Rotterdamda Eurovision mahnı müsabiqəsi

 

Bir il ertələmədən sonra eyni məkanda

 

Niderlandın Rotterdam şəhərində ötən il pandemiya səbəbindən gerçəkləşməyən Eurovision mahnı müsabiqəsi başlayıb.

 

Nive-Maas çayının sahilindəki Ahoy arenasında keçirilən müsabiqənin mayın 16-da təşkil olunan açılış mərasiminə 39 ölkədən 34 iştirakçı qatılıb. Açılışda Azərbaycan təmsilçisi Samirə Əfəndi də iştirak edib. O, məşhur dizayner Rüfət İsmayılın kolleksiyasından olan libasda firuzəyi xalça üzərinə çıxıb.

 

Müsabiqənin açılışına həmçinin Niderland, Rusiya, Litva, Almaniya, Sloveniya, Fransa, İtaliya, İspaniya, Şimali Makedoniya, İsrail, Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Ukrayna, Estoniya, San-Marino, Çexiya, Yunanıstan, Avstriya, Gürcüstan, Moldova, Portuqaliya, Serbiya, Finlandiya, Albaniya, İsveçrə, Latviya, Bolqarıstan və Danimarka təmsilçiləri qatılıblar. Avstriya əvvəlcədən lentə alınmış virtual formatda müsabiqəyə qatılacaq. Polşaİrland qruplarında koronavirus testinin cavabı pozitiv çıxanlar olduğu üçün onlar mərasimə qatıla bilməyiblər. Rumıniya və Malta qrupları da həmin mehmanxanada olduqları üçün onlar da müsabiqədə real olaraq iştirak edə bilməyəcəklər.

 

Sayca 65-ci olan Eurovision mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də gecə keçirilib. Azərbaycan təmsilçisi Samirə Əfəndi də birinci yarımfinalda (14-cü nömrə) yer alıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-nə, final yarışması isə mayın 22-nə təyin olunub. Mövcud pandemiya üzündən Eurovision 2021 müsabiqəsi məhdud sayda real tutumun 20 faizi qədər tamaşaçının iştirakı ilə keçirilir. COVİD-19 testi neqativ çıxan 3500 tamaşaçı müsabiqəni maskasız izləyə bilər.

 

Təşkilatçılar ötən il baş tutmayan müsabiqənin devizini Open Up (Açıl) bu il də saxlayıblar. Dövrümüzün ruhunu əks etdirən bu mövzunu seçməyi vacib hesab etdik. Bu şüarla insanları səmimi şəkildə bir-birindən fərqli fikirlərə, bir-birinin hekayələrinə və əlbəttə ki, bir-birinin musiqisinə açıq olmağa dəvət edirik , deyə müsabiqənin icraçı prodüseri Sietse Bakker bildirib.

 

CAVİD

 

Mədəniyyət.- 2021.- 19 may.- S.8.