Sənətinə vurğunluğu ilə nəsillərə örnək sənətkar

XX yüzilliyin əvvəllərində Azərbaycan səhnəsində gözəl səsi və özünəməxsus aktyor ifası ilə parlayan sənətkarlardan biri də tanınmış opera müğənnisi, Xalq artisti Hüseynağa Hacıbababəyov olub. O, milli səhnəmizdə aktyor-ifaçılara ciddi ehtiyac duyulduğu bir zamanda teatr sənətinin inkişafı üçün böyük fədakarlıq göstərənlərdəndir.

 

Hüseynağa Soltan oğlu Hacıbababəyov 19 may 1898-ci ildə Şamaxı şəhərində anadan olub. Kəlağayı toxucusu işləyən atası güzəranını yaxşılaşdırmaq üçün 1902-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçür. Hüseynağa 1905-ci ildə Alekseyevski məktəbinə gedir. Bir müddət sonra görkəmli maarif xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi Həbib bəy adı ilə tanınan məktəbdə təhsilini davam etdirir. Burada onun musiqi müəllimi aktyorictimai xadim Hənəfi Terequlov (Üzeyir Hacıbəylinin qaynı) olur. Hüseynağa məlahətli və şaqraq səsi ilə diqqəti çəkir. Məktəbin özfəaliyyət konsertlərində-xorda çıxış edir. Get-gedə püxtələşir, sonra xorun solo hissəsini ifa etməyə başlayır. Ancaq ailənin güzəranının çətinləşməsi səbəbindən təhsilini davam etdirə bilmir.

 

10 yaşlı Hüseynağa üçün Nicat xeyriyyə cəmiyyətinə müraciət edir. Müəyyən tanışlıqdan sonra onu teatr truppasının xoruna qəbul edirlər. 1913-cü ildə Səfa mədəni-maarif cəmiyyətinin teatr truppasında Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi Müsəlman opera artistləri dəstəsinə dəyişilir. Üzeyir Hacıbəylinin rəhbərliyi altında dramatik və musiqili teatr aktyoru kimi fəaliyyət göstərir. C.Zeynalov, H.Ərəblinski, M.Əliyev, S.Ruhulla, Ə.Hüseynzadə, D.Bünyadzadə və başqa tanınmış mədəniyyət xadimləri ilə birgə çalışır.

 

Professor İlham Rəhimli Azərbaycan teatr tarixi kitabında yazır ki, Hüseynağa Hacıbababəyov 1919-cu ildən 1925-ci ilin avqustuna qədər Dövlət Dram Teatrının truppasında çalışır. Əsasən opera tamaşalarında xorda oxuyur. Bəzən dram tamaşalarında da iştirak edir. Səfa cəmiyyətinin dram dərnəyində H.Ərəblinski ilk dəfə Dəmirçi Gavə əsərini tamaşaya qoyarkən o, Gavənin oğlu rolunu canlandırır. Aktyor həmçinin C.Zeynalovun iştirakı ilə dram, komediya və məzhəkələrdə qadın rollarında da səhnəyə çıxır.

 

1916-cı ildə Cəlil Məmmədquluzadənin Ölülər komediyası ilk dəfə H.Ərəblinskinin quruluşunda tamaşaya qoyulur. Nazlı rolunda H.Hacıbababəyov çıxış edir. Tamaşa başa çatdıqdan sonra Mirzə Cəlil aktyoru salamlayır, onun ifasının təbii və inandırıcı təsir bağışladığını vurğulayır.

 

1915-ci ilin yayında H.Hacıbababəyovun da yer aldığı, A.M.Şərifzadənin rəhbərlik etdiyi teatr truppası Rusiyanın Petrovsk (Mahaçqala), Dərbənd, Vladiqafqaz bölgələrində qastrol səfərlərində olur. Gənc Hüseynağa Əsli və Kərəm operasında Əslinin partiyasını yüksək sənətkarlıqla ifa edir. O, bu uğurlu çıxışdan sonra Üzeyir Hacıbəylinin rəhbərliyi ilə təşkil edilən yeni opera aktyorları heyətinə qəbul edilir.

