Sənəttək maraqlı yaşamlar...

 

 

İkiyə bölünmüş məmləkətində məcburənmühacir Tahir, zorənqərib Söhrab ömrü kimi...

 

Sənət və... siyasət (?)...

 

Bu mövzuyla (nə elmi, nə helmi) məşğul olmasam da, tarixi mənbələrdəki “ədiblər və şahlar”, “qılınclar-qələmlər” səpkili nümunələrdən bilirəm ki, belə bir tərkib həmişə olubolacaq.

 

Mətləbi konkretləşdirək (“xırdalayaq”); ədəbiyyat və siyasət...

 

Konumuzun açması üçün, hələ də “o tay – bu tay” taleyilə yaşamaqda olan məmləkətimizin ötən yüzillik yaşantılarını xatırlayıban deyə bilərik ki, həmin dövrlərin ən qəddar dönəmlərində milli “mən”imizdən, saxta altruizmlikdən xali vətənpərvərlikdən gur-gur danışmış (yazmış, leqal mübarizə aparmış) sırf siyasətçi oğullarımızı barmaqla saya biləcəyimiz halda, ədiblərimiz (xüsusən də şairlər!) sırasında xeyli möhtərəm-möhtəşəm obrazlar yarandı.

 

 

 

Onlardan biri Söhrab Tahir...

 

 

 

Çox keşməkeşli həyat yaşamalı olmuş bu Xalq şairinin ilkin təqdimatını elə onun ömür uzunluğuna (90 il) müqabil edirəm:

 

1926-cı il mayın 27-də İranın Astara şəhərində doğulmuş, 9-cu sinfədək orada təhsil almış, güzəran çətinliyi üzündən atasıyla “İran-İngilis neft şirkəti”ndə fəhlə işləmiş, milli azadlıq hərəkatında fəal iştirak etmiş, 1946-da bu tayımıza göndərilərək Bakı Tibb Məktəbində stomatoloq-feldşer ixtisası almış, məlum İran irticası nəticəsində burada qalıb, Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində oxumuş (1952-1957), ardınca Moskvada Ali ədəbiyyat kurslarının müdavimi olmuş, Azərbaycan Demokratik Firqəsinin Bakı komitəsində I katib, “Səhər” jurnalında baş redaktor müavini, “Azərbaycan” jurnalının şöbə müdiri redaktoru, Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyəti, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyəti, “Yazıçı” nəşiryyatının bədii şurası, Azərbaycan Ədəbiyyat Fondu idarə heyəti SSRİ Ədəbiyyat Fondu plenumunun üzvü olmuş, 1998-ci ildə “Xalq şairi” fəxri adına, 2006-cı ildə “Şöhrət” ordeninə layiq görülmüş … uzun illər əziyyət çəkdiyi şəkər xəstəliyindən 4 may 2016-da dünyasını dəyişmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.

 

Elə ədəbi-bədii kitablarının adları da bu ədibin real həyat hekayətinin halay-dolaylarından xəbər verir: “Vətənlə sevgi arasında (şeirlər poemalar), “Qonşu qızın məktubları (povest roman), “Əmanət” (povestlər), “Sevgi əfsanəsi” (şeirlər, poemalar), ”Lirika” s.

 

 

 

Ürək növləri...

 

 

 

Doğulduğu tayımızda iyirmi il bu tay arzusu ilə, qalmağa məcbur olduğu bu tayımızda isə əlli ilədək o tay həsrətilə yaşamağa məhkum olmuş bir şairin ürək kardioqramını necə çizməli, qəlb sindromunu tövr pardaq-paraflamalı? Ki, bu qədər həsrət yükü ilə bu qədər uzun yaşaya “bilməyi” ona “çox görən” “məntiq” qisminin sərfəsi sakitləşsin, milli Vətən Bütövlüyünə yallı gödən prizmasından baxan “əntiq” qismin beyin piyi ərisin, “İki bölünməkdən elə qorxmuşam, Çöpü ikiyə bölmərəm daha” kimi fikirləri eşidərkən sir-sifəti ironik rəqslərə qərq olan “ar” qismin ər tükü tərpənsin...     

