Şəhid olmaq arzusu idi...

 

44 günlük Vətən müharibəsində qanı-canı bahasına qəhrəmanlıq dastanı yazan oğullarımızı tanıtmaqda davam edirik. Onlardan biriAğa Əli oğlu Ağayevdir.

 

O, 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olmuşdu. 2016-cı ildə doğma kəndində ümumi orta məktəbin 9-cu sinfini bitirən Ağa 2019-cu ilin aprelində hərbi xidmətə yollanır. Hərbi xidmət zamanı ilk günlərdən nizam-intizamı ilə komandir və rəislərinin hörmətini qazanır.

 

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan zaman xidmət etdiyi N saylı hərbi hissədəki döyüşçü yoldaşları ilə birlikdə ana yurdun müdafiəsinə qalxır. Döyüşlərdə bacarığı və mətinliyi ilə seçilən Ağa Ağayev oktyabrın 22-də Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində düşmənin artilleriya hücumu nəticəsində qəhrəmancasına şəhid olur.

 

Şəhidin atası Əli Ağayev deyir ki, oğlu hələ orta məktəbdə oxuduğu illərdə kənd təsərrüfatına maraq göstərirdi: “Böyük həvəslə traktorumuzun sükanı arxasına keçər, kənd camaatının tarla işlərini görərdi. Ağa mənim dayağım idi. Qismət belə imiş. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Anası Fatmanisə Ağayeva bildirir ki, Ağa dörd bacının bir qardaşı idi. Hərbi xidmətdə olarkən mənimlə danışanda orduda qalacağını deyirdi: “Söyləyirdi ki, ana, qorxma, burda qalıb xidmət edəcəyəm. Bir müddət keçəndən sonra səni də yanıma gətirəcəyəm. Hələ də oğlumun yolunu gözləyirəm...”.

 

Bacısı Nargilə Ağayeva qardaşı ilə sonuncu dəfə oktyabrın 19-u əlaqə saxladıqlarını deyir: “Həmin gün bizə dedi ki, narahat olmayın, biz torpaqlarımızı düşməndən azad etməmiş geri qayıtmayacağıq. Onun mənimlə bağlı çox böyük arzuları var idi. Mən onu uşaqlıqdan hər şeydən qorudum. Hər kəsə qismət olmur şəhid bacısı olmaq. Şəhid olmaq onun arzusu idi, arzusuna qovuşdu”.

 

Ruhu şad olsun. Uğrunda can verdiyi şanlı üçrəngli bayrağı indi doğma Qarabağda, Şuşada dalğalanır.

 

Ağa Ağayev oktyabrın 24-də Yeni Həyat kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 28 may.- S.6.