Azərbaycan musiqi mədəniyyətinin yeni cığırını açmaq lazımdır

 

Mayın 1-də Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Əzimovun 75 yaşı tamam oldu. Bəstəkarla görüşüb söhbət etdik.

 

 

Aydın müəllim, zəngin yaradıcılıq yolu keçmisiniz. Bu yolun ən yaddaqalan məqamlarını necə xatırlayırsınız?

 

Bu yolda unudulmaz anlar çox olub. Həyat axar sudur, gedir. Amma elə anlar olur ki, insanı dəyişdirir. Həyatda elə bir insanla rastlaşırsan ki, o səni sanki peyvənd edir. Həmin insanları da bizə Tanrı yollayır. Mən buna qəti inanıram. Bu insanlar vasitəsilə biz yaşadığımız mühitə və insanlara başqa gözlə baxmağa başlayırıq. Həyatımın ən işıqlı, unudulmaz anı kimi Tibb Universitetinin kafedra müdiri Mir Kazım Aslanlı ilə tanışlığımı xatırlayıram. Tibb elmləri doktoru olan Mir Kazım Aslanlı 9 dil bilir, qəzəl, bayatı, pyes və romanlar yazırdı. Müxtəlif dillərdən tibb elminə dair tərcümələr edir, ingilis yazıçılarını orijinaldan oxuyurdu. O həm də gözəl bəstəkar idi. Skripkada muğamlarımızı ifa edirdi. Onun öz sistemi var idi. İndi oturduğumuz bu binanın (Bakı Musiqi Akademiyası L.A.) birinci mərtəbəsində tibb məntəqəsi vardı. Kazım müəllim həmin məntəqənin müdiri idi. Həftənin cümə günləri evində musiqi, şeir məclisləri təşkil edərdi. O məclislərdə musiqimizin qaymaqları iştirak edirdi. Mən çox gənc ikən bu gecələrə qatılardım. Kazım müəllim elə gözəl mətləblərdən söhbətlər edərdi ki... Günlərin bir günü mən onlarda olarkən pianoda Üzeyir bəyin Koroğlu operasından Uvertüra ifa etməyə başladı. Mən də oturub dinləyirdim. Birdən musiqini saxlayıb elə möhkəm səslə üstümə qışqırdı ki, diksindim: Qalx ayağa! Bu musiqini ayaq üstə dinləyərlər, anladınmı!. Bu hadisə mənim həyatımda önəmli rol oynadı. Qısası, onu deyim ki, 75 ildən geri boylananda Aydın Əzimov kimdir sualının cavabı Mir Kazım Aslandadır bəlkə də. Həyatımda, düşüncəmdə mühüm rolu olan insanlar arasında Səttar Bəhlulzadə və Kamal Əhmədovun adlarını da qeyd etməliyəm.

 

 

İlk təhsilinizi nəzəriyyə üzrə almısınız. Bəs sizi bəstəkarlığa çəkən nə idi?

 

İlk olaraq onu deyim ki, bu gün bizdə nəzəriyyəyə el arasında deyilən sanki rus münasibəti var. Bu, doğru deyil. Bəstəkar özü birinci nəzəriyyəçidir. Ayrıca nəzəriyyə üzrə mütəxəssis sovet təhsil sisteminin formasıdır. Xalqımızın böyük musiqi mədəniyyəti var. Əsas odur ki, Üzeyir bəy musiqimizdə yeni bir səhifə açıb. Ondan əvvəl Əbdülqadir Marağayi, Səfiəddin Urməvi var. Onların hamısı bəstəkardır və nəzəriyyəçi olmayıblar. Onların hər bir işi tədqiqatdır. Üzeyir bəyin özü böyük tədqiqatçıdır. Azərbaycan xalq musiqisinin əsasları yazıb. Bu da təsadüfi deyil. Başqası yaza bilərdimi bunu? Bunu yalnız bəstəkar yaza bilərdi.

 

Bəstəkarlığa marağıma gəldikdə, musiqi məktəbinin 6-7-ci siniflərində oxuyarkən mən artıq kiçik əsərlər bəstələyirdim. Bir dəfə müəllim macar məqamları dərsindən bizə tapşırıq verdi ki, bu məqamlarda 3-4 xana əsər hazırlayın. Mən bir dəftər gətirib müəllimə təhvil verdim. O vaxt məktəbin rəhbərliyi və müəllimim çox təəccüblənmişdilər. Çünki bəstələrim haqqında həmin günə qədər heç kim bilmirdi. Daha sonra Asəf Zeynallı adına Musiqi Texnikumunun Nəzəriyyə və fortepiano fakültəsinə, Midhəd Əhmədovun sinfinə qəbul olundum. Həmin vaxt bəstəkarlığı da fakültativ keçirdim. Sonra Xəyyam Mirzəzadədən dərs aldım. 1964-cü ildə isə konservatoriyada Qara Qarayevin sinfinə daxil oldum.

