Aşıq Ələsgər200 mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyimuxtar respublikadakı ali təhsil müəssisələrinin iştirakı ilə Aşıq Ələsgər 200 mövzusunda elmi konfrans olub.

 

Konfransda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsinin yaradıcılığına nəzər salıb. Bildirib ki, Aşıq Ələsgərin əsərləri vətənpərvərlik, insansevərlik, el-obaya bağlılıq kimi yüksək insani keyfiyyətləri təcəssüm etdirən mükəmməl xəzinədir. Onun yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb və müxtəlif səpkili araşdırmalar davam etməkdədir. Diqqətə çatdırılıb ki, AMEA Naxçıvan Bölməsinin Elmi əsərlər jurnalının nəşrə hazırlanan xüsusi nömrəsi Aşıq Ələsgər irsinin tədqiqinə həsr olunub.

 

Vurğulanıb ki, Aşıq Ələsgərin yubileylərinin qeyd edilməsi, əsərlərinin böyük tirajla nəşr olunması və təbliği bütövlükdə ədəbiyyatımıza, mədəni irsimizə diqqət və qayğının təzahürüdür.

 

Konfransda Naxçıvan MR Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar Aşıq Ələsgər yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Naxçıvan Müəllimlər İnstitutunun professoru Yusif Səfərov Aşıq Ələsgərin Naxçıvan səfəri, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərov Aşıq Ələsgər yaradıcılığında ənənə və novatorluq, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Nuray Əliyeva Aşıq Ələsgər yaradıcılığının dilüslub xüsusiyyətləri və Naxçıvan Universitetinin kafedra müdiri, dosent Nüşabə Məmmədova Aşıq Ələsgərin həyatı ilə bağlı dastan-rəvayətlər mövzusunda məruzə ediblər.

 

 

Mədəniyyət.- 2021.- 21 may.- S.4.