Milli Kitabxana Əbdürrəhim bəy Haqverdiyevin biblioqrafiyasını nəşr etdirib

 

Mayın 17-də görkəmli Azərbaycan ədibi, yazıçı-dramaturq, publisist, mədəniyyət xadimi, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin (1870 1933) anadan olmasının 151-ci ildönümü tamam oldu.

 

Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayıb. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Onun canlı həyat lövhələri ilə zəngin hekayələri Azərbaycan nəsrinin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirərək, maarifçiliyin alovlu təbliğatçısı kimi onu daim mədəni oyanışa və tərəqqiyə səsləyib. Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak edib və mədəni quruculuq işlərində yorulmadan çalışıb.

 

Ötən il Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq Azərbaycan Milli Kitabxanası Əbdürrəhim bəy Haqverdiyevin biblioqrafiyasını nəşr etdirib.

 

Milli Kitabxananın Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasında ərsəyə gələn biblioqrafiya 1892-2020-ci illərə aid Azərbaycan, rus və digər dillərdə çap olunmuş materialları əhatə edir. Biblioqrafiyada Haqverdiyevin kitabları, əlyazmaları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmipublisistik məqalələri, habelə dramaturqun həyat və yaradıcılığını əks etdirən materiallar öz əksini tapıb.

 

Qeyd edək ki, Ə.Haqverdiyev haqqında ilk biblioqrafiya Azərbaycan Dövlət Kitab Palatası tərəfindən 1964-cü ildə (Əbdürrəhim bəy Haqverdiyev: biblioqrafiya / Tərtibçi: V.Mirzəyeva; redaktor: R.Kazımov. ‒ Bakı, 1964. 72, [4] s.) nəşr olunub.

 

Azərbaycan Milli Kitabxanasının yubiley münasibətilə tərtib etdiyi yeni biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Biblioqrafiyanın əvvəlində Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2020-ci ildə imzaladığı Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamı, Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığının əsas tarixləri, Görkəmli şəxsiyyətlər Əbdürrəhim bəy Haqverdiyev haqqında, Əbdürrəhim bəy Haqverdiyevin müdrik fikirləri bölmələri verilib.

 

İlk dəfə olaraq Əbdürrəhim bəy Haqverdiyev dünya kitabxanalarında və Əbdürrəhim bəy Haqverdiyev dünya universitet kitabxanalarında bölmələri də tərtib edilərək biblioqrafiyaya daxil edilib. Biblioqrafik göstəricinin Əlavələr bölməsində Arxiv materialları; Elektron resurslar; Əbdürrəhim bəy Haqverdiyevin səhnələşdirilmiş əsərlərinin afişa və proqramları altbölmələri var.

 

Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə Haqverdiyevin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri də tərtib edilib.

 

Biblioqrafik göstərici ilə elektron formatda bu linkdə tanış olmaq olar: http://anl.az/down/Ebdurrerim.Haqverdiyev.pdf

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.5.