Dünya nəhəng rəssamını itirdi...”

 

Tahir Salahov ömrünün bir hissəsini Moskvada,  keçmiş SSRİ-nin, indiki Rusiyanın paytaxtında yaşayıb. Sənətkar uzun illər Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub, Rusiyanın Xalq rəssamı adına, Dövlət mükafatına layiq görülüb. Onun vəfatını bu ölkədə sənət dostları, həmkarları tərəfindən üzüntü ilə qarşılanıb. Rusiyanın tanınmış rəssamları Tahir Salahovla bağlı xatirələrini bölüşüblər.

 

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, tanınmış rəssam və heykəltəraş Zurab Sereteli Tahir Salahovu dünyanın nəhəng rəssamı hesab etdiyini söyləyib: “Mənim üçün Tahir Salahov həyatdan getməyib. Biz Tahir Salahovla tanış olanda çox cavan idik. Rəssamlıq yolunda birlikdə addımlamışıq. Tahir Salahov Rəssamlıq Akademiyasında böyük işlər görmüşdü. Onun möhtəşəm planları vardı. O, təkcə rəssam kimi özünü yaratmamışdı, bir neçə nəsil üçün rəssamlar yetişdirmişdi. Tahir Salahov haqqında keçmiş zamanda danışmaq mənə çox ağırdır. Dünya nəhəng rəssamını itirdi...”.

 

Rusiyanın tanınmış rəssamı Nikas Safronov Tahir Salahovun əsərlərini hələ uşaqlıq dövründən xatırladığını söyləyib: “Onun ərsəyə gətirdiyi “Qara Qarayev”, “Dmitri Şostakoviç” portretlərini uşaqlıqdan xatırlayıram. Hətta bir zamanlar özümü Tahir Salahova oxşatmağa çalışmışdım. Tahir Salahov bir çox möhtəşəm insanların dostu olduğu kimi mənim də dostum idi. Mənim Bakıda sərgimi Heydər Əliyevlə birgə açmışdı. Tahir Salahovla bir epoxa, özünü ancaq yaradıcılığa həsr edən möhtəşəm rəssam həyatdan getdi. Onun öz vətəninə, doğma şəhəri Bakıya həsr etdiyi əsərləri indi də xatırlayırıq”.

 

Nikas Safronov qeyd edib ki, Tahir Salahovun vəfat etməsi  Rusiya Rəssamlıq Akademiyası üçünböyük itkidir: “Rusiya Rəssamlıq Akademiyası 90-cı illərdə çətin günlər yaşayan zaman Tahir Salahov öz müdrik fikirləri ilə akademiyanın həyatında çox mühüm rol oynayıb. Tahir Salahov mənim üçün əfsanəvi rəssam idi. Ona görə də, bu gün Tahir Salahovun vəfatından təkcə Azərbaycan və Rusiya deyil, bütün yaradıcılıq dünyası kədərlənir. Çünki, o, bütün dünyanın rəssamı, vətəndaşı idi. Onunla 50-60-cı illərin dahi insanlarının möhtəşəm pleyadası həyatdan getdi”.

 

 

Mədəniyyət.- 2021.- 26 may.- S.3.