 

 

1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmısınız. O zamankı televiziya və radionun musiqi səsi ilə bu günün səsi arasında nə kimi fərqlər var?

 

Böyük yunan alimi Heraklitosun belə bir sözü var: Hər şey axır və dəyişir. Mən bilirəm, insanlar bu sahədən çox narazıdır. Amma bu məsələdə hamını nəzərdə tutmuram. O kəsləri nəzərdə tuturam ki, Azərbaycan mədəniyyətinin, heç olmasa, bir daşını çiynində daşıyır. Mən də onların narazılıqları ilə şərikəm. Amma mən həm də bir işçi kimi narazıyam. Çünki Dövlət Teleradio Komitəsində kiçik redaktordan şöbə müdirinə qədər yol keçmişəm. Sonra səs rejissorluğuna dəyişildim. Rəhmətlik Cahangir Cahangirov o vaxt bədii rəhbər idi və ağlıma gəlməzdi ki, nə vaxtsa mən onu əvəz edərəm. Bütün fəaliyyətimiz nəzarətdə idi və bir səhvə görə insanlar böyük məsuliyyət daşıyırdılar. Hər musiqini də efirə vermək olmazdı. Bu gün bəstəkarlarımız bir o qədər aktiv deyillər. Mən hazırda Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiriyəm. Allah rəhmət eləsin, böyük bəstəkarımız Arif Məlikovdan sonra bu iş mənə həvalə edilib. Bu kafedrada Üzeyir bəy, Qara Qarayev, Arif Məlikovun bayrağını mən götürmüşəm və çalışıram layiqincə davam etdirim. Bütün gənc bəstəkarlar buradan keçir. Çox istedadlı gənclik var. İstedadlı insan bizim üçün qeyri-adilik deyil. Amma nəzərə almalıyıq ki, istedadlar azdır axı və biz gərək onlara şərait yaradaq. Onları yetişdirmək üçün müəyyən rejim, strategiya olmalıdır. Hər bir gənc bəstəkar maddi tərəfdən təmin edilməlidir. Bəstəkar gərək yaza və bunun müqabilində həm maddi, həm də mənəvi tərəfdən təmin oluna. Onun əsərləri gərək radio və televiziyada, konsert salonlarında səslənə. Bu, böyük problemdir.

 

Bu gün, şükürlər olsun ki, ən böyük problemimiz aradan qalxıb, torpaqlarımız işğaldan azad edilib. Qələbə qazanmışıq. Sənət sahəsində, mədəniyyət sahəsində mücadilə isə hələ ki davam edəcək. İrəlidə isə o işıq görünür. Hazırda gənc bəstəkarların fəaliyyətində o qədər də aktivlik yoxdur. Belə olanda da radio və televiziyada yüksək zövqlü əsərlər az səslənəcək. Əsərlər olmayanda keyfiyyətli ifaçı, müğənni də az yetişir. Biz bu gün Şövkət Ələkbərova, Rəşid Behbudov, Bülbül və digər sənətkarların adını çəkəndə unutmamalıyıq ki, Üzeyir bəy, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov və s. bəstəkarlar olmasaydı, onlar da yetişməyəcəkdi. Ondan sonrakı nəsil də bu yolu davam etdirdi: Səid Rüstəmov, Tofiq Quliyev, Qəmbər Hüseynli və s.

 

 

Aydın müəllim, bəstəkarlıqla bağlı problemlərin həllini nədə görürsünüz?

 