 

Belənçik-bələnçik “qisim”lərə antiqisimlər dilindən: “bu ADAMI milli görüşə – sərhəd açılımına təşnəlik iksiri yaşadırdı” deyibən, –

 

 

 

Keçək mətləbə

 

 

 

Doxsanillik ömür olayları (19 yaşında əlinə silah alıb, S.C.Pişəvərinin başcılığı altında müstəqil dövlət uğuruna savaşması, yetmiş yaşlı qələmilə vətənpərvərlər cameəsi yaratmaq çabaları) ilə Azərbaycan ədəbi-siyasi tarixinin bir parçasına çevrilib bu şair. Mübarizəsini durdurmadan “dözüm”, “səbir” obrazına çevrilib. Bəzən bu “obraz”la söhbətləşib, bu “daxili mən”ə xitablar edib: 

 

Dərdsiz vaxtlarını görmüşəm bəzən,

Dərdsizlik dərd olub sənə həyatda,

Özgələr dərdini atıb üstündən,

Sən dərdsiz olmaqdan qorxmusan hətta...

 

1988-ci il. Sərhədlər açılır. Qırx iki illik həsrətdən sonra doğma yurda gedir. Evlərində onu tanımırlar. “Ay qonaq, kimsən” sualıyla ona göz dikmiş xalasına: “Mən səni səsindən tanıdım, ay xala, qoy özümə gəlim, bir az danışım ki, sən məni tanıyasan”. Kimliyi bilinəndən sonra “misli-bərabəri görünməmiş haray-həşir, ağlaşma...”.

 

Xalası deyib, sən ağla, a tifil Tahir! Ağla ki, ürəyin boşalsın, partlamasın. “Ay xala, gözümdə yaşmı qalıb ağlamağa? Qırx iki ildi sərasər ağlayıram...”.

 

Bir vaxt bu şairin anası ilə görüşü (özü bu tayda!) isə kontekstlik yox, bütöv bir tekstlik, bəlkə epopeyalıqdır ki, bunu bir qəzet yazısında bəyan etmək mümkünsüz...

 

Hər görüşdə, hər söhbətdə sözünün əvvəli , axırı da Vətən olmuş bir şairin öz xalası ilə söhbətində dediyi “qırx il sərasər” ağlaya bilmək “yalan”ına inanmamaq da mümkünsüz...

 

Bu taylı Müşfiqimiz deyirdi; “Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq”, bu otaylı şairimizsə, Sovetin qılıncının dalı-qabağı kəsən vaxtlarda hayqırırdı:

 

Yüz illər keçsə bu ayrılıqdan,

Öz birlik haqqını bu xalq alacaq!

 

“Qlavlit”lər, “işverən”lər üzündən, bəzən, misralarında “qiyabi-ehtimali” bəyanlıqlar da edən bu şair, milli ayrılığı nəinki yaxına buraxmaq, hətta sabaha da qoymaq istəmirdi. Tam inandığı həmsöhbətlərlə rastlaşanda isə, haçansa qələmlə dediyi bəzi fikirlərində “şifahi redaktə”lər edərdi. Məsələn, bir kərə, “çöp” obrazlı məlum ( məşhur!) “Daha” şeirində “Azad qardaşım var, onunla xoşam” qənaətilə bağlı soruşduqda (butaylılar doğrudanmı azaddır?), dedi, qardaş, “bir şirinin xatirinə yüz acı yemək” məsəlimiz var, axı. Mən o “Azad qardaşım var, onunla xoşam” misrasını “Mən gərək sahili sahilə qoşamfikrimi bildirmək xatirinə yazmalı olmuşam”.

 

İnanmamaq olmur. O şeirdəki “acılar” içərində ən şirin isə bunlar:

 

İki bölünməkdən elə qorxmuşam,

Çöpü ikiyə bölmərəm daha!...

 

Dünyanın – Hüseyn Cavid demişkən, “Qan tökülmədikcə üzə gülməyən bu nazlı afətin” hər tür əzab-əziyyət “xörəyindən” dadmış bu şairin doymadığı bir qida vardı: Vətən məhəbbəti! Bu “xörəyin” ən bol ədəvası isə HƏSRƏT! 

