap olunub. Mirzə Ağadadaş Müniri 1940-cı ildə, 77 yaşında vəfat edib, Buzovna kəndində dəfn olunub. 2018-ci ildə AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən “Mirzə Ağadadaş Müniri. Əsərləri” kitabı çapdan çıxıb.

 

Savalan FƏRƏCOV

 

 

Mədəniyyət.- 2021.- 7 may.- S.6.