Üzeyir bəy və ondan sonrakı böyük bəstəkarlar Azərbaycan üçün artıq öz vəzifələrini yerinə yetirmişlər. Bundan sonra necə olacaq, artıq bunu düşünmək lazımdır. Azərbaycan musiqisində, xüsusən də bəstəkarlıq sahəsində bu gün sanki bir eniş var. Bu da təbii haldır. Böyük yoxuşdan sonra həmişə eniş olar. Bu, təbiətin və ümumiyyətlə, cəmiyyətin qanunudur. Azərbaycan musiqi mədəniyyətinin yeni cığırını açmaq lazımdır. Yeni musiqi texnologiyasını qurmaq lazımdır. Açıq deyim ki, musiqi sahəsində elmi tədqiqat işləri aparılsa da, bu işlərin o qədər də nəticəsi yoxdur və gənclər bunları oxumurlar. Bu sahədə hamının xətrini çox istəyirəm, amma gəlin etiraf edək ki, Üzeyir bəy qədər xeyri olan heç bir iş ortaya çıxmayıb. Demək ki, musiqi sistemində nəyisə dəyişmək, yeni kəşflər etmək lazımdır. Dünyəvi yeniliklər etmək gərəkdir. Məsələn, bizim elmimiz niyə Rusiya elminə bağlı olmalıdır. Bu, doğru deyil. Həmin dövr artıq qapanıb. Demirəm baxma. Rusa da bax, türkə də bax, ingilisə də bax. Gör onlar necə tədqiq edir. Rus tədqiqatçıları bizə artıq yararlı deyil. Türk dünyasının böyük musiqi mədəniyyəti var. Bu sahədə nələr etmək olar, deyə düşünməliyik. Bizim isə hələ XII əsrdə muğam sistemimiz mövcud idi. Səfiəddin Urməvi, Əl-Fərabi sistemimiz vardı. Bunlar üzərində araşdırmalar aparmaq lazımdır. Bakı Musiqi Akademiyasında Nəsimi ili çərçivəsində müsabiqə təşkil etdik, indi də Nizami ili ilə əlaqədar daha bir müsabiqə elan edilib. Qələbəmizlə bağlı Mədəniyyət Nazirliyi, BMA və Bəstəkarlar İttifaqı birgə daha bir müsabiqə keçirir. Hazırda Üzeyir bəylə bağlı bir müsabiqə layihəsi üzərində çalışırıq. Oktyabr ayında yekunlaşacaq bu müsabiqələrdə gəncliyin sözünü və səsini eşidəcəyik. Gələcək onların əlindədir.

 

 

Bir qədər də fəaliyyətinizin Türkiyə dönəmi barədə danışaq...

 

On il qardaş Türkiyədə çalışaraq Azərbaycanı təmsil etdim. Mən ora maaş xətrinə getməmişdim. Həmin dövr burada yaxşı işim də var idi, Milli Məclisdə Mədəniyyət komitəsində komissiyanın üzvü idim, teatr və filmlərə musiqilər yazırdım. Yəni, demək istəyirəm ki, normal həyat şəraitim var idi. Türkiyəyə bir tələbəni Almaniyada ali musiqi təsili almaq üçün hazırlaşdırmaq məqsədilə dəvət edilmişdim. Azərbaycan bəstəkarlıq məktəbinin yetirməsiyəm və bilirəm ki, bizim məktəb ən yüksək səviyyədə olan məktəbdir. Qismət elə gətirdi ki, məni orada saxladılar. Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olundum və orada bəstəkarlıq şöbəsini təşkil edərək onlarla bəstəkar yetişdirdim. Sonra Arif Məlikov Bakıya, indiki kafedraya dəvət etdi və ailəm də burada olduğu üçün qayıtmalı oldum.

 

 

Bizdə və Türkiyədə musiqi təhsilini, dinləyici zövqünü necə dəyərləndirirsiniz?

 

Türkiyənin böyük şəhərlərində bələdiyyə konservatoriyaları var. Çox cüzi miqdarda məbləğ müqabilində xalq musiqisini öyrədən dərnəklər də fəaliyyət göstərir. O səbəbdən də Türkiyədə ən azından xalq musiqisini anlayan dinləyicilər yetişir. Bizdə, əfsus ki, bu gün musiqimizin, xalq mahnılarımızın yüksək zövqlü dinləyicisi azdır. Biz hələ o vaxt müəllimim Qara Qarayevlə bu mövzuda geniş müzakirələr edərdik. O düşünürdü ki, bizdə musiqinin tədrisinin bir konservatoriyada cəmlənməsi müsbət haldır. Mən isə ayrılmasını arzulamışdım. Amma, nə yalan deyim, bu gün bu ayrılığı da fərqli görürəm. Milli Konservatoriyada bu gün bütün Şərq sənətləri bir araya gəlməlidir. Məsələn, Şərq sənətləri akademiyası kimi. Musiqi, xəttatlıq və s. sahələri özündə birləşdirməlidir. Biz sovet vaxtının tədrisindən uzaqlaşmalıyıq. Elə məqamlar var ki, biz dünya təcrübəsindən öyrənməli və tətbiq etməliyik. Bəzi məsələlərdə biz Türkiyəyə, onlar da bizim təcrübəyə əsaslanmalıdır.

 

 

Sorağınızı daha çox tələbələrinizdən alırıq. Hər zaman sizin haqqınızda xoş hisslərlə danışırlar...

