Azərbaycan xalçaları Xorvatiya paytaxtının mərkəzi meydanında

 

Ölkəmizin Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Zaqreb şəhərinin mərkəzi Nikola Şubiç Zrinski meydanında “Azərbaycan xalçaları” adlı sərgi açılıb.

 

Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax və digər Azərbaycan xalçaçılıq məktəblərinə məxsus xalçaların şəkilləri xüsusi işıqlandırma ilə yerli sakinlərin və qonaqların gəzinti üçün sevdikləri məkanda nümayiş etdirilir.

 

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimində qeyd edib ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır, bu sənət xalqımızın zəngin mənəvi dünyasını, dünyagörüşünü, həyat fəlsəfəsini əks etdirir. Azərbaycan xalçaçılıq məktəbləri barədə qonaqlara məlumat verilib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan xalça sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan el sənətkarlarının yaratdıqları xalça nümunələri dünyanın məşhur muzeylərini bəzəyir. Bildirilib ki, Zaqrebin mərkəzi meydanında sərgi iki həftə ərzində nümayiş olunacaq.

 

Mədəniyyət.- 2021.- 19 may.- S.1.