Azərbaycanın Zəfəri Türkiyənin zəfəridir

 

 

8 Noyabr – Zəfər Günü Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyində də qeyd edilib.

 

Tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, Türkiyənin UNESCO yanında daimi nümayəndəsi Altay Cengizer, ölkəmizin qurumdakı daimi nümayəndəsi, səfir Elman Abdullayev və nümayəndəliyin əməkdaşları iştirak ediblər.

 

Xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək 8 Noyabr – Zəfər Gününün xalqımızın milli qürur bayramı, qüdrətinin təntənəsi olduğunu deyib. O, Prezident İlham Əliyevin Şuşa şəhərindəki çıxışında söylədiyi “Bu Zəfər bayramı, rəşadət bayramı, ədalət bayramı, milli qürur, milli ləyaqət bayramıdır” fikrini səsləndirib.

 

Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana dəstəyini xatırladan Elnur Məmmədov müharibənin ilk anlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də dövlət və hökumət nümayəndələri, bütün türk xalqının ölkəmizə mənəvi dayaq göstərdiklərini, xalqımızın yanında olduqlarını deyib.

 

Türkiyənin UNESCO yanında daimi nümayəndəsi Altay Cengizer bildirib ki, Azərbaycanın Zəfəri Türkiyənin zəfəridir. Bu Zəfər hər iki xalqın sevincidir.

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.8.