Sazın sehri, sözün şöhrəti

 

Mayın 24-25-də AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Aşıq Ələsgər: sazın sehrisözün şöhrəti” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib.

 

Konfransı açıq elan edən Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Aşıq Ələsgərin 200 illik yubileyi haqqında dövlət başçısının sərəncamının əhəmiyyətini vurğulayıb. O, onlayn konfransa Azərbaycan alimləri ilə yanaşı  Türkiyə, UkraynaRusiyadan mütəxəssislərin də qatıldığını deyib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, keçmiş SSRİ zamanında Aşıq Ələsgərə yalnız Azərbaycan hadisəsi kimi baxılırdı. Bu gün Aşıq Ələsgərə Türk dünyası aşıq sənətinin böyük klassiklərindən biri kimi yanaşılmalıdır.

 

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

 

Folklor İnstitutunun əməkdaşı, professor Füzuli Bayat “Aşıq sənəti kontekstində Aşıq Ələsgər qolu (məktəbi)” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, aşıq sənətinin ötürülməsi, yaşadılması ustad-şagird münasibətinə bağlıdır. Ustad-şagird ənənəsində aşıq sənətinin ötürülməsi bütövlükdə aşığın adı ilə bağlı olur. Aşıq Ələsgər qolu Aşıq Ələsgər ocağı ətrafında formalaşıb və bu qolun təsiri Naxçıvandan Türkiyənin Anadolu qisminə qədər gedib çıxıb.

 

Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin professoru Əli Kafkasyalı “Dədə Qorqud ozan-aşıq kimliyinin Dədə Ələsgərdə təcəllisi” mövzusunda qeyd edib ki, Aşıq Ələsgər ozan sənətini insan mərifəti ilə əlçatmaz zirvəyə yüksəldib. Alim bildirib ki, aşıq bu sənəti sadəcə ozanlıq ilə deyil, ilahi ilhamla daşıyıb və buna görə də xalq ona Dədə Ələsgər deyib. Onun şeirləri Yunus Əmrənin ilahiləri, Qaracaoğlanın türküləri kimi xalq tərəfindən sevilərək qəlblərdə yaşadılıb.

 

Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Tudora ArnautQaqauz ədəbiyyatında nəzm janrlarının inkişafı və qaqauz şairlərinin əsərlərində Aşıq Ələsgərin izləri” adlı məruzəsində qaqauz ədəbiyyatındakı janrlara toxunub. Qeyd edib ki, qaqauzların Türk dünyası, xüsusilə Azərbaycanla ortaq dastanları mövcuddur. “Arzu və Qəmbər”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Koroğlukimi dastanların variantlarına da qaqauz şifahi ədəbiyyatında təsadüf olunur. Alim Aşıq Ələsgərdən qaynaqlanan qaqauz şairlərinin yaradıcılığına da diqqət çəkib.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli “Aşıq sənətində Ələsgər mərhələsi”, Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Aşıq Ələsgər yaradıcılığında əhli-beyt” mövzularında məruzə ediblər. Videokonfrans plenar iclasdan sonra işini dörd bölmədə davam etdirib. İki gün ərzində ümumilikdə 56 məruzə dinlənilib.

 

Mədəniyyət.- 2021.- 28 may.- S.5.