“Azərbaycan İpək Yolu üzərində” kitabının təqdimatı keçirilib

 

 

Mayın 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi FondundaBöyük İpək YoluTürk dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda təşkilatın təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş “Azərbaycan İpək Yolu üzərində” kitabının (ingilis və rus dillərində)  təqdimatı keçirilib.

 

Fondun prezidenti Günay Əfəndiyeva tədbiri açaraq rəhbərlik etdiyi təşkilatın Türk dünyası mədəni irsinin qorunması və dünyaya tanıdılması istiqamətində fəaliyyəti barədə məlumat verib, Böyük İpək Yolu ilə bağlı tədqiqatların da vacib önəm daşıdığını qeyd edib.

 

2017-ci ildə Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Fond tərəfindən “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində”, 2019-cu ildə isə V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Türk Şurası, TürkPA, TÜRKSOY, UNESCO və digər təşkilatların rəhbər və nümayəndələrinin, müxtəlif ölkələrdən alimlərin, türkoloqların qatıldığı “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolumövzusunda dəyirmi masanın təşkil edildiyi diqqətə çatdırılıb.

 

G.Əfəndiyeva bildirib ki, kitabın nəşri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində” adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir. Kitab qədim dövrdən son Orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk akademik nəşrdir. Əsərdə e.ə. II əsrdən XVI yüzilliyədək, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdırılıb. Monoqrafiya çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.

 

Kitabın hazırlanması ilə bağlı məlumat verən Günay Əfəndiyeva Böyük İpək Yolu ilə bağlı tədqiqatlarda Azərbaycanın müstəsna rolunun yüksək elmi səviyyədə təqdim olunmasında xidmətlərinə görə layihədə iştirak edən alimlərə öz təşəkkürünü bildirib.

 

Vurğulanıb ki, Böyük İpək Yolunun əsas qovşaqlarından biri də Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarıdır. O, nümunə kimi Cəbrayıl rayonu ərazisində yerləşən, Azərbaycanın məşhur Xudafərin körpülərini göstərib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı Böyük İpək Yolunun keçdiyi ərazilərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin, qədim məscidlərin, digər tikililərin məhv edildiyini vurğulayan Günay Əfəndiyeva Azərbaycanın haqlı Qələbəsi sayəsində onların bərpa ediləcəyini bildirib.

 

Konfransda çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, İpək Yolu bəşəriyyətin keçdiyi mədəni inkişafı tarix boyu sürətləndirərək, mədəni mübadilənin genişləndirilməsinə əhəmiyyətli töhfələr verib: “Tarixən iqtisadiyyatın bu şah damarı ilə hərəkət edənlər Şərqdən Qərbə və Qərbdən Şərqə ticarət malları daşımaqla yanaşı, həm də müxtəlif xalqların, sivilizasiyaların mədəniyyətini də daşımışlar. Qədim İpək Yolu ölkəmizin də tarixində zəngin irs qoymuşdur. Bu gün ölkəmizin müxtəlif bölgələrində qorunan qədim şəhər qalıqlarının, karvansaraların, hamamların, türbələrin və sair abidələrin bir çoxu ölkəmizin mədəni irsi olmaqla yanaşı, həm türk dünyasının, həm də Böyük İpək Yolunun ayrılmaz tərkib hissəsidir”.

 

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov tədbirin mövzusunun aktuallığını, eyni zamanda regional mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Qədim İpək Yolu üzərində yerləşən şəhərlərimizin tarixi-memarlıq abidələrinin qorunduğunu, qeyri-maddi mədəni irsimizin yaşadıldığını deyən Elnur Sultanov bu istiqamətdə görülən işlərdə, o cümlədən mədəni irs nümunələrimizin UNESCO siyahılarına daxil edilməsində, beynəlxalq aləmdə tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. Elnur Sultanov müzakirə edilən mövzu kontekstində milli və çoxmillətli nominasiyalar olaraq UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş kəlağayı sənəti, Azərbaycan xalçaçılıq sənəti, miniatür sənəti kimi nominasiyaları qeyd edib.

 

Bildirib ki, UNESCO üzrə Milli Komissiya və ölkəmizin aidiyyəti qurumları tərəfindən İpək Yolu üzərində yerləşən tarixi abidələrimizin Dünya İrsi Siyahısına daxil edilməsi istiqamətində müvafiq işlər aparılır: “UNESCO üzrə Milli Komissiya digər ölkələrin milli komissiyaları ilə regional, o cümlədən TÜRKSOY-la əməkdaşlıq çərçivəsində İpək Yolu Proqramı ilə bağlı da məsləhətləşmələr aparır. Cari ildə UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının iclaslarında bu məsələ müzakirə olunub. Ölkəmiz İpək Yolu Seriyalı Dünya İrs Nominasiyasının Əlaqələndirici Komitəsinin iclaslarında mütəmadi olaraq təmsil olunur. Yeri gəlmişkən, belə iclaslardan biriUNESCO-nun İpək Yolu Proqramının Əlaqələndirici Şəxslər Şəbəkəsinin 2-ci görüşü mayın 31-də onlayn şəkildə keçiriləcək. Böyük İpək Yolu Onlayn Platforması BMT-nin Mədəniyyətlərin Yaxınlaşması Onilliyi (2013-2022) və 2030-cu il Davamlı İnkişaf Məqsədləri ilə sıx bağlıdır. Azərbaycan sözügedən onlayn platformanın inkişaf etdirilməsinin dəstəkçisi olan 5 ölkə (Azərbaycan, Çin, Almaniya, Qazaxıstan və Oman) arasındadır. İnanıram ki, Azərbaycan istər tarixi abidələri, istər multikultural zənginliyi, tolerantlığı, istərsə də digər potensial imkanları baxımından UNESCO-nun İpək Yolu layihəsində iştirakı ilə UNESCO-nun təbliğ etdiyi əsas dəyərlərin təşviqinə, eləcə də Böyük İpək Yolu üzərində yerləşən Türkdilli ölkələrin regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcək”.

 

Konfransda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Muhammed Lou, Türkiyə səfiri Cahit Bağçı, Özbəkistan səfiri Baxrom Aşrafxanov, Türkmənistan səfiri Mekan İşanquliyev layihəni yüksək qiymətləndirərək, Böyük İpək Yolunun təmsil etdikləri ölkələrin mədəni, ictimai, iqtisadi həyatına təsirlərindən söz açıblar.

 

Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev konfransda geniş təqdimatla çıxış edib. Akademik türkdilli xalqların tarixi-mədəni irsinin, adət-ənənələrinin tanıdılmasında Böyük İpək Yolunun rolundan danışıb və layihənin həyata keçməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib.

 

Tədbirin sonunda “Azərbaycan İpək Yolu üzərində” adlı kitabını ərsəyə gətirən azərbaycanlı alimlərə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəkkünamələri təqdim olunub.

 

Qeyd edək ki, ideyaön söz müəllifi Günay Əfəndiyeva olan kitabın hazırlanmasında akademik Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak edib.

 

Mədəniyyət.- 2021.- 28 may.- S.1;2.