Batalist rəssamın sərgisinin açılması nəzərdə tutulur

 

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış batalist rəssam, AMEA Tarix İnstitutunun əməkdaşı Cəmaləddin Dərbəndli (İsmayılov) ilə görüşüb.

Q.Paşayeva qanlı savaşların, döyüş səhnələrinin olduğu kimi təsvirini tələb edən batal janrının ölkəmizdə inkişafında özünəxas xidmətləri olan rəssamı yeni yaradıcılıq uğurları münasibətilə təbrik edib, uğurlar diləyib.

Bildirib ki, C.Dərbəndlinin xalq qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin döyüş zəfərlərini sənətin bənzərsiz gücü ilə tərənnüm etməsi sənətsevərlərə yaxşı bəllidir. Vaxtilə batal janrı Azərbaycan rəssamlığında özünəməxsus yer tutub. Bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini sənətkarlıqla təsvir edib. Çağdaş rəssamlar bu janra o qədər də çox müraciət etməyib.

C.Dərbəndlinin Təhsil Nazirliyində baş rəssam kimi çalışdığını, dərslik və bədii kitabların tərtibatı ilə peşəkarlıqla məşğul olduğunu diqqətə çatdıran Q.Paşayeva onun Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə dünya ədəbiyyatının latın qrafikalı əlifba ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Milli Ensiklopediyasının tərtibatında, eləcə də Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox layihələrdə yaxından iştirak etdiyini vurğulayıb: “Bugünkü görüşümüz sizin möhtəşəm “Şuşa Zəfəri” və “Malazgirt” əsərlərinizlə bağlıdır. Biz təklif edirik ki, bu əsərləriniz daxil olmaqla sizin tematik sərginizi təşkil edək, sənət ictimaiyyətimiz sizin əsərlərlə daha yaxından tanış ola bilsin”.

C.Dərbəndli görüş və sərgi təklifi üçün komitə sədrinə təşəkkür edib.

 

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.5.