 

Mənim qollarımı iynə-sap edin,

Tikin Astaranı biri-birinə.

Çayları, yolları iynə-sap edin –

Tikin Culfaları biri-birinə.

 

Bütün ömrünü Şimalımızın O Tay, Cənubumuzun Bu Tay həsrətinə son qoyma arzu-murazı ilə yaşamış bu şair “doğma” məzar umusunda idi, şöhrət. Deyirdi: “Harda ölsəm, məni orda basdırın, Başdaşına, döşdaşına lüzum yox...” (Bu misraları son nəfəsində deyibmiş)...

 

Arzuları başqa şeylər idi:

 

Ətəklərin gül xırmanı, gül içində bataram.

Qayaların sərin kölgə, kölgələnib yataram.

Güllə edib daşlarını sapandımda ataram.

Sənin zirvən azadlıqdır, o zirvənə çataram,

Savalanım, Savalan!

 

Qurban olum dam uçuran yağışına, doluna,

Qurban sənin dağ yolunu səngər etmiş oğluna,

Gir qoluma, daha çıxaq böyük dünya yoluna,

Dayan, dayan, ey əcdadım, qoy mən girim qoluna,

Savalanım, Savalan!...

 

Vətən, vətəndaşlıq, həsrət-kəsrət alovlarından macal tapdıqca, başqa mövzularda gəzişib bu şair. Onlardan nümunələr:

 

Tərifin qəribə hörməti vardır,

Tərifin neçə cür sifəti vardır.

Vardır başqasını pisləyən tərif,

Bir söyüş tərif var, bir ögey tərif,

Borc tərif, bəy tərif, həm giley tərif...

 

Bu sayaq çağların birində məhəbbət mətləbinə vaxt ayırıb bu şair:

 

Demişdi bir daha sevməyəcəyəm,

Bəs niyə bir daha səhv etdi ürək.

Bu səhvin qızaran gün batımında

Məni quzu kimi mələtdi ürək...

 

Necə ağırdır bu sevgi-sovqat,

Haraya çapırsan, ey yəhərsiz at,

Məni kitab kimi büküb ikiqat –

Səhifə-səhifə seyrəltdi ürək.

 

 

 

Yandı özü – yanmış dünya halıma,

Düşdü sınıq səslər ömür valıma,

Bulud gözlərini sıxıb yoluma –

Mənə ağlamağı öyrətdi ürək...

 

Bu şair Vətən həsrətindən “doymayıb”, bəndənizsə, onun yaşadığı həyat çətinliklərini təkrar-təkrar vurğulamaqdan.

 

Bəli, bu “qeyri-adiliklər mücəssəməsi”nin ölümüqeyri-adi olub. Ömür-gün yoldaşı Südabə xanımın söylədiyinə görə, bir cümə axşamı, son nəfəs anına az qalmış şair deyib ki, onu öz kitabları olan otağa aparsınlar. Sonra üzünün qibləyə çevrilməsini istəyib. Daha sonra astadan, çox astadan “Öləndə” şeirindən bu bəndləri söyləyib:

 

Harda ölsəm, məni orda basdırın,

Başdaşına, döşdaşına lüzum yox,

Şöhrət gəlsə, onu çöldə azdırın,

Təntənədə, rəsmiyyətdə gözüm yox.

 

Gör qədər mən borcluyam vətənə,

Borca görə utanıram mən ondan.

Bu borc ilə tutmaz ad-san, təntənə,

Utancağam öz qəlbimdən hər zaman.

 

Həm qocayam, həm kasıbam, həm qərib,

Mən dustağam bu əlçatmaz üçlüyə.

Bir az küsüb, heyrətlənib, kövrəlib,

Qovuşaram sonevimdə – dincliyə...

 

Bu şeiri deyəndən sonra susub, sağ əlini güclə qaldırıb gözlərini qapayıb dünyadan köçüb...

 

Yəni, əfəndilər, bu mələk-insan gözqapamında da kiməsə əziyyət verməyib...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2021.- 26 may.- S.6.