Vətən bağı al-əlvandır, içində də xarıbülbül...

 

Bir daha mədəniyyət tariximizdə möhtəşəm iz qoyan festival haqqında

 

Hər gülün öz ətri, öz təravəti, öz gözəlliyi var. Xarıbülbülün də. Amma xarıbülbülü başqa güllərdən fərqləndirən bir cəhət də var ki, o öz məskəninə, bitdiyi torpağa daha sədaqətlidir. Bu yerdə sizlərə eşitdiyim bir rəvayəti də nəql etmək istəyirəm.

 

Bir güllə bülbül dostluq edərmiş. Bülbül cəh-cəh vurar, gül də ətrafa xoş ətir yayarmış. Təbiət bundan heyran olarmış. Təkcə küləkdən başqa. Külək bu dostluğa xələl gətirmək məqsədilə bərk əsməyə başlayır, bütün gülü-çiçəyi, hətta ağacları belə sanki yerlə yeksan edir. Bu gül isə öz məğrurluğunu qorumağa çalışır. Bu küləyin qəzəbinə səbəb olurdeyir: “Mənim qarşımda sən niyə əyilib məhv olmursan?” Gül cavab verir ki, mən dostumun köməyini gözləyirəm. Külək qəzəblənib daha da bərk əsir. Bu vaxt bülbül özünü yetirərək gülün köksünə sıxılır, onun ləçəklərini qoruyaraq, qamətini düzəldir. Lakin gülün tikanı bülbülün sinəsinə sancılır və orada donub qalır. Beləcə, bülbül gülün yolunda özünü fəda edir. O vaxtdan gül də xarıbülbül – yəni tikanlı bülbül adını alır. Bu da Tanrının doğma Qarabağımıza, müqəddəs Şuşamıza bəxş etdiyi daha bir töhfəsidir.

 

Qarabağın simvolu sayılan xarıbülbül öz sədaqətliliyini qoruyub saxlamaqla yalnız Qarabağ təbiətinə sadiqdir, orada bitir. Hətta bir vaxtlar Qarabağ xanının qızı Ağabəyim ağa üçün İran şahının Tehranda saldırdığı bağçada bütün güllər bitir, təkcə xarıbülbüldən başqa. Odur ki, xarıbülbülü vətən, torpaq aşiqi də adlandıra bilərik. Axı Qarabağda bülbüllər də daha şövqlə cəh-cəh vurur. Bu məkan Tanrının möcüzəsi və müqəddəsliyinin təzahürüdür. Tarixin bütün çətin sınaqlarına məğrurcasına sinə gərən, bütün çətinliklərdən qəhrəmanlıqla çıxan poeziyamusiqi beşiyi, sənət məbədi, sənətkarlar oylağı olan Qarabağ 30 illik işğaldan sonra öz məğrurluğunu sübut etdi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun igid əsgərlərinin sayəsində yalnız torpaqlarımız düşməndən azad edilmədi, xarıbülbülün də başı dirçəldi, eyni açıldı, bülbüllər onun sevincinə qoşularaq daha şövqlə oxudular. Cıdır düzü sevindi, İsa bulağının suyu daha da duruldu, Qırxqız yaylağı bahar ətri ilə təravətləndi. Bu sevinci təbiət də insanlarla birgə yaşadı. Hər bir azərbaycanlı müqəddəs arzusuna qovuşdu.

 

Biz gəlmişik Qarabağ,

Alnıaçıq, üzüağ.

Ey əziz ana torpaq,

Qarşında diz çökürük,

Hər daşını öpürük.

 

Beləcə, biz Qarabağa, Qarabağ da bizə qovuşdu. Ümidimiz göyərdi, arzumuz gerçəkləşdi. Şuşada keçirilən “Xarıbülbül” festivalı da bu böyük sevincin, bu Qələbə bayramımızın təzahürü oldu.

 

Doğrudan da, dahilər uzaqgörən olurlar. Ulu öndər Heydər Əliyev öz çıxışlarında xalqımızın Qarabağa qovuşmaq arzusunun gerçək olacağını dəfələrlə vurğulamışdı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” festivalında dahi şəxsiyyətin bu müdrik sözlərinin səslənməsi bir daha onun ruhən bizimlə birgə olduğunu isbat etdi.

