Hüseyn Cavidin əsərlərindən ibarət toplu ilk dəfə qırğız dilində çapdan çıxıb

 

 

Azərbaycan ədəbiyyatının klassiki, böyük humanist şair, romantik dramaturq və mütəfəkkir Hüseyn Cavidin əsərlərindən ibarət toplu ilk dəfə qırğız dilində nəşr edilib.

 

Kitaba görkəmli şairin “Xəyyam”, “Topal Teymur”, “İblis” dramları, həmçinin “Çiçək sevgisi”, “Solğun bənövşələr”, “Sevinmə, gülmə, quzum!”, “Mənim tanrım”, “Görmədim”, “Şeyx Sənan”, “Pənbə çarşaf”, “Get!”, “Qaçqın” şeirləri daxil edilib.

 

Toplu Azərbaycanın Qırğız Respublikasındakı sabiq səfiri, şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Orucovun “Şərqin Şekspiri” adlı ön sözü ilə açılır. Ön sözdə bildirilir ki, görkəmli Azərbaycan ədibinin əsərləri dünyanın bir sıra dillərinə tərcümə edilib: “Çox şadam ki, bu ölməz əsərlər böyük Manasın, eləcə də qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun dilində nəşr olundu”.

 

Ön sözdə deyilir: “Hüseyn Cavid Azərbaycan və Şərq poeziyasının dəyərlərini daha da artıran və türkçülük ideyalarını ora daxil edən görkəmli sənətkardır. Milli ədəbiyyata poetik dram və faciə janrını gətirən odur. Sözün qüdrətli sənətkarının mənəvi zənginliyi ilə seçilən əsərləri bir çox nəsillərin estetik zövqünü formalaşdırmışdır. Onun fəlsəfi lirikası ulu Tanrıya sevgi və gözəllik, yaxşılıq və pislik, işıqla qaranlıq qüvvələr arasındakı mübarizə, rəğbət, humanizm və xeyriyyəçilik kimi problemlərə, vacib və əbədi mövzulara toxunur.

 

Şairə “Şərqin Şekspiri” adı verilməsi təsadüfi deyildi. Onun bütün əsərləri dərin fəlsəfi məna daşıyır və hansı dilə tərcümə olunmasından asılı olmayaraq oxucunu biganə qoymur. Cavidin yaradıcılığı bu gün də aktuallığını qoruyub saxlayır”.

 

Tanınmış qırğız şairi Kozogeldi Kultegininfiloloq-türkoloq Kalmamat Kulamşayevin böyük zəhməti sayəsində qırğız oxucuları Azərbaycanın böyük şair-dramaturqunun yaradıcılığı, zəngin daxili dünyası və dərin fəlsəfi düşüncələri ilə daha yaxından tanış olacaqlar.

 

KitabTurar” nəşriyyatında yüksək poliqrafik səviyyədə, rəngli illüstrasiyalarla çap olunub. Qırğızıstan mediası Hüseyn Cavidin seçilmiş əsərlərinin qırğız dilində nəşrini geniş işıqlandırıb.

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.5.