Səhnə həsrətli söhbət

O illər çox məhsuldar və sənət uğurlu idi. Teatra, səhnəyə, sənətə qəribə bir sevgi yaranmışdı

 

 

Təqdimat: Yasin Mikayıl oğlu Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Qapanlı kəndində doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən musiqili komediya aktyoru ixtisası üzrə məzun olub. 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. Bu teatrın səhnəsində bir-birindən parlaq rollar oynayıb, fərqli mövzulu əsərlərin qəhrəmanlarına uğurlu səhnə həyatı verə bilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1991-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına, bir neçə dəfə Prezident mükafatına layiq görülüb. Prezident təqaüdçüsüdür.

 

Amerika yazıçısı Con Apdayk deyir ki, sənətin gücü içində gizlənmiş əzabla ölçülür, kim ki əzab çəkməyib, onun deməyə sözü yoxdur. Bilmirəm, qəhrəmanım bu postmodernist ədəbiyyatın parlaq nümayəndəsi ilə razıdır, yoxsa yox. Amma zaman ötdükcə və həyatla dialoqumuzda güclü və zəif tərəflərin müqayisəsi mərhələsinə keçdikcə ona haqq qazandırmağa başlayırsan. Çünki sənətdə əsl sənətkarlıq məqamına yalnız sənət fədailəri yetişə bilirlər.

 

Sənət, səhnə adamı kimi onu tanımayan az insan tapılar. Teatrteleviziya tamaşaları, 90-cı illərin tele-şouları, son zamanlar filmseriallarda onu daha çox görməyə başlamışıq. İnadkar, prinsipial aktyor olmaqla yanaşı, həm də maraqlı həmsöhbətdir.

 

Onunla 75-ci ad gününün astanasında söhbətləşdim. Həmsöhbətimiz Xalq artisti Yasin Qarayevdir.

 

 

Yasin müəllim, gəlin, şərtləşək: elə söhbətləşək ki, bizi maskaya təhkim edən koronavirus da utansın. Razısınızsa, başlayaq...

 

Sözün düzü, çoxdandır maraqlı bir həmsöhbət axtarırdım. Eyni istəkdə olmağımıza şadam. Danışmağına danışaq e, amma mən inanmıram ki, bizim söhbətimizdən koronavirus utanıb xəcalət çəkə. Onda o üz olsaydı, bizi bu kökə salmazdı (gülür).

 

 

Haqlısınız. Pandemiya bizi bir ildən də çoxdur ki, teatrdan ayrı salıb. Tamaşaçının halından çox aktyorun və teatrın güzəranı yamandı yəqin?

 

Pandemiya bizi tək teatrdan yox, eldən-obadan, elin adət-ənənəsindən, xeyirdən, şərdən, qohumdan, qardaşdan, ümumiyyətlə, hər şeydən ayrı saldı. Və təkcə tamaşaçı, aktyor və teatrın yox, bütövlükdə dünyanın güzəranı yaman oldu. Mənə belə gəlir ki, hazırkı məqamda dünyada darıxmayan adam yoxdur.

 

 

Teatr üçün aktyor nədir hamımız bilirikbu cavab daim birtərəfli olur. Aktyor üçün teatr və teatrsızlıq nədir? Bu amansız var-gəldə sizin düşüncələriniz maraqlıdır.

 

Mənim fikrimcə, teatrsız aktyor, sudan çıxarılmış balıq kimidir. Yola saldığımız teatrsız bir ili fikirləşdikcə mənə elə gəlir ki, teatrlı günlərim bir yuxu, ya da çoxdan baxdığım maraqlı bir kino imiş.

 

 

Yaşınızın üstünə yaş gəlir. Zaman ötdükcə insanın həyat haqqında düşüncələri də dəyişir. Unudulmaq qorxusu bu düşüncələrdə kök salmayıb ki?

 

Zaman-zaman siz deyən hisslər, hətta ən amansızları da adamın yaxasından tutur. Amma bir həqiqət var ki, insan reallıqla barışmalıdır. Yəni, yaş çoxaldıqca ömür azalır və sən istər-istəməz... Odur ki, zaman ötdükcə daha çox yarımçıq qalmış işlər haqqında narahatlıq keçirirxeyli tələskən olursan.

 

 

75 yaşınızı necə qeyd edəcəksiniz və ümumən sizin üçün ad günləri nə ifadə edir?

 

Çox təmtəraqlı olmasa da, mən ildə iki dəfə ad günü qeyd edirəm. Mayın və iyulun 22-si. Biri atamın ad günüdür, biri də mənim. Rəhmətlik atam doğulduğum kəndin məktəbində direktor olub. Müharibədən yaralı gəlib və bundan da dünyasını dəyişib. O, dünyasını dəyişəndə mən hələ ana bətnində olmuşam. Atam may ayında rəhmətə gedib, bundan iki ay sonra isə, iyulda mən doğulmuşam. Lakin qohumlar doğum haqqında şəhadətnaməmdə atamın ölüm gününü mənə doğum günü kimi yazdırıblar. O günü də mən ad günü kimi qeyd edirəm.

 

 

1974-cü ildən bir teatrın Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində qalmaq sadiqlikdir, yoxsa bağlılıq?

