İçərişəhərdə ictimai incəsənət layihəsi

Mayın 20-də İçərişəhərdə Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik ictimai incəsənət layihəsinin açılışı olub.

 

Açılış mərasimində Azərbaycanda səfərdə olan Böyük Britaniyanın ixracat naziri Qraham Stüart da iştirak edib. O bildirib ki, təbiəti, ekosistemi qorumaq bizim həm fərdi, həm də kollektiv olaraq vəzifəmizdir. Biomüxtəlifliklə bağlı biz görünməmiş problemlərlə üzləşirik. Bunun səbəbləri isə təbii resursların həddindən çox istismarı, ətraf mühitin çirklənməsi, dəniz və torpaqdan istifadədə dəyişikliklərlə bağlıdır, - deyə nazir qeyd edib.

 

Britaniyalı nazir ölkəsinin bu ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı COP26 sammitinə ev sahibliyi edəcəyini deyib. Sammit iqlim dəyişikliyi üçün mübarizəyə daha çox səy göstərilməsinə, investisiyanın qoyulmasına, daha çox yaşıl işlərin açılmasına təkan verəcək.

 

Nazir deyib ki, bu sammitdə iştirak Azərbaycanın bu gün aparıcı olan neft-qaz iqtisadiyyatından gələcəkdə yaşıl iqtisadiyyata keçməsinə kömək edə bilər: Biz Azərbaycanı bu istiqamətdə dəstəkləyirik və inanırıq ki, bizim təcrübəmiz nümunə ola bilər.

 

Qeyd edək ki, incəsənət layihəsinin müəllifi rəssam Nəzrin Məmmədovadır. Onun təqdim etdiyi əsərlər Azərbaycanın yerli və nəsli kəsilməkdə olan bitkilərinə həsr olunub.

 

 

Mədəniyyət.- 2021.- 21 may.- S.1.