Poeziyanın səhnə ünvanı

Nizami Gəncəvi irsinin teatr təfsirində, onun yaradıcılığının səhnə materialına çevrilməsində Gəncə Dövlət Poeziya Teatrının da mühüm xidmətləri olub. Zaman-zaman müxtəlif adlarla Gəncə Dövlət Poeziya, Nizami Poeziya, Zərrabi Nizami Poeziya teatrları kimi fəaliyyət göstərən bu sənət ocağının qayəsi milli teatr ənənələri fonunda bəşəri ideyaları təbliğ edən sənət adına xidmət etmək olub. Nazirlər Kabinetinin 20 sentyabr 2008-ci il tarixli 222 saylı qərarı ilə Gəncə Dövlət Nizami Poeziya Teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilib. Bu yazıda sənət ocağının tarixinə və Nizami irsinin təbliğində roluna qısa nəzər salmaq istədik.

 

Teatrşünas Fərman Rzayev Nizami Gəncəvi və teatr kitabında bu barədə söhbət açarkən bildirir ki, yerli mütəxəssislər və sənət xadimləri bu sənət ocağı üçün bir neçə tarixi məkanı nəzərdən keçirdikdən sonra, şəhər rəhbərliyinə ( Azərbaycan KP Gəncə (o vaxt Kirovabad) şəhər komitəsinin 1-ci katibi Həsən Həsənova) müraciət edərək, şəhərdə bərpa olunacaq Zərrabi memarlıq kompleksində Poeziya Teatrının yerləşdirilməsinə icazə verilməsini xahiş ediblər. Təklif qəbul olunub və qısa bir müddətdə bina təmir olunaraqtamaşa oynanılması üçün texniki təchizat işləri həyata keçirilərək yaradıcı heyətin ixtiyarına verilib. Həmçinin C.Cabbarlı adına Dövlət Dram Teatrına yeni yaranan yaradıcı kollektivə hamilik etmək tapşırılıb. Yazıçı-dramaturq Altay Məmmədov sənət ocağının ilk tamaşası üçün ssenari yazmağa başlayır. Kollektivin istəyi və təşəbbüsü ilə bu sənət ocağına Zərrabi Nizami Poeziya Teatrı adı verilir.

 

Beləliklə, 1979-cu ilin payızında Nizami Gəncəvi irsindən Slavyan gözəli haqqında hekayət (Yeddi gözəl poeması əsasında ədəbi kompozisiya) ilə həyata vəsiqə qazanan teatr bir-birinin ardınca maraqlı səhnə işlərini tamaşaçı müzakirəsinə çıxardı.

 

İlk tamaşa C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının və Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcı heyətlərinin iştirakı ilə ərsəyə gəlmişdi. Tamaşanın ssenari müəllifi Altay Məmmədov, quruluşçu rejissoru Hilal Həsənov idi.

 

İkinci tamaşa isə Nizami Gəncəvinin həyatından bəhs edirdi. Şairin gənclik illəri (sonradan Şairin həyatı adı ilə) tamaşası (trilogiyanın I hissəsi) 1980-ci ilin martında (ssenari müəllifi Altay Məmmədov, quruluşçu rejissoru Hilal Həsənov) təqdim olundu.

 

Sonralar bir-birinin ardınca repertuara Xeyir və Şər (ssenari müəllifi Elşad Məmmədov, quruluşçu rejissoru Ələddin İsmayılov), Gül və Zəhər (ssenari müəllifi Məmməd Alim, quruluşçu rejissoru Vaqif Şərifov), Mahanın hekayəti (ssenari müəllifi Elşad Məmmədov, quruluşçu rejissoru Vaqif Şərifov), Zəhmət dastanı (ssenari müəllifi Elşad Məmmədov, quruluşçu rejissoru Telman Əliyev), Məhəbbət əfsanəsi (ssenari müəllifi Altay Məmmədov, quruluşçu rejissorları Vaqif Şərifov, Hilal Həsənov), Bəhram şah və Fitnə (quruluşçu rejissor Ələddin İsmayılov), Leyli və Məcnun (quruluşçu rejissor Həsən Ağayev), Çoban və Bəhram (quruluşçu rejissor Telman Əliyev) və başqa tamaşalar daxil oldu.

 

Həyatını bu teatra bağlayan, ömür yolundan bu sənət ocağı xüsusi xətlə keçən adlar arasında Altay Məmmədov, Hilal Həsənov, Məhəmməd Burcəliyev, Ələddin Abbasov, Sədayə Mustafayeva, eləcə də A.Rzayev, K.Nadirov, K.Abbasov, N.Hüseynov, S.Məmmədov, S.Teymurova, B.Osmanov, F.Əsgərov, Z.Yusifova, Z.Əşrəfova, M.Sultanova, K.Bəylərova, S.Abbasova, D.Əhmədova, İ.Yakimova, A.Qədimova, E.İsmayılov, D.Tağıyev, E.Tağıyev, E.Paşayev, E.Qədimov, R.Əliyev, F.Musayev, R.Nağıyev, D.Babayev, N.İdrisov, M.Rzayev, D.Məmmədov, S.Zeynalov, Ş.Hüseynov, E.Abdullayev, M.Haşımov, S.Vəliyev, Ə.Allahverdiyev və başqalarını qeyd edə bilərik.

 

1990-cı ildən etibarən Əməkdar artisti Telman Əliyevin rəhbərliyi ilə Gəncə Dövlət Nizami Poeziya Teatrı kimi fəaliyyətini davam etdirən sənət ocağı öz yaradıcılıq imkanlarını daha da genişləndirərək dünya ədəbiyyatı nümunələrini də öz səhnəsinə daşımağa başladı. Lakin daim öz əsas amalını da Nizami irsinin səhnə ifadəçisi olmaq missiyasını da unutmadı. Bu dövrdə kollektiv əvvəlki repertuarına Nizami xəzinəsindən iki nümunəni əlavə etdi. Bunlar Bəhram şah (quruluşçu rejissor Telman Əliyev) və Əbədi diriyəm mən (quruluşçu rejissor Hilal Həsənov) tamaşaları idi. Teatr şairin 850 illik yubiley təntənələrinə (1991) Qızıl zəncir və İnci sözlər tamaşalarını da hazırlayıb təhvil verdi.

 

2000-ci ildən özünün yeni yaradıcılıq axtarışlarını davam etdirən kollektiv meydan teatrı üslubuna uyğun quruluşlara da meyil etdi. Əşar tacı (quruluşçu rejissor H.Tağıyev), Afaqnamə (səhnələşdirəni Novruz Cəfərov, quruluşçu rejissoru Əli Allahverdiyev) tamaşaları bu qəbildəndir. Teatrın 2005-ci il yaradıcılıq aktlarından biriİki sevgi və əbədiyyət (N.Gəncəvi və V.Şekspirin Leyli və Məcnun və RomeoCülyetta əsərləri əsasında) adlı nümunə (ssenari müəllifi Hilal Həsənov, rejissoru Vaqif Şərifov) idi...

 

Qeyd edək ki, hazırda Gəncə Dövlət Dram Teatrının daxilində Zərrabi Nizami poeziya teatr-studiyası fəaliyyət göstərir.

 

Həmidə NİZAMİQIZI

 

 

Mədəniyyət.- 2021.- 7 may.- S.5.