Muzeydəki qədim musiqi alətləri bərpa olunur

 

 

Beynəlxalq Muğam Mərkəzi (BMM) “Dəyirmi masa” layihəsi çərçivəsində tədqiqat işlərini davam etdirir. Layihənin koordinatoru Gülhüseyn Kazımov və Azərbaycan Milli Konservatoriyasının qədim musiqi alətlərinin bərpası laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov qədim çalğı alətlərimizin tədqiqi ilə bağlı Azərbaycan Milli Tarix Muzeyində olublar. Burada qorunan alətlərə baxış keçirilib. Baxış zamanı məlum olub ki, muzeydə saxlanılan qədim tar və kamançaların bir çoxunun bərpasına ciddi ehtiyac var.

 

Muzey rəhbərliyinin bu barədə təklifini nəzərə alan Beynəlxalq Muğam Mərkəzi bu işi  öz üzərinə götürüb və artıq alətlərin bərpasına başlanılıb. Məmmədəli Məmmədov tərəfindən bərpa edilən alətlər arasında 1883-cü ilə aid olan kamança, Üzeyir Hacıbəylinin böyük qardaşı Zülfüqar Hacıbəyliyə aid tarkamança, maestro Niyaziyə məxsus tarkamança və digər qədim alətlər var.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.2.