Qalibiyyət ruhu ilə yaradılan rəsmlər

 

Muzey Mərkəzində şanlı Zəfərimizə həsr olunan sərgi açıldı

 

 

Noyabrın 4-də Muzey Mərkəzinin sərgi qalereyasında “Zəfər sərgisi”nin açılış mərasimi keçirildi. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan sərgi 8 Noyabr – Zəfər Gününə həsr olunub.

 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamladı, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, xalqımız möhtəşəm tarixi günlər yaşayır, Vətən müharibəsində Qələbənin ildönümünü qeyd edir: “44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz düşmən üzərində şanlı Qələbə qazandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda minlərlə Vətən övladı canını fəda etdi. Allah onların hər birinə rəhmət eləsin. Biz şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəyik”.

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşında bütün xalqımızın ayağa qalxdığını söyləyən nazir müavini onların sırasında mədəniyyət adamlarının – musiqiçilərin, rəssamların da olduğunu bildirdi. Dedi ki, Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinin əbədiləşdirilməsinə sənətkarlarımız öz qələmləri, fırçaları ilə töhfələrini verirlər. Tarixi həqiqətləri, xalqımızın Qarabağ uğrunda apardığı mübarizəni, Vətən həsrətini və qazandığımız şanlı Qələbəni əks etdirən əhəmiyyətli əsərlər yaradılır.

 

Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Qələbəmizə həsr olunan silsilə tədbirlərin həyata keçirildiyini bildirən Sevda Məmmədəliyeva “Zəfər sərgisi” haqqında söz açdı. Qeyd etdi ki, sərgidə Xalq rəssamları Fərhad Xəlilov, Səlhab Məmmədov, Arif Hüseynov, Sirus Mirzəzadə ilə yanaşı, gənc nəsil rəssamların da Qarabağımıza və Zəfər Gününə həsr olunmuş 200-dən çox əsəri yer alıb.

 

Nazir müavini çıxışının sonunda sərginin təşkilinə görə Rəssamlar İttifaqına və iştirakçı rəssamlara minnətdarlığını bildirdi.

 

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Qələbənin yaradıcı insanlara çox böyük müsbət təsirindən bəhs etdi. Rəssamların Zəfərimizə həsr etdikləri əsərləri böyük ruh yüksəkliyi və iftixar hissi ilə yaratdıqlarını söylədi.

 

Sonda sərginin açılışını bildirən rəmzi lent kəsildi. Qonaqlar sərgi ilə yaxından tanış oldular.

 

Qeyd edək ki, Muzey Mərkəzində “Zəfər sərgisi” noyabrın 10-dək ziyarətçilər üçün açıq olacaq.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.1;2.