Gürcüstanda Azərbaycan dilində uşaq teatrının “Meşə komediyası”

 

Gürcüstanın Qardabani rayonunda yeni yaradılan “BeezUşaq Teatrı tanınmış gürcü klassiki Vaja Pşavelanın uşaqlar üçün yazdığı “Meşə komediyası” pyesi əsasında tamaşa hazırlayıb. Noyabrın 2-də tamaşanın premyerası olub.

 

Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin, Azərbaycanın Gürcüstandakı Səfirliyinin, Qardabani Bələdiyyəsi əməkdaşlarının, QHT nümayəndələrinin də baxdıqları tamaşada balaca aktyorların ifası maraqla qarşılanıb.

 

Tamaşaya teatrın bədii rəhbəri Binəli İslamoğlu quruluş verib.

 

Tədbirdə bildirilib ki, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin elan etdiyiUşaqlar və yeniyetmələrin özəl yaradıcılıq studiyalarına dəstək” müsabiqəsində müstəqil azərbaycandilli “BeezUşaq Teatrı da qalib olub. Nazirliyin “Səhnədən inteqrasiya” layihəsi əsasında hazırlanan tamaşa Rustavi, MarneuliBolnisi bələdiyyələrində də nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.8.