Kanadada Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir

 

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (AQDM) və Toronto Universitetinin nəzdindəki Emmanuel Kollecinin birgə təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir təşkil edilib.

 

Onlayn tədbirə AQDM-in üzvləri, Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova, İslam araşdırmaları üzrə ilahiyyatçı alim Timoti Canotti (Timothy J. Gianotti), tərcüməçi, şərqşünas, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, ilahiyyatçı, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, Toronto Universitetinin professoru, tarixçi Lori Silvers (Laury Silvers) və digər qonaqlar qatılıblar.

 

Çıxış edənlər mütəfəkkir şairin İslam dünyasının ədəbi-fəlsəfi irsinə böyük töhfələr bəxş etməsindən söz açıblar, Nizami yaradıcılığında kamil insan axtarışından bəhs ediblər. Bildirilib ki, Nizami Gəncəvi bəşəriyyətin bədii fikir  salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

 

Tədbirin bədii hissəsində Nizaminin qəzəllərinə bəstələnən əsərlər təqdim olunub. Görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin ifasında “Sənsiz”, professor, Əməkdar artist, vokalçı İlham Nəzərov və istedadlı pianoçu Minirə Nəcəfzadənin ifasında “Sevgili canan” romansları səsləndirilib. Torontoda yaşayan azərbaycanlı dirijor və bəstəkar, Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev şairinDüşüb eşqinlə bir sevdaya, ey gül” qəzəli əsasında bəstələnmiş “Ey gül” kompozisiyasını ifa edib. Bədii hissə Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Yunusun pianoda “Sənsiz” romansını ifa etməsilə yekunlaşıb. Tədbir zamanı EL TV-nin rəhbəri Elçin Muxtarovun şair haqqında hazırladığı videoçarx nümayiş olunub.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.8.