 

Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bu iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu, biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik”.

 

Bu mübariz düşüncələri yüksək vətənpərvərlik və mübarizə əzmi ilə reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik. Bu böyük Qələbədir və şəhidlərimizin, ulu öndərimizin ruhu şaddır bu gün. Gözün aydın, Azərbaycan, gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan, əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!” – sözləri bütün festival iştirakçılarını “Eşq olsun” nidaları və sürəkli alqış sədaları ilə daha da vəcdə gətirdi. Məhz bu alqışların sədaları altında festivalın səhnəsinə qalxan dövlət başçımız əsrlər boyunca igidlərin şücaət göstərdiyi Cıdır düzündə öz məğrur çıxışını etdi.

 

“Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizibütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Biz bu günü səbirsizliklə 30 il gözləmişik. 30 il Vətən həsrəti ilə yaşamışıq. Hər dəfə deyirdik ki, biz bununla heç vaxt barışmayacağıq və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu il uzun fasilədən sonra keçirilən “Xarıbülbül” festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunur. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı...

 

Biz bu ənənəni bərpa etdikŞuşada “Xarıbülbül” festivalı hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Festivalda ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim. Çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların payı vardır. Vətən müharibəsi bironu göstərdi ki, Azərbaycanda yaşayan bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bironu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır...

 

44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik... Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi... Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü 8 noyabr günü rəsmi dövlət bayramı, Zəfər bayramı günü elan edildi və hər il bu bayramı biz qeyd edəcəyik.

 

Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyubo vaxtdan işğal dövrünə qədər həmişə azərbaycanlılar bu şəhərdə yaşayıb. Nə qədər ermənilər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, binalar dağıdıldı, məscidlərimiz mənfur düşmən tərəfindən dağıdıldı, tarixi abidələrimiz dağıdıldı, ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi.

 

Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu... Bu gün azad Şuşada işğaldan sonra Cıdır düzündə Azərbaycan muğamı səslənəcək, uzun fasilədən sonra biz bu gözəl Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik... Biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər bizim qəlbimizdə ucaldılmışdı işğal dövründə. İndi isə biz burada Cıdır düzündə hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa, yaşasın Qarabağ, yaşasın Azərbaycan!”.

 

Azərbaycan Prezidentinin Şuşada, Cıdır düzündə etdiyi bu çıxış böyük tarixi əhəmiyyət, yüksək mənəvi dəyər və məna kəsb edir. Prezidentin çıxışında qeyd etdiyi kimi, festivalda multikultural dəyərlərə geniş yer verilmişdi. Musiqi bayramının ilk günü Azərbaycanda yaşayan talış, tat, tatar, ləzgi, gürcü, rus, avar, udibaşqa xalqların nümayəndələri çıxış edərək festivala öz töhfələrini verdilər.

 

 Festival zəngin repertuar əsasında qurulmuşdu. Üzeyir bəyinKoroğluoperasınınUvertüra”sı Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında möhtəşəm səslənərək sanki Cıdır düzünü lərzəyə gətirdi. Əbəs yerə deyilməyib ki, “Nəğmə bir silahdır”. Bu möhtəşəm musiqi sanki düşmənin ocağına əbədi zərbə endirdi, bizim isə ruhumuzu təzələdi, vətənpərvər hisslərimizi daha da rövnəqləndirdi.

 

Unudulmaz bəstəkarımız Vasif Adıgözəlovun Qarabağ həsrəti, Qarabağ nisgili ilə yazdığıQarabağ şikəstəsioratoriyasından bir parça Xalq artisti Alim Qasımov Əməkdar artist Fərqanə Qasımovanın ifasında Qarabağ sevinci ilə səsləndi. Adıgözəlovlar nəslinin layiqli nümayəndəsi, Xalq artisti Yalçın Adıgözəlov da əsərə xüsusi şövqlə dirijorluq edirdi. Onun interpretasiyasında, dirijor mizanlarında sonsuz bir fərəh hissi vardı. O, dirijor pultu arxasında sanki Vasif müəllimin ruhunun şad olduğunu düşünürdü.

