Vətən müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş

 

Oktyabrın 4-də Bakı İdman Sarayında davam edən Milli Kitab Satış-Sərgisi çərçivəsində 44 günlük Vətən müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.

 

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Vətən müharibəsində 30-dək jurnalist hərbçi olaraq döyüşüb. “Onlar qələmlərini silahla əvəzləyərək Vətənin çağırışına səs vermiş həmkarlarımızdır. Mətbuat Şurası müharibə müddətində onların valideynləri, ailə üzvləri ilə daim təmasda oldu. Biz gördük ki, onlar öz övladları ilə necə fəxr edirlər. Əlbəttə, hər birimiz fəxr və qürur hissi keçirirdik”, - deyən Ə.Amaşov vurğulayıb ki, Vətən müharibəsinin ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş, eləcə də müharibəni işıqlandırmış jurnalistlərlə bağlı tədbirlər nəzərdə tutulub. O, həmçinin media təmsilçilərinin xatirələrinin yer aldığı kitabın nəşrinin planlaşdırıldığını diqqətə çatdırıb və jurnalistlərdən cəbhə xatirələrini qələmə alaraq şuraya göndərməyi xahiş edib.

 

Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu Mətbuat Şurasının irəli sürdüyü təşəbbüsə dəstək olaraq həmin kitabın nəşrini həyata keçirəcəklərini deyib.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov çıxışında Vətən müharibəsinin informasiya savaşı mərhələsindən, jurnalistlərin göstərdikləri fədakarlıqdan söz açıb.

 

Ə.Amaşov Müdafiə Nazirliyinin Mətbuat xidmətinin 44 günlük müharibə zamanı operativ çalışdığını vurğulayaraq, xidmətin MŞ tərəfindən xüsusi diplomla təltif edildiyini vurğulayıb və diplomu A.Eyvazova təqdim edib.

 

Vətən müharibəsinin iştirakçısı olmuş jurnalistlərdən – Pərviz Aslanov, Məğrur Əliyev, Fərid Teymurxanlı, Nurlan Əliməmmədov, Nahid Salayev, Mahal Məmmədov və digərləri çıxışlarında döyüş xatirələrini bölüşərək bildiriblər ki, torpaqlarımızın azadlığı uğrunda savaşın iştirakçısı olmaq onlar üçün böyük qürurdur. Görüşdə müharibədə iştirak etmiş bir qrup jurnalistə Mətbuat Şurasının təsis etdiyi “Qələmdən süngüyə” mükafatı təqdim olunub.

 

Mədəniyyət.- 2021.-  6 oktyabr.- S.4.