 

Bizim kafedrada hər il onlarla bəstəkar yetişir. Onların həyat prinsipi ilə bağlı olan məsələni də bayaq vurğuladım. İstedadlı gənclərimiz var və onlara mənəvi və maddi dəstək olmaq lazımdır. Əgər maddi imkan olmasaydı, Motsart, Bethoven, Haydn da olmayacaqdı. Bu böyük problemdir və bu sahədə qanunvericilik olmalıdır. Qeyd etdiyim kimi, köhnə sistem artıq dağılıb və o zaman hər şey çox bəsit idi. Mən özüm həmin sistemin yetirməsiyəm. O vaxt gənc bəstəkar kimi simfoniyamı nazirliyə satdım və çox böyük məbləğ ala bildim. Bu mənim üçün böyük hadisə idi. Əvvəllər əsərlərimizi Bəstəkarlar İttifaqına təhvil verirdik və müqabilində də müəyyən məbləğ alırdıq. İndi bu sistem yoxdur, nə teatr, nə də kino bəzən heç bəstəkar axtarmır. Bu səbəbdən də gənc bəstəkarlar üçün çox çətindir. Hazırda Natiq Muradxanlı, Azər Hacıəsgərli, Ülkər Məmmədli, Aysel Əzizova, Üzeyir Məmmədov, Vüqar Məmmədzadə kimi ümidverici gənclərin adlarını çəkə bilərəm. Vüqar həm də 44 günlük Vətən müharibəsi qazisidir. Əgər onlara şərait yaradılarsa, daha da gözəl əsərlər yarada bilərlər. Onlar onsuz da yazacaqlar. Lakin bulaqdan gələn suyun bəndini təmizləyib, yolunu açsan su daha da gur gələr...

 

 

Bu il ölkəmizdə Nizami ilidir, eyni zamanda işğaldan azad olunan Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Yaradıcılığınızda bu mövzuda yenilik varmı?

 

Yaradıcı insanların işi həmişə üstü bir gün açılan sirr kimidir. Qoy bu sirr olaraq qalsın, amma bir gün, təbii ki, məlumatınız olacaq. Vətən müharibəsindəki Qələbəmiz bizim üçün böyük hadisədir. Ancaq bu, yaradıcı insanların içindən keçməlidir. Pioner deyilik ki, həmişə hazırıq prinsipi ilə yazaq. O vaxt Stalin dövründə hansısa bir əsər sifariş verilirdi və ucuz, keyfiyyətsiz olsa belə, mükafatını alırdı. Qələbəmizdən sonra bütün cəmiyyət hələ də bu şanlı hadisənin yaxşı mənada həyəcanını yaşayır. Düzdür, elə insanlar var ki, onun üçün adi hal ola bilər.

 

 

Bildiyim qədər, Qarabağ, müharibə mövzusunda Ümid və Yalan filmlərinə də musiqi yazmısınız.

 

1990-cı ildə Yusif Səmədoğlunun romanı əsasında çəkilən Qətl günü filminə (rejissor Gülbəniz Əzimzadə red.) musiqi yazmışdım. Düzü, o musiqinin belə möhtəşəm alınacağına heç inanmırdım. Yusif Səmədoğlunun qardaşı Vaqiflə yaxın dost idik. Qətl gününə musiqi yazmağımı da o məndən xahiş etmişdi. Ondan sonra Gülbəniz Əzimzadə ilə Ümid filmini (1995) işlədik. Bu filmi çox sevirəm. Yalan filminə (rejissor Ramiz Əzizbəyli red.) musiqi yazarkən Türkiyədə idim. Səslənməsi, orkestrovkası mənsiz olduğu üçün düzəlişlər edə bilmədim.

 

 

İlk dəfə Flora Kərimovaya muğamı siz ifa etdirmisiniz...

 

Flora xanım deyir ki, mən Ağ tutu oxuyanda saflaşıram və bu əsəri heç vaxt fonoqram oxumayacağam. Neçə dəfə dedim ki, gəl televiziyada yazaq arxivdə qalsın. Əfsus ki, alınmadı. O, bu əsəri Bəstəkarlar İttifaqının plenumunda, teleradio günündə canlı ifa edib.

 

 

Mütəxəssislər muğamla müasir bəstəkarlıq texnikalarını ustalıqla əlaqələndirməyinizi yüksək qiymətləndirirlər...

 

Elə bir mövzuya toxundunuz ki, bir müsahibəyə sığmaz. Burada tək muğam deyil, aşıq sənəti də var. Aşıq musiqisi təməldir. Ürəyim doludur. Bu prosesi tələbələrimlə davam etdiririk. Allahdan bir az möhlət istəyirəm ki, tələbələrimə bunu ötürə bilim.

 

 

Bu mövzuda nə vaxtsa fikirlərinizi geniş bölüşməyə söz verirsinizmi?

 

Bilirsiniz, söhbət Üzeyir bəyin yadigar qoyduğu böyük platformadan gedir. İnşallah, bir gün bu mövzuda geniş söhbət açacağam.

 

 

Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

 

Mən də Mədəniyyət qəzetinin kollektivinə uğurlar arzulayıram.

 

Söhbətləşdi: Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 26 may.- S.5.