 

Bu yerdə festivalın bir dəyərli cəhətini vurğulayaq. Bu da unudulmaz sənətkarların ruhlarının yad edilməsidir. Festivalda monitordan Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Şövkət Ələkbərova kimi ustad unudulmaz sənətkarlarımızın ifalarının videolentləri təqdim olundu. Sanki sevincdən onların ruhları da vəcdə gəldi.

 

Naxçıvan torpağından festivala təşrif buyuran musiqiçilər Məmməd Cavadovun Hüseyn Əzimin sözlərinə bəstələdiyiNaxçıvanmahnısı ilə Şuşaya bu qədim yurdumuzun salamını yetirdilər.

 

Festivalın azyaşlı iştirakçısı Kənan BayramovunBayatı-Şirazmuğamı üstə improvizəsi əsasında Abbas SəhhətinVətənimdirmətləli qəzəlinin ifası Cıdır düzünə xüsusi bir səs-səda saldı. Beləcə, Cıdır düzü möhtəşəm musiqi sədalarına qərq oldu. Xalq artistləri Polad Bülbüloğlu, Mənsum İbrahimov, Samir Cəfərov, Murad Adıgözəlzadə, Elçin Əzizov, Yusif Eyvazov, Dinarə Əliyeva, Əlixan Səmədov, Teyyub Aslanov, Azərin, Elçin Həşimov, Elşən Mansurov (kamançaçalanlar qrupu ilə), Natiq Şirinov, əməkdar artistlər Təyyar Bayramov, Şirzad Fətəliyev, Elnur Əhmədov, Sahib Paşazadə, digər ifaçılarMirələm Mirələmov, Günay İmamverdiyeva, Rəvanə Qurbanova, Ceyla Seyidova, Selcan Nəsibli, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, aşıq Əli Tapdıqoğlu başqaları musiqi kəhkəşanına xüsusi bir rəng qatdılar, gözəl ahəng verdilər...

 

Ölkəmizdə bir çox festivalların təşkilində, eləcə digər əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Heydər Əliyev Fondu 12-13 may tarixlərində Şuşada keçirilənXarıbülbülfestivalını da xüsusi peşəkarlıqla hazırlamışdı. Əmin ola bilərik ki, bu festivalın da miqyası ilbəil genişlənəcək.

 

Festivalda yalnız musiqi əsərləri səslənmədi, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Asəf Zeynallı, NiyaziVasif Adıgözəlov kimi unudulmaz sənətkarların əsərlərinin not yazılarından ibarət nəşr olunan məcmuələrin də təqdimatı keçirildi. Bu da Heydər Əliyev Fondunun festivala gələnlərə daha bir töhfəsi idi. Bu hədiyyələr də bir daha həm insanları, həm də o unudulmaz sənətkarların ruhunu şad etdi. Sanki Qarabağa qayıdış onların da ruhuna əyan oldu.

 

Şuşada “Xarıbülbül” festivalının belə yüksək şəkildə keçirilməsinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıq və təşəkkürümüzü bildiririk. Əminik ki, bu festivalın əks-sədası daim yaddaşlarda qalacaq. Çünki bu, tarixdir. Əbədi və silinməz tarix. Bu tarixi yazanonun sevincini bizlərə yaşadan isə müzəffər OrdumuzAli Baş Komandanımız, möhtərəm Prezidentimizdir. Onun çıxışı ilə başlayan “Xarıbülbül” festivalı onun sözləri ilə də başa çatdı. Bütün festival iştirakçıları dövlət başçımızla birgə “Qarabağ Azərbaycandır!” deyərək alqışlarla festivalı yekunlaşdırdılar. Möhtərəm Prezidentimiz Qarabağdakı tarixi Qələbədən sonra Azərbaycana daha bir töhfə – mədəniyyətimiz üçün Zəfər olan “Xarıbülbül” festivalını bəxş etdi.

 

Səadət TƏHMİRAZQIZI

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2021.- 28 may.- S.6.