Sərgi yeni əlaqələrə və uğurlara imkan yaradır

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi nəşriyyatların yeni əməkdaşlıq əlaqələri qurması üçün də yaxşı fürsətdir. Biz də sərgi məkanına baş çəkdik, nümayiş olunan nəşr nümunələri ilə tanış olduq, bir neçə iştirakçının fikirlərini öyrəndik.

 

3 saylı “Bakı mətbəəsi” ASC-nin direktoru Şəddad Cəfərov:

 

Kitab mədəniyyət daşıyıcısıdır. Biz nəşriyyat işçiləri yaxşı bilirik ki, istehsal etdiyimiz məhsul millətin inkişafına, ictimai şüurun düzgün formalaşmasına xidmət edir. Ona görə də bu cür sərgilərin keçirilməsi bizi kitab çapı ilə bağlı dünyada gedən yeniliklərlə tanış edir. Eyni zamanda yeni-yeni mətbəə avadanlıqları, boyalar, kağızlar, bir sözlə, kitab çapı üçün sənaye sahəsində yeniliklərlə bağlı mübadilə aparırıq.

Beynəlxalq sərgidə çap məhsullarının nümayişi və satışı üçün nəşriyyatlara hər cür şərait yaradılıb. Tədbirə 350 adda kitabla qatılmışıq. Onlardan Musa Bağırovun “Sərkərdənin taleyi”, Əlirza Xələflinin “Böyük portretin işığı”, Xalq yazıçısı Sabir Rüstəmxanlının “Milli taleyimizbiz” və başqa kitabları qeyd edə bilərəm.

 

Bu tədbir həm də ölkəmizdə kitab nəşri, kitab mədəniyyətinin inkişaf etdiyini göstərir. Bütün bunlara baxmayaraq, kitabı həyatımızın ayrılmaz hissəsinə çevirmək üçün hələ çox çalışmalıyıq. Birki, qonaqların ölkəmizdən yüksək təəssüratlarla ayrılmasına diqqət yönəltməliyik. Mədəniyyətimiz, qonaqpərvərliyimiz və kitab işi sahəsində inkişafımız onların diqqətini çəkməlidir.

 

Ozan Yayıncılık” nəşriyyatının (İstanbul) direktoru Mustafa Demir:

 

– Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə sərgidə iştirak edirik. İlk dəfədir Bakıda oluram. 100 adda kitabla qatılmışıq. Bu sahədə çoxdan çalışıram. Nəşriyyat işçisi kimi yüksək səriştə və təcrübəmiz var. Sərgiyə çox yaxşı hazırlaşmışıq. Bilirik ki, beynəlxalq sərgi əlaqələrin daha da genişlənməsinə şərait yaradır. Azərbaycan nəşriyyatları ilə əlaqələr qurmaq üçün təşəbbüs göstərəcəyik.

 

Əminik ki, bu sərgi kitab-poliqrafiya sahəsində yeni əlaqələrə və uğurlara təkan verəcək.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.4.