İstiqlal Muzeyində “Vətən uğrunda” adlı sərgi

 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Vətən uğrunda” adlı sərgi təşkil olunub.

 

Muzeydən bildirilib ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Qazi Pərvin Abdullayev, şəhid kapitan Əsəd Həsənovun anası Mələk Həsənova, şəhid baş leytenant Vüsal Babayevin yaxın dostu Samir Abıyev, qazi Ceyhun Sədrayev, şəhid əsgər Cavid Manafovun anası Natavan İbrahimova və şəhid əsgər Bilal Qənbərovun anası Gültəkin Qənbərova çıxış edərək qəhrəmanlarımızın döyüş yolundan söhbət açıblar.

 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərini, xidməti fəaliyyətini əks etdirən fotolar və şəxsi əşyaları nümayiş olunur.

 

Sərgi noyabrın 17-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.2.