Tanınmış filosof alim Zümrüd Quluzadə vəfat edib

 

 

Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə sentyabrın 26-da, ömrünün 90-cı ilində vəfat edib.

 

Zümrüd Əliqulu qızı Quluzadə 1932-ci il martın 17-də Bakıda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1959-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 1960-cı ildən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsində çalışıb, uzun illər şöbənin müdiri olub. 1969-cu ildə “Hürufilikonun Azərbaycanda nümayəndələri” mövzusunda doktorluq işini müdafiə edib.

 

Zümrüd Quluzadə İslam fəlsəfəsi, xüsusən də hürufilik cərəyanının fəlsəfi mahiyyətinin araşdırılması və ümumilikdə Azərbaycan fəlsəfə tarixinin tədqiqinə böyük töhfələr verib. O, Nizami, Nəimi, Nəsimi, Füzuli kimi mütəfəkkirlərin dərin fəlsəfi görüşlərini ilk tədqiq edən alimlərdəndir. 1996-cı ildən özünün təşəbbüsü ilə yaradılmış “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnalının baş redaktoru olub. 2010-cu ildə onun təşəbbüsü ilə yaradılan www.journalorientalphilosophy.org internet saytı Şərq fəlsəfəsinə tədqiqatlarla bağlı zəngin elektron resursdur.

 

Zümrüd Quluzadənin elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Alim 2015-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.6.