“Mənə elə gəlirdi ki, bütün dünya Şuşanı görmək istəyir”

 

Azad Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalından təəssüratlar

 

Xəbər verdiyimiz kimi, 12-13 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əfsanəvi qəhrəmanlığı ilə 28 illik işğaldan azad edilən mədəniyyətimizin beşiyi Şuşa sanki bir qərinə öncəki həyatına qayıtmışdı. Cıdır düzündə muğamlarımızın, klassik musiqi incilərimizin, habelə ölkəmizdə yaşayan azsaylı xalqların musiqilərinin sədalanması qədim şəhərin yeni növrağı kimi mədəniyyət salnaməmizə yazıldı.

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın iki gün ərzində festivalda şəxsən iştirak etmələri musiqi bayramını daha yaddaqalan etdi. Azərbaycanın görkəmli sənət adamlarının, ictimai xadimlərin qatıldığı “Xarıbülbül” festivalında əslən Şuşadan olan sənətkarlar xüsusilə böyük sevinc hissi yaşadılar. Festivalın bir neçə tanınmış iştirakçısının təəssüratlarını təqdim edirik.

 

 

 

Xalq yazıçısı Anar:

 

– Elə bir hisslərdir ki, sanki yuxudayam, möcüzə baş verib. 30 ildir biz bu həsrət ilə yaşayırdıq. Yaşımın elə vaxtıdır ki, güman etmirdim ki, Şuşanı bir daha görə biləcəyəm. Bu gün Allahıma, cənab Prezidentə və Ordumuza təşəkkür edirəm ki, Şuşanı bir daha görə bildim. Azad Şuşada ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrini, Azərbaycan mədəniyyətinin dünyaca məşhur adlarını görmək ən böyük xoşbəxtlikdir.

 

 

 

Xalq artisti Fərhad Bədəlbəyli:

 

– 1989-cu ildə dostum Polad Bülbüloğlu ilə bu festivalın açılışını etmişdim. Əlbəttə ki, bu illər ərzində ən böyük arzumuz o idi ki, Cıdır düzündə Üzeyir bəyin “Koroğlu” uvertürası səslənsin. Bu gün olanlarvaxtsa yuxuma gəlirdi. Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalartoplusu “Xarıbülbül” festivalı çərçivəsində təqdim edildibu da simvolik bir xarakter daşıyır.

 

 

 

Xalq artisti Polad Bülbüloğlu:

 

Bu günü bizə bəxş etdiyinə görə Ali Baş Komandanımıza və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Mənim yaşım çoxdur və xoşbəxtəm ki, bu günü görə bildim. Atam Bülbülün gəzdiyi, qədəm qoyduğu, oxuduğu torpaqda mən də bu yaşımda yenidən “Azərbaycan” deyə ifa etdim. Festivalda bütün Azərbaycanı görə bildik. Cıdır düzündə ilk dəfə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı nümayiş etdirildi.

 

 

 

Xalq artisti Firəngiz Mütəllimova:

 

Şuşa müqəddəs şəhərimizdir. Şuşaya gedərkən Prezident İlham Əliyevə təşəkkür etdim, şəhidlərimizin ruhuna dualar oxudum. Sevinc, fəxarət hissi yaşayırdım. Elə bilirdim ki, sevincdən yıxılacam. Cıdır düzündə olanda sərin meh əsirdi, özümü gənc qız kimi hiss edirdim. Əməliyyatdan sonra bir ayağımda zəiflik qalıb, amma Şuşada özümü quş kimi hiss edirdim. Sanki gənclik illərimə qayıtmışdım. Allah bütün arzusunda olan insanlara bu sevinci yaşatsın.

 

“Xarıbülbül” festivalı çox gözəl keçdi. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi sözləri dinləyəndə kövrəldim. Heydər Əliyev hakimiyyətə gələndə atam demişdi ki, Şuşa azad olunacaq. O günləri xatırladım. Torpaqlarımızı ulu öndərin layiqli davamçısı bizə qaytardı. Bu sevinci bizə bəxş edən şəhidlərimizin ruhu şad olsun. Şuşa bərpa olunur, təmir işləri başlayıb. Müasir dizaynda “Xarıbülbül” hoteli tikilib. Elə bildim ki, xarici ölkədəyəm. Mənə elə gəlirdi ki, bütün dünya Şuşanı görmək istəyir.

 

 

 

Xalq artisti Murad Hüseynov:

 

Şuşada “Xarıbülbül” festivalında iştirak etdiyimizə görə hamımız çox xoşbəxtik. Uzun illər idi ki, əziz Şuşamız işğal altında idibiz hər zaman, hər bayram bir-birimizə arzu edirdik ki, növbəti bayramı Qarabağda qeyd edək. Şükür Allaha ki, bu gün artıq biz Şuşadayıq.

