Üzeyir bəyin yetirməsi, Qarayevin sevimli tələbəsi

Xalqımızın estetik fikrinin formalaşmasında, tamaşaçı və dinləyici zövqünün inkişafında əməyi olan bəstəkarlarımızdan biri də Azərbaycanın və SSRİ-nin Xalq artisti, ictimai xadim Rauf Hacıyevdir. Görkəmli sənətkar təkrarsız əsərləri ilə musiqi xəzinəmizə zənginlik qatıb.

 

Rauf Soltan oğlu Hacıyev 15 may 1922-ci ildə Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. Atası məşhur tarzən Qurban Pirimovun yetirməsi olub. Anası Nanə xanım isə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Abayevanın vaxtilə himayəyə götürdüyü on uşaqdan biri olub. 1937-ci ildə repressiya dalğası onun atasını da qərq edir və ailə dağılır. Rauf Zərdabinin qızı Qəribsoltan xanımın himayəsində qalır.

 

Gənc Rauf erkən çağlardan musiqiyə maraq göstərir. Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyevadan musiqinin sirlərini öyrənir. Fortepiano üçün yazdığı Tarantella, Dağıstan, Ləzginka pyeslərini dahi bəstəkar Üzeyir bəy dinləyir və yüksək qiymətləndirir. Bunların ardınca Samur, Mingəçevir, Gənclik marşı əsərlərini tamamlayır. Sonra Tələbələrin istəkləri operettasını bəstələyir. Mahnı janrı gənc bəstəkarın yaradıcılığında əhəmiyyətli yer tutmağa başlayır. Onun Sevgilim, Mənim Azərbaycanım, Lirik mahnı, Bahar gəlir, Sevimli şəhər, Bakı haqqında mahnı, Leyla, Neft Daşlarında, Ceyrans. mahnıları populyarlıq qazanır.

 

Bəstəkar sevdiyi, uğur qazandığı sahədə ali təhsil almaq istəyirdi. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Sonra P.İ.Çaykovski adına Moskva Konservatoriyasına dəyişilir. Burada da bir il oxuyur, 1949-cu ildə yenidən Azərbaycan Dövlət Konservatoriyasına qayıdır. Burada görkəmli bəstəkar Qara Qarayevin sevimli tələbələrindən olur.

 

Rauf Hacıyev 1956-cı ildə solistləri Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova və Yevgeni Devisdən ibarət caz orkestrini yaradır. Bu musiqi kollektivi keçmiş SSRİ məkanının əksər ölkələrində qastrol səfərlərində olur.

 

Araşdırmalarda qeyd edilir ki, Rauf Hacıyev parlaq istedadını daha çox operetta janrında göstərib, 7 operetta yazıb. Onlardan beşi Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Müəllifin Moskvada tamaşaya qoyulan ilk əsəri Romeo mənim qonşumdur operettasıdır. Operetta 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda Azərbaycanfilmdə ekranlaşdırılır.

 

Bəstəkarın operettalarından biri də Mənim məhəbbətim Kubadır. Bu əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. Əsərdə Kuba xalqının milli xarakteri, musiqi sənətinin xüsusiyyətləri əksini tapıb. Operettanın musiqi dramaturgiyasının əsasını üç melodiya təşkil edib. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hissləridir. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb.

 

Rauf Hacıyevin Dördüncü fəqərə, Qafqaz əsiri, Ana, mən evlənirəm, Yolayrıcında operettaları da maraqlı nümunələrdir. Dördüncü fəqərə Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Bəstəkar bu əsəri ilə kəskin siyasi-ictimai qayəli operetta yaratmağa nail olub.

 

Yazmaq, yaratmaq eşqi ilə coşub-çağlayan sənətkar bir neçə filmə də musiqi bəstələyib. Əhməd haradadır?, Mən rəqs edəcəyəm, Bir qalanın sirri, Kölgələr sürünür, Qara daşlars. filmlərə yazdığı musiqilər obrazların dolğun ifadəsini, melodikliyini və şəffaflığını aydınlaşdıraraq könülləri oxşayır.

 

Rauf Hacıyev uğurlu sənət yolu keçməklə yanaşı, ictimai xadim kimi də fəaliyyət göstərib. 1965-1971-ci illərdə respublikanın mədəniyyət naziri işləyib. Bu vəzifədə çalışdığı müddətdə Dövlət Rəqs Ansamblı yaranıb, habelə Dövlət Xor Kapellasının fəaliyyəti bərpa edilib. Bundan əlavə, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada ilk dəfə Bakıda Xalça Muzeyi açılıb. Dövlət OperaBalet Teatrının balet truppası ilk dəfə Parisdə qastrol səfərində olub, Qrand Operanın səhnəsində çıxış edib.

 

Bəstəkar 1971-ci ildə Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzairdə mədəniyyət qrupuna rəhbərlik edir. Qrupun məqsədi bu ölkədə musiqi təhsilinə, milli musiqiçi kadrların hazırlanmasına kömək göstərmək idi. O, Əlcəzair Milli Konservatoriyasında çalışarkən ölkənin mədəniyyət tarixini dərindən öyrənir. Xalq musiqisi nümunələrini toplayaraq nota köçürür. Topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Əlcəzairdə ilk Dram Teatrı, Milli Musiqi Teatrı açılır. Teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da yaradılır. Milli teatr kollektivi üçün ilk baleti də (Üç inqilab) Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə Rauf Hacıyev yazır.

 

Rauf Hacıyev Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında İdarə heyətinin birinci katibi, VI qurultayda isə ittifaqın katibi seçilib. O, həmçinin Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik edib.

 

Bəstəkar 1964-cü ildə respublikamızın Xalq artisti, 1978-ci ildə SSRİ-nin Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 19 sentyabr 1995-ci ildə, 73 yaşında vəfat edib. Hazırda paytaxtımızda fəaliyyət göstərən 15 nömrəli musiqi məktəbi bəstəkarın adını daşıyır.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 21 may.- S.6.