Onun ürəyi hər zaman Azərbaycanla döyünüb

Vətənini dünyada tanıdan Tahir Salahov torpağa tapşırıldı

 

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, yaradıcılığı ilə doğma Vətənini dünyada tanıdan, Azərbaycanın və keçmiş SSRİ-nin ən yüksək təltiflərinə, eləcə də bir sıra ölkələrin orden və mükafatlarına layiq görülən böyük sənətkar Tahir Salahov mayın 24-də dəfn olunub. Tahir Salahov Bakıda, I Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Xatırladaq ki, Tahir Salahov mayın 21-də Almaniyada dünyasını dəyişib. Sənətkarın cənazəsi mayın 23-də Bakıya gətirilib.

 

Dəfn mərasimində Tahir Salahovun ailə üzvləri və yaxınları, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

 

Tahir Salahovun məzarı başqa bir dünya şöhrətli azərbaycanlının məşhur alim Lütfi Zadənin məzarı ilə yanaşıdır.

 

Məzarın üzərinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, digər qurum və yaradıcılıq təşkilatlarının, Tahir Salahov sənətinə böyük ehtiram bəsləyən ayrı-ayrı şəxslərin adından da əklillər qoyulub.

 

Tahir Salahov tək Azərbaycanın mədəniyyət xadimi deyil, eyni zamanda dünya şöhrətli rəssamdır. Onun ürəyi hər zaman Azərbaycanla döyünüb, mədəniyyət naziri Anar Kərimov bu sözləri dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

 

Nazir qeyd edib ki, Tahir Salahovun əsərləri ən mötəbər muzeyqalereyalarda nümayiş olunub: O, Azərbaycanı hər yerdə yüksək səviyyədə təbliğ edib. Müxtəlif dövlət mükafatları alıb. Onun əsərləri, şəxsiyyəti, fəaliyyəti heç zaman unudulmayacaq, hər zaman yaddaşımızda qalacaq.

 

Tahir Salahovda həyata olan sevgini heç kimdə görməmişəm. Onun ölümü mənim üçün çox ağırdır. Həmişə deyirdi ki, yaşamaqyaratmaq lazımdır. O həm yaşadı, həm də yaratdı, bu sözləri isə Xalq rəssamı Sakit Məmmədov deyib.

 

Dünyanın bir çox yerlərində Tahir Salahov sənətinə yüksək ehtiramın şahidi olduğunu vurğulayan Sakit Məmmədov qeyd edib ki, bu, Azərbaycan rəssamlığının böyüklüyünü göstərir: Tahir Salahovun çox böyük rəngli dünyası var idi. O, Abşeron qadınlarının obrazlarını yaradıb bütün dünyaya göstərdi, neftçiləri, əliqabarlı fəhlələri Neft Daşlarına gedərək sevə-sevə çəkmişdi.

 

 

Mədəniyyət.- 2021.- 26 may.- S.3.