Ölkəmiz İstanbul İncəsənət və Əntiq Sərgisində təmsil olunur

 

Noyabrın 3-də 2-ci İstanbul İncəsənət və Əntiq Sərgisi işə başlayıb. Lütfi Kırdar Konqres Sarayı və İstanbul Konqres Mərkəzində keçirilən sərgidə nüfuzlu incəsənət və əntiq əşya qalereyaları iştirak edir.

 

Azərbaycan və Ukrayna sərgiyə qonaq ölkə qismində dəvət olunub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə Əlyar Əlimirzəyev, Məmməd Rəşidov, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Zərnişan Yusif kimi heykəltəraş və rəssamların əsərləri ilə təmsil olunur.

 

Sərginin VİP açılışı Lütfi Kırdar Konqres Sarayında gerçəkləşib. Azərbaycan sənətçilərinə ayrılmış və yüksək peşəkarlıqla dizayn olunmuş guşəyə böyük maraq göstərilib. Ziyarətçilər sərgidə iştirak edən Əlyar Əlimirzəyev, Vüqar Muradov və Məmməd Rəşidov ilə tanış olmaq və onların əsərləri haqqında ətraflı məlumat almaq imkanı əldə edib.

 

Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin əməkdaşları Mirkamran Mahmudov və Kənan Hüseynov, həmçinin Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri stenddə ölkəmizin mədəniyyəti və incəsənəti haqqında məlumatları sənətsevərlərlə bölüşüb.

 

Sərgidə iştirak edən Bodrum Bələdiyyəsinin sədri Ahmet Aras Azərbaycanın stendini ziyarət edib, sənətkarların əsərləri ilə tanış olub. Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən Ahmet Arasa kitab hədiyyə edilib.

 

Qeyd edək ki, 2-ci İstanbul İncəsənət və Əntiq Sərgisi noyabrın 7-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.3.