Şuşada “Xarıbülbül” festivalının iştirakçısı olmaq böyük şərəfdir”

 

“Xarıbülbül” festivalının ilk günü ölkəmizdə yaşayan müxtəlif xalqların mədəni irsinin təqdimatı – “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda konsert proqramı böyük maraqla qarşılandı. Azərbaycandakı tatar icmasının “Yoldız” ansamblı da “Alma ağacları” tatar xalq mahnısı ilə konsertdə çıxış etdi.

 

“Azərbaycan Mədəniyyət Nazirliyinin dəvəti ilə Şuşa şəhərində “Xarıbülbül” Musiqi Festivalında iştirak etdik. Festivalda Azərbaycanda yaşayan xalqların mahnı və rəqsləri təqdim edildi. Əlbəttə ki, hamımız Şuşa şəhərinin təbiətinin qeyri-adi gözəlliyinə heyran olduq. 29 illik ayrılıqdan sonra qədim Şuşa torpağına ayaq basdığımızda böyük sevinc və xoşbəxtlik yaşadıq. Bütün bunlar Prezident İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində baş verib. Festivalın təşkilatçılarına görülən işlərə görə ayrıca təşəkkür edirəm”, – deyə “Tatarıstan” İctimai Birliyinin sədri, “Yoldız” ansamblının rəhbəri Abas Minyaşev təəssüratını bölüşüb.

 

“Yoldız” ansamblının üzvü Rauza Əliyeva deyib: “29 illik işğaldan sonra tarix və mədəniyyət mərkəzi Şuşada olmaq böyük xoşbəxtlik və şərəfdir. Dağılmış, lakin bu qədər əziz və gözəl şəhərdə yaşadığımız hissləri çatdırmaq mümkün deyil. Allaha şükürlər olsun ki, bu yaşımda Şuşanı görə bildim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Gecə-gündüz torpaqlarımızı qoruyan əsgərlərə minnətdaram, Allah onları qorusun. Azərbaycan kimi çoxmillətli bir respublikada yaşadığımız üçün fəxr edirəm. Qarabağ Azərbaycandır!”.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.5.