Vətən uğrunda canını fəda edənlər

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı şəhidlərin xatirəsinə həsr etdiyi silsilə virtual kompozisiyaları davam etdirir.

 

Kollektivin budəfəki səhnə işi Vətən müharibəsi şəhidi Elmir Akifzadənin xatirəsinə ithaf olunub. Yazıçı-publisist Nurəddin Ədiloğlunun şəhidlə bağlı mətbuatda dərc edilmiş yazıları əsasında hazırlanan Kövrələn buludlar adlı tamaşa-kompozisiyada mədəniyyət işçiləri və Masallı Dövlət Regional Kollecinin tələbələri rol alıblar. Müğənnilərin ifasında musiqi parçası səslənib. Virtual təqdimatdan sonra regional idarənin rəisi Bəxtiyar Qılıncov şəhidin valideynləri ilə görüşüb, igid Vətən övladının ruhuna ehtiramını ifadə edib.

 

Masallı rayon Heydər Əliyev Mərkəzində jurnalist Gülsüm Adilqızının Elm və təhsil nəşriyyatında çapdan çıxmış Şəhidlər zirvəsinin fatehləri və Murad ömrü kitablarının təqdimatı olub.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mir Cəlal Paşayev Ev-Muzeyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Rəşad Məmmədovun anası ilə onlayn görüş keçirilib.

 

***

 

Sabirabad rayonunun Cavad kəndində Şəhidlər unudulmur abidə kompleksi açılıb. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə abidənin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxbabalı kənd klubunun əməkdaşları Vətən müharibəsinin şəhid baş çavuşu Ramin Əliyevin ailəsini ziyarət ediblər.

 

Ağdam rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Üçoğlan kənd Qeys Əliyev adına mədəniyyət evi və 6 nömrəli Səfərli kənd kitabxanasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazisi Elvin Soltanlıya həsr edilmiş Vətən naminə adlı onlayn tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 26 may.- S.4.