 

Burada olduğumuza görə ilk növbədə Prezident İlham Əliyevə minnətdarıq. Həmçinin bizim güclü Ordumuza minnətdarıq, çünki onlar bu müqəddəs şəhəri düşməndən azad etdilər. Bu, bir xoşbəxtlikdir, biz çox fərəhlənirik. Gözəl Şuşamızda Heydər Əliyev Fondu tərəfindən çox gözəl təşkil edilən festivalda iştirak etdik. Çox gözəl konsert idi. Bu hissləri sözlə ifadə etmək çox çətindir.

 

***

 

Dirijor, Əməkdar artist Fuad İbrahimovun festival zamanı çəkdirdiyi şəkil gündəm olub. 1982-ci ildə Şuşada anadan olan musiqiçi 9 yaşında öz doğma yurdunu Cıdır düzündən havaya qalxan vertolyotla tərk edibo vaxtdan yadigar bir foto qalıb. Fuad İbrahimov festivalda həmin foto ilə Cıdır düzündə yenidən şəkil çəkdirib. Təəssüratlarını isə bu fikirlərlə bölüşüb:

 

Şuşaya çatanda maşından düşdüyüm anı heç vaxt unuda bilməyəcəyəm. Ailəmlə birlikdə 1992-ci ilin yanvar ayının soyuq bir günündə Cıdır düzündən evakuasiya olunmuşduq. İndi, Allaha şükür, həmin yerdə belə gözəl, mötəbər bir festival təşkil edildi. Təəssüratlar sözlə ifadə ediləsi deyil. İllərdir Şuşa həsrəti ilə yaşayırdım. Ali Baş Komandanımıza, igid Ordumuza minnətdaram. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onlar bizə bu günü yaşatdılar. Həmişə təsəvvür edirdim ki, nə vaxtsa Şuşaya qayıdacağıq. Amma belə bir möhtəşəm qayıdış, həqiqətən, sanki bir yuxudur. Bir daha festivalın təşkilinə görə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm.

 

 

 

Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva-Cavanşir:

 

Şuşaya gedəcəyim günü çox səbirsizliklə gözləyirdim. “Şuşaya gedirik” kəlməsi bilirsiz mənim üçünidi?! Dünyanın 30-dan çox ölkəsində olmuşam, bu zaman keçirdiyim hissləri heç bir vaxt keçirməmişəm. O qədər həyəcanlı idim ki. Tək mən yox, bizimlə gedən bütün ziyalılar, sənətkarlarımız, jurnalistlərimiz, hamımız eyni vəziyyətdə idik. Şükürlər olsun, Şuşamıza girdik. Şuşa özünün gözəl təbiəti, uca və vüqarlı dağları, yaşıl yamacları, əzəməti ilə önümüzdə dayanmışdı. Düşmən nə qədər bizim tarixi abidələrimizi dağıtsa da, talan etsə də, Şuşanın əzəməti yerində idi. Bir zamanlar mənim ulu babam Pənahəli xan Cavanşir Şuşa şəhərini inşa etdirərkən məhz oranın relyefini, gözəl təbiətini nəzərə alaraq Qarabağın paytaxtı elan etmişdi. O qalanı tikdirərək dövrünün tanınmış ziyalılarını, alimlərini, musiqiçilərini, şairlərini, rəssamlarını, nəqqaşlarını şəhərdə yerləşdirmişdi. Sonradan isə Şuşada yaşamaq istəyənlər çöl qalada məskunlaşmışdılar. Dahi sənətkarımız Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını ifa edərkən o “Şuşalıyam, şuşalı” demək istəyirdi.

 

Zəfər imzalı Ali Baş Komandanımız təkcə biz qarabağlılara yox, ümumiyyətlə, bütün azərbaycanlılara elə bir sevinc bəxş etdi ki, bunu sözlə demək çox çətindir. Mehriban xanım Əliyeva uzun illər Heydər Əliyev Fondunun prezidenti olaraq Qarabağımızı, milli musiqi alətlərimizi, muğamımızı, milli-mənəvi dəyərlərimizi dünyada təbliğ edərək hər an, addım-addım öz əməlləri ilə bizi Qarabağımıza daha da yaxınlaşdırdı. Şəhidlərimizə, qəhrəman igidlərimizə Allahdan rəhmət diləyirəm. Onları böyüdüb boya-başa çatdıran valideynlərinin qarşısında mən baş əyirəm. Qazilərimizə cansağlığı arzu edirəm.

 

Hazırladı: Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 19 may.- S.5.