Qardaş ölkədə bayram mərasimi

 

Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin birinci ildönümü qardaş Türkiyədə silsilə tədbirlərlə qeyd olunub. 8 Noyabr – Zəfər Günü münasibətilə Ankaradakı Hacı Bayram Vəli Universitetində “Şuşa Zəfəri” adlı bayram mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Aygün Qocayeva, universitetin professorları Varis Çakan, Mehmet Şahingöz, təhsil ocağında fəaliyyət göstərən sənət dərnəyinin rəhbəri Denizcan Şenocak çıxış ediblər.

 

Çıxışlarda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qalibiyyət Türk dünyasının Zəfəri kimi dəyərləndirilib.

 

Tədbirin bədii hissəsində yazıçı Songül Dündar “Türkiyə-Azərbaycan” şeirini oxuyub. “Qafqaz” rəqs qrupu çıxış edib.

 

Aşıq Səlahəddin Dündar Zəfərin təravətini sazın və sözün qüdrəti ilə bölüşüb.

 

8 Noyabr – Zəfər Günü münasibətilə universitetdə fotosərgi də nümayiş olunub.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.8.