“Zəfər” xalça kolleksiyasını hazırlayacaq gənclər təlimlərə başlayıb

 

Xəbər verdiyimiz kimi, “Azərxalça” ASC Vətən müharibəsinin ildönümü münasibətilə “Zəfər kolleksiyası” layihəsini həyata keçirir. İyul ayında elan olunan müsabiqənin artıq seçim mərhələsi sona çatıb.

 

Seçim mərhələsini uğurla keçən 14 gənc rəssam və dizaynerlə Bakı Kitab Mərkəzində görüş olub. Görüşdə “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, “Azərxalça”nın kreativ direktoru, layihənin kuratoru Əsmər Abdullayeva, təlimçilər iştirak ediblər. Gənc dizaynerlər layihənin kuratoru, dəvət olunmuş çıxışçılar, eləcə də təlimlərin proqramı ilə tanış olublar.

 

Emin Məmmədov seçim mərhələsini keçmiş gənclərə təlimlərdə uğurlar arzulayıb və yaradılmış şəraitdən faydalı şəkildə istifadə etməyi məsləhət görüb.

 

Gənclər üçün ilk təlim oktyabrın 5-də Milli Xalça Muzeyində baş tutub. “Azərbaycan Milli Xalça Muzeyi”nın kolleksiyasının toplanması və fəaliyyəti mövzusunda təlimlər iki mərhələdə təşkil olunub. Əvvəlcə muzeyonun kolleksiyası ilə əyani tanış olan gənclər daha sonra təlimə dəyirmi masa arxasında davam ediblər.

 

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova geniş mühazirədən sonra gəncləri maraqlandıran suallara cavab verib.

 

Xatırladaq ki, layihə çərçivəsində yerli təlimçilərlə yanaşı, professorlar Karim Mirzae, Ali Nasir kimi dünyaca məşhur xalçaçılar da gənclərlə bilik və təcrübələrini bölüşəcəklər.

 

Sonda bütün iştirakçılar öz ideyaları ilə çıxış edəcək və ərsəyə gələn kolleksiya nümunələrinin sərgisi təşkil olunacaq.

 

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Bu möhtəşəm Qələbəni “Azərxalça” gənclərlə birlikdə hazırlayacağı “Zəfər” kolleksiyası ilə tarixə ilmələrlə yazacaq.

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.4.