 

İstedadlı aktyor uzun müddət operaoperettalarda Leyli (Leyli və Məcnun), Əsli (Əsli və Kərəm), Xurşudbanu (Şah AbbasXurşudbanu), Gülçöhrə və Cahan xala (Arşın mal alan), Gülzar (O olmasın, bu olsun), Qəribin anası (Aşıq Qərib) və s. partiyaları uğurla ifa edir, tamaşaçıların rəğbətini qazanır.

 

Aktyorun Əsli rolundakı uğurlu çıxışı mətbuatda vurğulanmışdı. Həmin dövrdə Sədayi-həqq qəzeti yazırdı: Səhnəmizdə qadınların olmaması kəsirli bir cəhətdir. Lakin buna baxmayaraq, Hüseynağa Hacıbababəyov Əsli rolunda elə gözəl oxuyur və oynayır ki, bu kəsiri unudub biz səhnədə gözəl bir qızı görürük. Həmin qəzetdə dərc olunan başqa bir məqalədə isə aktyorun canlandırdığı Leyli obrazı yüksək qiymətləndirilmişdi: Hüseynağa Hacıbababəyov Leyli rolunda böyük məharətlə çıxış edərək tamaşaçıları oxuması və oynaması ilə valeh etdi. Xüsusən Xoşdur nə qədri eyləsə yarım cəfa mənə rədifli qəzəlini elə təsirli oxudu ki, salondakı tamaşaçılar hönkürtü ilə ağladılar.

 

Lirik tenor səsi olan H.Hacıbababəyov 1925-ci ildən muğam operalarında və xarici bəstəkarların operalarında çıxış edib. Aşıq Qəribdə Qərib, Leyli və Məcnunda Məcnun, Əsli və Kərəmdə Kərəm, O olmasın, bu olsunda Sərvər, Şah İsmayılda Şah İsmayıl, Xosrov və Şirində Xosrov, Qar qızda Çar Brendey, Sadkoda Hindli qonaq, Yevgeni Onegində Lenski, Sevilya bərbərində Qraf Almoviya partiyalarında yüksək sənətkarlıq nümayiş etdirib. Səhnə yaradıcılığı yüksək qiymətləndirilən aktyor 1934-cü ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.

 

1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasına Azərbaycan Dövlət OperaBalet Teatrı Koroğlu, Şahsənəm, Nərgiz operaları və Arşın mal alan operettası ilə gedir. Tamaşalar Böyük Teatrın səhnəsində nümayiş olunur. H.Hacıbababəyov Qərib (Şah Sənəm), Əlyar (Nərgiz), Süleyman (Arşın mal alan) partiyalarını uğurla ifa edir. Həmin vaxt Sovet artisti qəzeti Arşın mal alan tamaşası haqqında yazırdı: Bülbül və Hacıbababəyov özlərini bir komik aktyor kimi də göstərdilər. Səhnədə çox çevik davranır, sərbəst oyunları ilə çətin dialoqların və kupletlərin öhdəsindən ustalıqla gəldilər.

 

H.Hacıbababəyov dekadanın yekun konsertində muğamxalq mahnılarını ifa edir. Çıxışı alqışlarla qarşılanır. Konsertdən sonra məşhur musiqişünas, professor Viktor Vinoqradov sənətkarı salamlayır və onu görkəmli lirik tenor müğənnilərlə müqayisə edir. Sənətkar qüdrətini Moskvada da layiqincə göstərməyə nail olan aktyora həmin il (1938) respublikanın Xalq artisti fəxri adı verilir. O daha sonra Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenlərinə də layiq görülür.

 

Azərbaycan musiqisinin inkişafına töhfələr verən H.Hacıbababəyov operaoperettalarda baş partiyaları ifa etməklə bərabər, muğamxalq mahnılarımızı da böyük sənətkarlıqla ifa edib. Radionun qızıl fondunda onun vaxtilə lentə yazdırdığı Bayatı-Şiraz, Segah-zabulMahur-hindi muğam dəsgahları qorunub saxlanılır.

 

Hüseynağa Hacıbababəyov 10 noyabr 1972-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 26 may.- S.6.