Mədəni müxtəlifliyin dünya iqtisadiyyatına faydası

 

Yaradıcı Şəhərlər Şəbəkəsi hansı məqsədi daşıyır?

 

 

 

Müasir günümüzdə yaradıcılıq eyni zamanda iqtisadi qüvvədir. Bu gün mədəni və yaradıcı sənayelər böyük iqtisadi faydalar gətirir, bəzi ölkələrdə ÜDM-in önəmli hissəsini təşkil edir. UNESCO mədəni müxtəlifliyi təbliğ etmək üçün hökumətlərə dəstək göstərir.

 

UNESCO-nun 2004-cü ildə təsis olunan Yaradıcı Şəhərlər Şəbəkəsi də yaradıcılığı və mədəni sənayeləri yerli səviyyədə dəstəkləmək və təşviq etmək məqsədi daşıyır. Şəbəkə hazırda 90 ölkənin 295 şəhərini yeddi tematika (media-art, musiqi, kinematoqrafiya, qastronomiya, dizayn, folklor, əl işləri və xalq sənəti) üzrə bir araya gətirir.

 

Xəbər verdiyimiz kimi, 2021-ci il Dünya Şəhərlər Günü (31 oktyabr) münasibətilə siyahıya daxil edilən 49 şəhər arasında Azərbaycanın zəngin mətbəxi və ləziz yeməkləri ilə tanınan Lənkəran şəhəri (“qastronomiya” tematikası üzrə) də yer alıb. Xatırladaq ki, bundan öncə sözügedən siyahıya Şəki (2017, “əl işləri və xalq mədəniyyəti” tematikası) və Bakı (2019, “dizayn” tematikası) şəhərləri də daxil edilib.

 

Eyni zamanda Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın “musiqi” tematikası üzrə UNESCO şəbəkəsinə daxil edilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən aparılır.

 

Nazirliyin Aparat rəhbəri – yeni təsis edilən Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə mediaya açıqlamasında bildirib ki, UNESCO şəbəkəsində yer almaq şəhərlərə öz ənənəsini və təcrübəsini bölüşmək, beynəlxalq tərəfdaşlıq imkanı verir. Bundan əlavə, yaradıcı şəhər statusu hər bir şəhər üçün brendləşmə və klasterləşmə baxımından önəmli rol oynayır. Eyni zamanda artıq ölkə daxilində şəhərlər mədəni sənaye sahəsində də klasterləşdirilməlidir ki, biz həmin şəhərlərin yaradıcı potensialını dəyərləndirə bilək. Bununla şəhərin inkişafına da töhfə vermiş olarıq.

 

UNESCO-nun rəsmi səhifəsində “Yaradıcı Şəhərlər Şəbəkəsi” bölməsinə nəzər salarkən qastronomiya bölməsində İtaliyanın Parma, Alba şəhərləri, Ekvadorun Portoviejo şəhəri, Boliviyanın Koçabamba şəhəri, Türkiyənin Qaziantep, Hatay şəhərləri diqqətimizi çəkir. Bu bölgələr qədim dövrlərdən bəri mədəni kimliyinin əsasını təşkil edən uzun qastronomik tarixləri ilə məşhurdur.

 

Siyahıda “ədəbiyyat” tematikası üzrə Avstraliyanın Melburn şəhərinin olması da maraq doğurur. 3,5 milyon əhalisi olan şəhəri adətən Avstraliyanın mədəniyyət və idman paytaxtı adlandırırlar. Dünya Səhiyyə Təşkilatı Melburn şəhərini yaşamaqoxumaq üçün ən təhlükəsiz və rahat yer kimi qiymətləndirib. Həmçinin siyahıda Polşanın Krakov şəhəri, Ukraynanın Lvov, Rusiyanın Ulyanovsk, İtaliyanın Milan  kimi şəhərlərinin adına rast gəlirik.

 

Türkiyənin Kütahya, İtaliyanın Fabriano, İranın İsfahan, Rusiyanın Karqopol (Arxangelsk vilayəti) əl işləri və xalq sənəti, İspaniyanın Sevilya, Britaniyanın  Liverpul, Qazaxıstanın Almatı, Türkiyənin Kirşehir,  Gürcüstanın Batumi şəhərləri musiqi tematikası üzrə şəbəkənin üzvləridir.

 

Dizayn sahəsi üzrə Bakı ilə bir sırada Berlin, Braziliya, Budapeşt kimi şəhərlər var. Rəqəmsal incəsənət (media-art) üzrə Seneqalın paytaxtı Dakar, Fransanın Lion şəhəri, İsrailin Tel-Əviv, film sənayesi üzrə Hindistanın Mumbay, Bosniya və Herseqovinanın  Sarayevo, İtaliyanın Roma və digər şəhərləri qeyd  edə bilərik.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.8.