“Xatirə Kitabı: 44 güntarixi Zəfər”

 

Milli Kitabxanada təqdimat mərasimi

 

 

 

Sentyabrın 29-da Milli Kitabxanada Respublika Xatirə Kitabı Redaksiyasının yeni nəşri –“Xatirə Kitabı: 44 güntarixi Zəfər” kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, heç bir zəfər, azadlıq qurbansız başa gəlmir. 44 günlük Vətən savaşımızda çoxlu şəhidlər verdik: “Tarixi torpaqlarımız onların canı, qanı bahasına erməni işğalından azad olunub. Nə qədər ki, Azərbaycan dövləti, xalqı var, biz onları heç vaxt unutmayacağıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə Azərbaycanın necə mərd, döyüşkən xalq olduğunu dünyaya bir daha sübut etdi”.

 

Direktor onu da qeyd edib ki, Vətən müharibəsində böyük Zəfərin ildönümü ərəfəsində “Xatirə Kitabı: 44 güntarixi Zəfər” kitabının nəşri təqdirəlayiq addımdır. O, vurğulayıb ki, Respublika Xatirə Kitabı Redaksiyasının yaradılması bilavasitə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə bağlıdır. Onun qərarı ilə yaradılmış redaksiya indiyədək çoxsaylı nəşrləri ictimaiyyətə çatdırıb. K.Tahirov bu kitabın nəşrə hazırlanmasında zəhməti olan bütün əməkdaşlara təşəkkürünü bildirib.

 

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova deyib ki, xalqımız 27 sentyabrda tarixi bir gün yaşadı. 44 günlük müharibə zamanı öz canını qurban verən şəhidlərimizin Anım Gününü qeyd etdik. Bildirib ki, Respublika Xatirə Kitabı Redaksiyası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İkinci Dünya müharibəsində, hərbi münaqişələrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılıb: “II Qarabağ müharibəsi şəhidlərimizin adını daim yaşatmaq məqsədilə bu kitabı hazırladıq. Kitab üç cilddə nəzərdə tutulub. İşıq üzü görən birinci cildə 1200-ə yaxın şəhidimiz haqqında məlumatlar daxil edilib”.

 

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.3.