Xalqları birləşdirən mədəniyyət

 

Xəbər verdiyimiz kimi, 22-25 sentyabr tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Dünya Xalqlarının Eposlar Festivalı keçirilib. 6-cı dəfə təşkil olunan festival  Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü və qırğız şairi, akın və dastançı Toqolok Moldonun 160 illiyinə həsr olunub.

 

Əsası 2006-cı ildə qoyulmuş festivalın məqsədi xalqların mədəni müxtəlifliyini və irsini qorumaq, epik irsi qlobal səviyyədə təbliğ etmək, dünya xalqlarının epik irsinin öyrənilməsi, tədqiqi və təşviqi ilə məşğul olan alim və tədqiqatçıları bir araya gətirməkdir.

 

Festival çərçivəsində “Dünya mədəniyyətində “Manas” dastanı” adlı dəyirmi masa keçirilib. Qırğız xalqının ən əhəmiyyətli dastan nümunəsi olanManas” haqqında, onun qırğız mədəniyyətində rolu¸ tərcümələrinin vəziyyəti  bərədə məruzələr dinlənilib.

 

Həmçinin 20 ölkədən 38 alimin iştirakı ilə “Dünya xalqlarının epik ənənələri: mifoloji semantikanın və tipologiyanın öyrənilməsi aspektləri” adlı beynəlxalq elmi-praktik simpozium təşkil edilib.

 

Simpoziumda Azərbaycandan olan nümayəndə,  Turanİstedadlar Birliyi İdarə heyətinin sədri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə “Yaponiyanın qədim xalqlarının etnomiflərinin genezisindəki türk faktorumövzusunda məruzə ilə çıxış edib. Məruzə simpozium iştırakçıları tərəfindən maraqla qarşılanıb. Ə.Babazadə məruzəsində türkologiya və yaponşünaslıq sahəsində araşdırmalarından bəhs edərək simpozium iştirakçılarının diqqətini kiçik xalqların mənəvi-mədəni irsinin qorunması və hərtərəfli öyrənilməsinin vacibliyinə yönəldib.

 

Məruzəçi tədbiri işıqlandıran yerli mediaya müsahibəsində artıq Qırğızıstanın bredinə çevrilmiş Dünya Xalqlarının Eposlar Festivalının əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə geniş bir platformada müzakirə olunan epik irs, dünya xalqlarının dastanları və digər dəyərlər bir çox humanitar problemlərin aradan qaldırılmasına kömək edə bilər.

 

Simpoziumun son günündə Azərbaycan nümayəndəsi epik irsin qorunması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı yerlərdə aralıq dəyirmi masaların keçirilməsi təklifini irəli sürübbu müddəa iştirakçılar tərəfindən dəstəklənərək simpoziumun yekun qətnaməsinə salınıb.

 

Festivalın “Mədəni müxtəliflik paradı” adlı tədbirində iştirakçılar boğaz oxumağı, xalq nağıllarını dinləyib, Şərq xalqlarının milli mətbəxindən nümunələrlə tanış olublar. Eyni zamanda “Qırğız köçüetnoqrafik kəndində dizaynerlər arasında müsabiqələr keçirilib.

 

Bişkek yaxınlığında salınmış etnoşəhərciklərin birində isə festival qonaqlarının adına təşkil olunmuş təntənəli şam yeməyi zamanı hər nümayəndə öz ölkəsinin musiqi kompozisiyasını təqdim edib. Ə.Babazadə görkəmli bəstəkarımız C.Cahangirovun Molla Pənah Vaqifin sözlərinə bəstələdiyi “Durnalar” mahnısını akapella şəklində ifa edib.

 

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.7.