Zəfər soraqlı “İgidlərin sözü” təqdim olundu

 

VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 6-da Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin yeni nəşri – “İgidlərin sözü” antologiyasının təqdimatı oldu. Tədbirdə mədəniyyət naziri Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli və başqaları iştirak edirdi.

 

Tədbir muğam üçlüyünün ifasında “Qarabağ şikəstəsi” ilə başladı. Daha sonra layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək antologiya haqqında söz açdı. Bildirdi ki, onlar həm də sözümüzün igidləridir:Bu igidlərin hər biri 30 ildən sonra həsrətində olduğumuz Zəfəri bizə bəxş etdilər. Onlar bizim əyilmiş qəddimizi dikəltdilər. Onlar ata-babalarımızın, körpə və qocalarımızın nahaq tökülən qanlarının qisasını aldılar. Bu igidlər ruhumuzdakı, könlümüzdəki uzun bir həsrətə son qoydular.

 

Vətəni xilas etmək üçün igid oğullarımız Ali Baş Komandanın rəhbərliyində yenilməz ruhu, döyüş rəşadəti ilə uzun illərdir düşmən tapdağında viran qalan torpaqlarımızı özümüzə qaytardı”.

 

Nigar Həsənzadə qeyd etdi ki, ötən ilin payızında işğal altındakı torpaqarımızın azadlığı uğrunda müqəddəs savaşa başladıq. Dünyaya sübut etdik ki, Yer üzündə silahdan da güclü olan qüdrətli döyüşçü ruhu vardır ki, qidasını torpaqdan alır. Bu ən ülvi eşqdir, məhəbbətdir. Torpaq onu sevəni darda qoymur. Söz” ədəbi layihəsi olaraq Mədəniyyət Nazirliyi ilə birlikdə Vətən uğrunda canından, qanından keçən Vətən oğullarının bütün dünyaya səs salan bu Zəfərini yaşatmaq üçün gözəl bir layihəyə başladıq. İstədik ki, sarsılmaz ruhları, güclü qolları və iradələri ilə Vətəni azad edən igidlərimizi həm də yaradıcılıq rakursundan tanıdaq. Onların arasında həm də yaradıcı, sözə-şeirə könül vermiş qəhrəmanlarımız var.

 

Bu antologiya vasitəsilə o qəhrəmanların döyüşdən əvvəl, müharibə vaxtı, döyüşdən sonra qələmə aldıqları şeir, esse və hekayələrilə oxucuları tanış etmək istədik”, - deyə layihə rəhbəri bildirdi.

 

Qeyd olundu ki, “İgidlərin sözü” antologiyasında yer alan bədii nümunələrdə döyüş meydanında qəhrəmanlıq göstərərək şəhidliyə ucalan, qazi olan Vətən oğullarının ürək döyüntüləri, qəlb çırpıntıları var. Kitabı oxuyan hər kəs bu sətirlərin arasında Qarabağ müharibəsinin özünü görəcək, igidlərin müharibədə, cəbhədə keçirdikləri hisslərlə tanış olacaq.

 

Sonra kitabın redaktoru Aida Eyvazlı Göytürk çıxış edərək nəşrdə toplanan əsərlər haqqında söz açdı. Əməkdar artist Münəvvər Əliyevanın ifasında antologiyadakı şeirlərdən nümunələr səsləndirildi.

 

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Alparslan Oğuz, Vüsal Hətəmov, Nicat Ağayev, Emin Piri, Cavid Qasımov, Həsən KürElvin İntiqamoğlunun çıxışları və öz şeirlərini səsləndirmələri böyük maraqla qarşılandı.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.2.