Əməkdar müəllim Yusif Vəliyev vəfat edib

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin direktoru, Əməkdar müəllim Yusif Boran oğlu Vəliyev mayın 25-də vəfat edib.

 

Yusif Vəliyev 15 avqust 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1975-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) tar ixtisası üzrə bitirib. 1969-1970-ci illərdə Ağdam rayon Qaradağlı kənd Musiqi məktəbində tar müəllimi, 1971-1976-cı illərdə Bakı şəhər 22 nömrəli Musiqi məktəbində tar müəllimi və Xalq çalğı alətləri şöbəsinin müdiri, 1976-1977-ci illərdə Lerik rayon Musiqi məktəbinin direktoru, 1977-1994-cü illərdə Mədəniyyət Nazirliyi Mədəniyyət İşçilərinin İxtisasartırma Kursunun direktor müavini vəzifələrində işləyib. 1995-ci ildən Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinə rəhbərlik edirdi. Həmçinin Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının dosenti idi.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Çalışdığı təhsil ocaqlarında peşəkar musiqiçi və təcrübəli pedaqoq kimi gənc istedadların inkişafına böyük töhfələr verən Yusif Vəliyev onların uğurlarına hər zaman qəlbən sevinirdi.

 

Yusif Vəliyevin xatirəsi həmkarlarının, yetirmələrinin, onu tanıyanların xatirəsində yaşayacaq.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 28 may.- S.5.