Arif adam

Bu gün onun doğum günüdür...

 

İndi hamının xatirələri çözələnir, onunla çəkilən fotolar sosial şəbəkələrdə boy verir. Fərqindəsiz, sanki son vaxtlar yalnız insanlar öləndə yadımıza düşürlər. Elə bil onlara olan münasibətimizi pis, yoxsa yaxşı, fərqi yoxdur öldüklərində dilə gətiririk. Niyə? Bunun cavabı uzun bir az da gileyli olduğuna görə söhbəti dəyişirəm.

 

Arifə bir işarə bəsdir deyib keçirəm gözünün dərinliyindəki izahsız kədəri gülüşü ilə gizlətməyə çalışan, qürub edən şöhrəti ilə ağrılı-acılı ömrünü bu günlərdə (7 may) tamaşaçılarına bağışlayan Xalq artisti Arif Quliyevi xatırlatmağa...

 

Onun fani dünyadan gedişi Azərbaycanın mədəniyyəti üçün yeri görünən itkidir. Ömrün 71-ci baharında həyatla vidalaşan gülən adam onu sevən tamaşaçıları üçün hər zaman ayrıca yerini qoruyub saxlayacaq.

 

Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

 

Əmək-sənət fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə paytaxta Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Təzə gəlində (S.Dağlı, C.Cahangirov) Şərbətəli, Gözün aydında (F.Əmirov, M.Əlizadə) Salyanski, Durnada (Səid Rüstəmov, Süleyman Rüstəmov) Dursun, Gurultulu məhəbbətdə (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, Özümüz bilərikdə (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, Hicranda (S.Rəhman, E.Sabitoğlu) Dursunov, Ev bizim, sirr bizimdə (Ş.Axundova, N.Gəncəli) Tofiq, Məşədi İbadda (Ü.Hacıbəyli) Hambal, Evlənmədə (N.V.Qoqol) Jevakin s. tamaşalardakı obrazları maraqla qarşılanıb.

 

Aktyor müxtəlif illərdə İrəvan Dövlət Azərbaycan Dram müstəqil Satira teatrlarında da çalışıb. Şans, Bığ əhvalatı, Qayınana, Lift əhvalatı, Yarımştat, Evləri köndələn yar digər televiziya tamaşalarında yaratdığı obrazlarına görə daha da tanınıb sevilib.

 

Bəyin oğurlanması, Yaramaz, Bəxt üzüyü, O dünyadan salam, Qəm pəncərəsi, Mənim şəhərim bədii filmlərində yaddaqalan, maraqlı rollar oynayıb.

 

Daha çox ikinci, üçüncü dərəcəli, epizodik rollarda oynamasından asılı olmayaraq, hər obrazında özünü tamaşaçıya ifadə edə bilib, onların diqqətini çəkməyi bacarıb.

 

1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl dərviş mükafatı Sənətkar medalı ilə təltif olunan aktyor Prezident təqaüdçüsü idi.

 

Arif Quliyev daha çox 90-cı illərin fenomeni, gülüş barometri idi. Bilmirəm niyə, amma o vaxt hamının gülməyə, xüsusən onun güldürməsinə ayrı bir ehtiyacı vardı. O da bunu, məhz bu tamarzılığı yaxşı bildiyindən konsertlərinə gələn ən qaradinməz, ən kədərli adamı da güldürmək üçün hər cür oyuna, hoqqabazlığa əl atırdı. Yox, bu hoqqabazlıq məsum, saf idi. Sözümü qəribliyə salmayın. Məşhur rejissor, teatr nəzəriyyəçisi Vsevolod Meyerholda görə, yaxşı aktyor həm hoqqabazlığı bacarmalıdır. Bu mənada o, yaxşı aktyor kateqoriyasına aid ediləcək səhnə adamlarından idi. Onun konsertləri daim anşlaq olurdu. Bəzən bir-birini təkrarlayan yumoru da onu sevənləri bezdirmirdi.

 

Ona gülən, onun güldüyünə gülən milyonlarla insan üçün həyat dramatizmindən, yaşamına hopmuş kədərdən, hər vəchlə gizlətməyə çalışdığı göz yaşından irəlidə gülüşü, güldürməyi gəlirdi.

 

Mübaliğəsiz deyək ki, xalq bu arif adamı sevirdi. Bunun illər sonra özüm üçün qəribə, bir az da təzadlı izahını tapdım: Arif Quliyev ağır dönəmdə, 90-cı illərin savaşlı, məhrumiyyətli, dərdli günlərində bizi güldürməyi boyuna biçilmiş vəzifəsi hesab edirdi. Bu mənada o həm fədakar, öz aktyor oyun-üslubundan qurbanlar verən oyunçu idi. Xalq onu həm ona görə sevirdi ki, onun necə olursa-olsun, güldürmək istəyində işıqlı, kədərli, təmiz niyyətini duyur onun bəzən komik olmayan obrazlarına, şarjlarına da məhz o təmiz niyyətinə görə gülürdü.

 

Arif Quliyev bizim nəsil uşaqların parlaq xatirəsi, ilıq, kövrək nostalgiyasıdır. Zarafat deyil, bir dəfə olsun insanları qıcıqlandıran, onların hisslərinə toxunacaq, ədəbsizliyə varacaq ifadə işlədib, zarafatlar eləmədi.

 

Son illər efir-ekran, adamların keçmişini reytinq üçün hər vəchlə üzünə vuran müəyyən verilişlər vasitəsilə bir-bir onun da faciələrini izləyib, dilindən eşitdim. O vaxtdan da ona gülməyi, daha doğrusu, onun gülüşünə gülməyi tərgitdim.

 

Yəqin mənim kimi bir çoxları da başa düşürdü ki, onun seçdiyi bu sənət və bu janr, əslində, onun öz yazısına etirazıdır. Tale ona bir-birinin ardınca zərbələr endirdikcə, kədərinə kədər qalaqladıqca o, inadla, israrla müqavimət göstərir, təslim olmaq istəmirdi. Beləcə, o gülərək ağlayır, biz isə ağlayaraq gülürdük...

 

Arif Quliyev mənim üçün rejissorların səhnədə tapa bilmədiyi, ya da tapmaq istəmədiyi aktyorlardan idi. Bilmirəm, yəqin bu həm də onun açıq mübarizədən, teatrlardakı müəyyən söz-söhbətlərdən, kulis çəkişmələrindən qaçmağından, sülhsevərliyindən irəli gəlirdi. Bir az da rol üçün savaşmayan, rejissora tanrı kimi baxmayan, tamaşa sırasını uzatmaq üçün teatr rəhbərliyinə dilxoşluq etməyən adamlardan idi. İddiasız idi. Böyük səhnələrə, böyük rollara iddia etmirdi. Amma səhnədən şövqlə danışırdı.

 

Heç vaxt baş rolda, əsas obrazda olmayan aktyorun necə, sözün tam mənasında, xalqın artisti, sevimlisi olduğunu bilməsəm də, tam dəqiq dərk etdiyim bir həqiqət var: Arif Quliyev güləndə də, güldürəndə də, ağlayanda da, ağladanda da özü idi...

 

Bu gün geriyə boylanıb Arif Quliyev obrazını gözlərim önünə gətirəndə nəzərlərim uşaq məzarları arasında ağlaya-ağlaya dolaşan, qəbir daşlarına Turbo saqqızlar düzən kişidə qalır, Mənim şəhərimin qarabəxtli insanlarının sevimli qonağı, saqqızsatan Piridə.

 

Ruhun daim şad olsun, bu dünyada qərib olan Arif adam...

 

Həmidə NİZAMİQIZI

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.6.