Onun qəribə taleyi...”

 

Xalq artisti Amaliya Pənahova haqqında film təqdim olunub

 

 

 

Noyabrın 2-də Nizami Kino Mərkəzində “Onun qəribə taleyi. Amaliya Pənahova” adlı bədii-sənədli filmin təqdimatı keçirilib.

 

Ekran işi görkəmli teatrkino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Amaliya Pənahovanın (1945–2018) xatirəsinə həsr olunub.

Tanınmış elm və sənət xadimlərinin iştirak etdiyi gecədə filmin nümayişindən əvvəl mərhum aktrisa tərəfindən 1992-ci ildə yaradılan Bakı Bələdiyyə Teatrının aktyorları sənətkarla bağlı xatirələrini bölüşüblər.

 

Sonra ekran əsərinin yaradıcı heyəti səhnəyə dəvət edilib. Filmin ssenari müəllifi, Xalq artisti Vidadi Həsənov bildirib ki, Amaliya Pənahovanın əziz xatirəsi onu sevən milyonlarla pərəstişkarının, sənət dostları və doğmalarının qəlbində əbədi yaşayır. Teatrkino salnaməmizin inkişafına dəyərli töhfələr verən aktrisa hər zaman yeni nəsil aktyorlar üçün nümunə olub.

 

Daha sonra İctimai Televiziya tərəfindən lentə alınan film nümayiş olunub. “Onun qəribə taleyi. Amaliya Pənahova” filminin quruluşçu rejissoru Ruslan Hüseyn, prodüseri Əziz Əliyevdir.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.5.