 

Mən bu teatrda Azərbaycan teatrkinosunun çox böyük sənətkarları olan Yusif Vəliyev, Süleyman Ələsgərov və Hüseynağa Sadıqovu görmüşəm. Sadiqliyimə və bağlılığıma səbəb onların müdrik vəsiyyət və nəsihətləri olub. Yasin, bala, Allah səni bu teatr üçün yaradıb. Çünki sənin boy-buxunun, səsin, yerişin, duruşun bu teatra uyğundur, deyiblər. Özümü bu teatrın səhnəsində tapmışam və heç vaxt təəssüflənməmişəm.

 

 

Bu gün yumorun, komediyanın mənzərəsi necədir və ucuz gülüşə uduzması ilə razısınızmı?

 

Mən sizə bir söz deyim. Bir il əvvəl torpaqlarımızın 30 illik işğaldan 44 günə azaq olunacağını kim desəydi, inanmazdıq. Gördünüz ki, vaxt, zaman böyük Zəfəri yetişdirdi. Müzəffər Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyev kimi ölkə başçısı sayəsində Şuşada xalqımızın böyük Qələbəsi bayram edilir. Mən inanıram ki, məhz belə tərəqqi, inqilabi dönüş teatr kinomuzda da olacaq.

 

 

İnamımızı itirmədən sizi yenidən ötən illərə aparacağam. 70-80-ci illərdə tamaşaçı ilə birbaşa ünsiyyət üçün səfərlər, çıxışlar geniş hal almışdı. Rayonlarda, ucqar kəndlərdə yaşayan insanlar qarşısında çıxış edən sənət adamları arasında siz vardınız o zamanlar heç kim arzularla, gələcək teatr planları ilə yaşamırdı...

 

Bəli, yadımdadır. O illər çox məhsuldar sənət uğurlu idi. Teatra, səhnəyə, sənətə qəribə bir sevgi yaranmışdı. Yadımdadır, 1979-cu ildə Gənc Tamaşaçılar Teatrının yeni binasının tikilməsi üçün göstəriş verildi biz müvəqqəti olaraq Teatr Xadimləri İttifaqının Aktyorlar evində məskunlaşdıq. Teatr üçün lazımi şərait tamamilə yox idi. Sonradan da tikilən binanın əsaslı təmiri düz 3 il çəkdi. Bütün bunlar teatrın fəaliyyətinə mənfi təsir göstərirdi. Odur ki, truppa səyyar kollektiv kimi dəstələrə bölünüb teatrı yaşatmaq xatirinə səhnəciklər, komediyalardan parçalar oynamaq məcburiyyətində qaldı. Sənət dostlarım Gülşən Qurbanova, Xuraman Hacıyeva, Azər Mirzəyev, Mübariz Əlixanoğlu, Cəfər Əhmədov (Cəfər Namiq Kamal) mən repertuarımızda olan maraqlı komediya səhnəcikləri ilə Azərbaycanın bütün bölgələrində çıxışlar etdik. Hər yerdə bizi hərarətlə qarşılayırdılar. Teatra, aktyora sevgi yüksək səviyyədə idi. Bölgələrdə çıxışlarımız alqış gül-çiçək yağışına qərq olurdu. Bax, bu sadaladığım səhnə fədailərinin güc, iradə fədakarlığı sayəsində teatr layiqincə təbliğ təmsil olundu.

 

 

İndiki ifadə ilə desək, sketç bu kimi səhnələrin peşəkar komediya ilə müqayisəsi dərəcədə düzgündür bu müqayisəyə rəvac verən kimlərdir: ucuz gülüşə qaçmaq istəyən peşəkarlar, yoxsa fərqi ayırd edə bilməyən tamaşaçılar?

 

Mənim fikrimcə, dediklərinizin hamısı müvəqqəti haldır. Tarixən teatrlar da, aktyorlar da, elə tamaşaçılar da belə hallarla dəfələrlə üzləşiblər.

 

 

Satira, sarkazm, düşündürücü gülüş lağlağıya uduzub?

 

Məsələyə bir az fərqli rakursdan baxsaq, məncə, yox. Vaxtilə rəhmətlik Arif Quliyev səhnəyə komediyanın klounada janrını gətirdi. Düşünürəm ki, dediyiniz lağlağı da zaman-zaman cilalanıb sənət qəlibinə düşə bilər.

 

 

Aktyor nəsilləri arasında müqayisə gənclərə münasibətiniz maraqlıdır...

 

İşlədiyim illər ərzində mən bir neçə aktyor nəsli görmüşəm. Təbii ki, aktyorun yetişməsi üçün vaxt, zaman şərait lazımdır. Bu da ən azından 15-20 il deməkdir.

 

 

Oynamadığınız rolların həsrəti üstələyir, yoxsa yeni tamaşalar üçün həvəs hazırlıq?

 

Belə götürəndə oynadığım rolların həsrəti daha çox üstünlük təşkil edir. Çünki o rollarda gənclik, gözəllik, fiziki potensial imkanlar çox idi.

 

 

Yaşınızın obrazı hansıdır onu necə təsəvvür edirsiniz?

 

İnişil Oqtay Eloğlu tamaşasında Hacı Zamanı oynadım. Məni qınamayın, bu rolu oynayanda mənim üçün izahı çətin olan bir vəziyyət yaşadım. Bəlkə Hacı Zaman Yasin Qarayev yaşının obrazı idi..

 

Söhbətləşdi: Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 21 may.- S.5.